28 Fevral 2018 18:16
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayon, Maştağa qəsəbəsindəki 22 nömrəli tam orta məktəbdən döyülən şagirdlə bağlı məsələyə münasibət bildirib.

İdarədən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, məktəbin IX sinif şagirdinin davranışı ilə bağlı müvafiq problemlər müşahidə olunmaqdadır: “Şagird məktəbdaxili nizam-intizam qaydalarına əməl etmədiyi, dərsləri müntəzəm pozduğu, müəllimlərə və sinif yoldaşlarına qarşı kobud davrandığı və məktəbli geyimi formasına riayət etmədiyi üçün rəhbərlik tərəfindən dəfələrlə tənbeh olunub. Şagirdin digər şagirdlərə qarşı zorakılıq hərəkətlərinə və məktəbin inventarını-ehtiyat qapısını yararsız hala saldığına görə Sabunçu rayon Polis İdarəsinin 14-cü bölməsinin Yeniyetmələrlə iş şöbəsinə də şifahi müraciət olunub. İnspektor məktəbdə valideyn ilə söhbət aparan zaman valideyn övladının psixoloji durumunda problem olduğunu bildirib”.

İdarədən qeyd edilib ki, məktəb rəhbərliyi və müəllimlər tərəfindən həm şagird, həm də valideynlə dəfələrlə söhbət aparılmasına baxmayaraq, məsələ öz həllini tapmayıb: “Həmin şagird coğrafiya dərsi zamanı mobil telefonda musiqi səsləndirərək müəllimin intizam tələblərinə də əməl etməyib. Bu barədə valideynə məlumat verilsə də, valideyn məktəbə gəlib övladına qarşı tərbiyəvi tədbirlər həyata keçirmək əvəzinə yanlış məlumatlar yayır. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Problemin həllində məktəblilərin psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır. KİV nümayəndələrindən azyaşlıların mənafeyinin qorunması baxımından məsələnin həssaslığını nəzərə almaları xahiş olunur”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər