18 Yanvar 2018 10:48
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 30 AC 392 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 20 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb.

Sürücü ağır bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya çatdırılıb.

Qəza zamanı yol təsərrüfatına da ciddi ziyan dəyib. Yol kənarında olan əyri-xətli dəmir tirlər sıradan çıxıb, yolun çiyin hissəsində olan tökmə beton dağılıb.

Qeyd edək ki, ağır tonajlı yük maşını sement daşıyıırmış. Qəza nəticəsində aşan yük maşınından sement və yanacaq çənində olan dizel ətrafa dağılıb. Baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq məqsədi ilə hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və yola dağılmış dizel yanacağı təzyiqli su ilə yuyulub.

Xoşbəxtlikdən qəza zamanı yük maşınının aşdığı hissədə başqa avtomobillər olmayıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər