16 Mart 2018 01:27
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 15-də VI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Çoxluqlar azlıqlara qarşı” mövzusunda üçüncü panel iclasında separatçı siyasətin məqsəd və nəticələri, etnik rəqabət, əraziyə yönəlmiş hakimiyyət siyasəti, səmərəli və müasir idarəetmə qaydalarına meydan oxuyan şiddətli güc mübadiləsi, qlobal siyasətdə hərtərəfli və ədalətli idarəetmə yolları, beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunmaq üçün hansı dərslər öyrənilməlidir kimi mövzularda müzakirələr aparılıb.

Diasporla İş Üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata əsasən, iclasın moderatoru Latviyanın sabiq Prezidenti Valdis Zatlers bildirib ki, etimadsızlıq, müharibələr, münaqişələr, miqrant, qaçqın problemlərinin, ümumiyyətlə, dünyanı narahat edən məsələlərin həlli hazırkı dövrdə çox vacibdir. Bu məsələlərin həlli vasitələri daha geniş miqyasda müzakirə olunmalı, yollar tapılmalıdır. Biz öhdəmizə düşən hər bir məsələyə münasibət bildirməli, səylərimizi gücləndirməliyik.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç qeyd edib ki, müzakirə olunan mövzular düşündürücüdür və bu problemlərin həlli bizdən daha çox səy göstərməyi tələb edir. Dünyada baş verən müharibələr, münaqişələr ciddi problemlər yaradır, insanlar həyatlarını itirirlər, yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalırlar. Bu cür mənfi halların olmaması üçün birgə addımlar atmalıyıq. Müəyyən prinsiplər tətbiq olunmalıdır, ortaq məxrəcə gəlinməlidir, liderlər kompromisə getməyi bacarmalıdırlar. Güzəştə getməmək dünyada qarışıqlıq yaradır. Problemləri birgə həll etməyi bacarmalıyıq.

Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyev münaqişələrdən danışarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunub. O qeyd edib ki, Azərbaycanın tam hüququ var ki, ölkəsinin ərazisinin 100 faizinə nəzarət etsin, amma təəssüflər olsun ki, hazırda yalnız 80 faizinə nəzarət edə bilir. Buna bütün dünya diqqət yetirməli, münasibət bildirməlidir. BMT və digər beynəlxalq təşkilatlar iradə nümayiş etdirməlidirlər. Əsas məsələ dayanıqlı sülh yaratmaqdır. Bunun üçünsə birgə səy göstərmək lazımdır. Bir sıra ölkələrdə müsəlmanlara qarşı ayrı-seçkilik var. Bu, düzgün deyil. Müsəlmanlara qarşı münasibət dəyişməlidir. Mən çox sevinirəm ki, prezident olduğum müddətdə iftar süfrəsi açmışam. Real vəziyyət odur ki, sülh yaratmaq bizim özümüzdən asılıdır.

Rasizmə Qarşı Avropa Şəhərləri Koalisiyasının prezidenti Benedetto Zakkirol deyib ki, dövlət rəhbərləri ümumi strategiyanı nəzərə alaraq siyasət yürüdürlər. Onlar qlobal məsələlərə münasibət bildirməlidirlər. Biz bütün səylərimizi müsbət istiqamətə cəmləşdirməliyik. Miqrasiya axınlarına qarşı vacib addımlar atılmalıdır, insanların həyat şəraitləri yaxşılaşdırılmalı, onlara kömək göstərilməlidir.

Sloveniya Respublikasının keçmiş Prezidenti Danilo Türk dünyada sülhün təmin edilməsinin önəmini qeyd edib. O deyib: “Bəşəriyyət elə bir platforma yaratmalıdır ki, bütün münaqişələr həllini tapsın, sülhə nail olunsun. Bunun üçün vacib qərarlar qəbul olunmalıdır”.

Belçika Krallığının keçmiş Baş naziri Yves Leterme qeyd edib ki, o, özü İsveçdən olan immiqrantdır. Buna baxmayaraq, Belçikada yüksək vəzifədə işləyib. Belçikanın təcrübəsindən danışan natiq vurğulayıb ki, bu ölkədə milli azlıqların hüquqları ilə bağlı əsas prinsiplərdən – ədalətli bölgü, qərarların qəbul edilməsində iştirakın təmin olunması kimi prinsiplərdən istifadə edilir.

