Çantada gömrük nəzarətinə təqdim olunmayan zərgərlik məmulatı aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Rusiya Federasiyası vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən vətəndaşın əl yükünə təkrar yoxlama keçirilib.
Nəticədə, çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan külli miqdarda gümüş zinət əşyaları aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlərin ümumi çəkisi 14 kq 191,02 qr olan 925 əyarlı gümüş xəlitəsindən hazırlanmış zərgərlik məmulatıdır.
Faktla bağlı araşdırma aparılır.