24 Fevral 2018 22:39
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Türkiyənin İstanbul şəhərində Xocalıya Ədalət Həftəsinə start verilib.

“İslahatçı Gənclər” İctimai Birliyinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına qoşularaq təşkil etdiyi həftəlik çərçivəsində ilk anma konfransı dövlət rəsmilərinin, deputatların, media və QHT rəhbərlərinin iştirakı ilə İstanbul Yeni Yüzyıl Universitetində keçirilib.

İctimai Birlikdən Teleqraf.com-a bildiriblər ki, konfrans Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Konfransı açan "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Xocalı soyqırımının XX əsrdə baş verən dəhşətli insanlıq cinayəti olduğunu qeyd edib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı dəstələri 366-cı motoatıcı alayın köməyi ilə 63-ü uşaq olmaqla, 613 nəfəri qanına qəltan edib. Hadisələrin üstündən 26 il keçməsinə baxmayaraq, Xocalıda əli günahsız insanların qanına batan şəxslər, xüsusilə də Ermənistanın indiki prezidenti Serj Sarkisyan hüquq qarşısında cavab verməyib və dünya buna hələ də göz yumur.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımı dəhşətlərinin dünyaya çatdırılması istiqamətində mühüm işlər görülür. İstanbulda universitetlərdə keçirilən bu tədbirlərin əsas məqsədi Xocalıda yaşanan dəhşəti qardaş ölkə ictimaiyyətinin diqqət mərkəzinə gətirmək, türk gəncliyini Türk dünyasının ortaq kədəri olan bu qətliam haqqında məlumatlandırmaqdır.

Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay çıxış edərək bildirib ki, Xocalı qətliamı yalnız azərbaycanlıları deyil, bütün dünyanı narahat etməli olan faciədir. Nazir müavini deyib: “Bu hadisə türklüyə qarşı edilən soyqırımıdır. Bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib. Xocalıda qətliam törədən ermənilər dərhal Azərbaycan torpaqlarını boşaltmalıdırlar. Biz iki ayrı dövlət olsaq da, bir millətik. Türkiyə hər zaman Azərbaycanın haqq işinin yanındadır. Xocalıda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir diləyirik”.

Sonra çıxış edən Yeni Yüzyıl Universitetinin rektoru Yaşar Hacısalihoğlu, Şimali Kipr Türk Respublikasının vitse-spikeri Zorlu Töre, Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından olan deputatı Suat Önal, Makedoniya parlamentinin deputatı Enes İbrahim, Türkiyə Elm və Texnika Dərnəyinin sədri İsmayıl Haqqı Şənər və başqaları Xocalı soyqırımını törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verməsi üçün səylərin daha da artırılmasının zəruriliyinə diqqət çəkiblər.

Hazırda erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu çıxış edərək, atasının girovluqdan azad olunması naminə Azərbaycan dövlətinin atdığı addımlar haqqında məlumat verib. O, eyni zamanda, atasının azad olunması işində qardaş ölkə Türkiyədən də dəstək gözlədiklərini vurğulayıb.

Anım tədbirində Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımova və rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələri Xocalıda yaşanan dəhşətləri, eyni zamanda, gəncliyimizin mübarizə əzmini əks etdirən kompozisiya ilə çıxış ediblər.

Qeyd edək ki, İstanbul şəhərində Xocalıya Ədalət Həftəsinə "Palmali" Şirkət Qrupu və "AAF Holdinq" şirkətləri təşkilatı dəstək verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər