Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri Əbdüləziz bin Səud bin Naif bin Əbdüləzizin dəvəti ilə bu ölkədə ikigünlük səfərdə olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, fevralın 19-da Azərbaycan nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri arasında görüş keçirilib.
Görüşdə Əbdüləziz bin Səud bin Naif bin Əbdüləziz dəvətini qəbul edib səfərə gəldiyinə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirərək, ölkələrimiz arasında son illər bütün sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.
Nazir Ramil Usubov rəsmi dəvətə və yüksək qonaqpərvərliyə görə təşəkkür edib, bu səfərin nazirliklər arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Qədim tarixə və mədəniyyətə malik xalqlarımızın ənənəvi dostluq münasibətlərinə toxunan Ramil Usubov bu əlaqələrin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs Ocağın Xadimi Salman bin Əbdüləziz Al Səudun siyasi iradəsi sayəsində dinamik inkişaf etdiyini məmnunluqla diqqətə çatdırıb.
Görüşdə dövlətlərarası müqavilə-hüquqi bazasının təkmilləşdirilməsi çərçivəsində iki ölkənin Daxili İşlər nazirlikləri arasında işbirliyinin, cinayətkarlıqla mübarizədə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan hökumətlərarası protokol imzalanıb.
Səmimi və işgüzar şəraitdə keçən görüşdə təhlükəsizlik sahəsində əməkdaşlığın mövcud vəziyyəti, prioritet istiqamətləri barədə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Səfərin ikinci günündə Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs Ocağın Xadimi Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində uğurla inkişaf etdiyini bildirən Kral Salman bin Əbdüləziz Al Səud beynəlxalq arenada ölkəsinin Azərbaycanı tam dəstəklədiyini vurğulayıb. Səudiyyə Ərəbistanı Kralı İslam ölkələri arasında həmrəyliyin bərqərar olunmasında daim böyük səylər göstərən dostu və qardaşı Prezident İlham Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib.
Yüksək diqqətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Ramil Usubov keçirdiyi görüşlər, aparılan danışıqlar barədə Səudiyyə Ərəbistanı Kralına məlumat verib. Daxili işlər naziri bu səfərin ölkələrimiz arasında möhkəm təməllərə söykənən əlaqələrin dərinləşməsinə, xalqlarımızın və dövlətlərimizin mənafeyinə xidmət etdiyini bildirib.
Qəbulda və görüşlərdə ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev də iştirak edib.