Gürcüstanın Baş nazirinin keçmiş müavini Eka Tkeşelaşvili ölkəsində həyata keçirilən siyasi islahatlar barədə məlumat verib. O qeyd edib ki, Gürcüstanda bərabərhüquqluluq prinsipi, insan hüquqlarının qorunması məsələləri hər zaman diqqətdə saxlanılır.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov panel iclasında “Millətlərin öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsipləri: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları beynəlxalq hüquq kontekstində” mövzusunda məruzə ilə çıxış edərək deyib ki, hazırda dünyada etnik separatizmin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən əsas amillərdəndir. Azərbaycan Respublikası da iki yüz ildən çoxdur ki, ermənilərin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalaraq onun doğurduğu qanlı faciələrdən və müharibədən əziyyət çəkir. Azərbaycana qarşı etnik soyqırımı siyasətinin bünövrəsi XIX əsrin əvvəllərində bəzi xarici geosiyasi qüvvələrin təsiri və dəstəyi ilə başqa dövlətlərin ərazisində yaşayan ermənilərin Azərbaycana köçürülməsi nəticəsində qoyulub.

Ermənilərin azərbaycanlılara qarşı zaman-zaman genişmiqyaslı qanlı aksiyalar həyata keçirdiyini, dinc əhalini kütləvi qırğınlara məruz qoyduğunu vurğulayan Əli Həsənov xatırladıb ki, indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bununla kifayətlənməyən ermənilər Azərbaycanın qədim yaşayış məskəni olan Dağlıq Qarabağla bağlı ərazi iddiaları irəli sürməkdə davam edirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Xocalı soyqırımının qanlı nəticələri barədə məlumat verən Prezidentin köməkçisi deyib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayır.

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə və 7 bəyanat qəbul etdiyini diqqətə çatdıran Ə.Həsənov deyib ki, bu sənədlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğalı olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələbi qoyulub. Lakin işğalçı dövlət BMT-nin və digər beynəlxalq qurumların tələblərini hələ də yerinə yetirmir. Ona görə ki, BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiqləsələr də, bu halı birmənalı formada pisləməkdən və beynəlxalq təsir mexanizmləri vasitəsilə işğalçı dövləti onların tələblərini yerinə yetirməyə məcbur etməkdən çəkinirlər. Bu isə münaqişənin uzanmasına səbəb olur.

Əli Həsənov diqqətə çatdırıb ki, beynəlxalq hüquq baxımından milli azlıqların öz müqəddəratlarını təyin etməsi başqa dövlətlərin ərazi bütövlüyünü pozmaq və müstəqillik almaq formasında reallaşa bilməz. Çünki müstəqil dövlətin ərazisində neçə-neçə milli azlıqlar yaşayır və onlar belə bir hüquqa malik deyillər. Xalqların öz müqəddəratını təyinetmə ideyası beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini pozmağı və bu prinsiplə ziddiyyət təşkil etməyi inkar edir. Digər tərəfdən hər bir xalqa öz müqəddəratını istədiyi qədər təyinetmə hüququ verilərsə, müasir dünyada etnik separatizm qarşısıalınmaz prosesə çevrilər və əksər ölkələrdə saysız-hesabsız etnik münaqişələr, müharibələr baş verər. Hətta bu gün ikili standartlar siyasəti aparan polietnik dövlətlərin özləri belə dəhşətli etnik separatizm dalğasına məruz qala bilər.

Bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Ermənilərin etnik separatizmə bəraət qazandırmaları üçün öz müqəddəratını təyinetmə prinsipini bəhanə gətirməsi BMT-nin Nizamnaməsində və ATƏT-in Helsinki Yekun Aktında əksini tapmış prinsiplərə ziddir. Nəzərə alınmalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər ölkəmizdəki milli azlıqlardan biridir və onların ərazi iddiaları irəli sürməsi beynəlxalq hüququn normalarına uyğun deyil. Bu məsələdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə həmin ərazidə yaşamalıdırlar.

Prezidentin köməkçisi çıxışının sonunda deyib: “Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, təsirli tədbirlər görməyə və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası getdikcə daha da genişlənəcəkdir. Bu da bəşəriyyətin arzu etdiyi dinc dünya nizamı üçün son dərəcə təhlükəli olacaqdır”.

Livanın keçmiş Prezidenti Petru Luçinksi etnik qrupların hüquqlarından danışıb. O bildirib ki, ölkəsində yeddi etnik qrup var. Sabiq Prezident Azərbaycanın əldə etdiyi uğurlardan danışaraq deyib ki, bu ölkədəki prosesləri diqqətlə izləyir. O, bu gün Azərbaycanın çox şeyə nail olduğunu vurğulayıb.

İsrailin keçmiş Prezidenti Dalia İtzik mövzu ilə bağlı fikirlərini bildirib, müsbət təcrübələrin bölüşdürülməsinin faydalı ola biləcəyini söyləyib. O, bu baxımdan Qlobal Bakı Forumu kimi tədbirlərin keçirilməsinin çox əhəmiyyətli olduğunu vurğulayıb.

Forum bu gün işini davam etdirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər