Bu illər ərzində Azərbaycan intellektual məhsulun ixracatçısına çevrilib. “ASAN xidmət” artıq başqa ölkələrdə tətbiq olunur, bizim təcrübəmiz öyrənilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab idi. Bu, sosial layihədir. Çünki bu layihə insanlara xidmət göstərir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.
Prezident bildirib ki, on üç “ASAN xidmət” mərkəzimiz var: “Bu ilin sonuna qədər onların sayı 15-ə, gələn ilin sonuna qədər isə 20-yə çatacaqdır. “ASAN xidmət” mərkəzlərində 20 milyondan çox müraciət qeydə alındı və bu qurumu bəyənmə əmsalı 100 faizə yaxındır.
Bu, bir daha bizim niyyətimizi, siyasətimizi göstərir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaqdır. Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görüləcək və ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçiriləcəkdir. “ASAN xidmət” onların arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk”.
Dövlət başçısı vurğulayıb ki, bu gün də Azərbaycan iqtisadiyyatı inkişaf edir: “Biz dünyada baş vermiş böhranlar zamanı da bu böhranlardan ən az itkilərlə çıxa bilmişik. Artıq bu böhranlar arxada qalıb və iqtisadi sabitlik, maliyyə sabitliyi, əlbəttə ki, həm investisiya iqliminə müsbət şərait yaradır, həm də biznes mühitini daha da yaxşılaşdırır. Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər. Belə göstərişlər verilibdir. Əminəm ki, Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə bizim islahatlarımızın müsbət təsirini görəcəklər”.
İlham Əliyev sahibkarlığın inkişafının sürətlə getdiyini də vurğulayıb: “Bu illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər hesabına və sahibkarların öz vəsaiti hesabına yüzlərlə, bəlkə də minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir. Növbəti illər ərzində, qeyd etdiyim kimi, iqtisadi sahədə islahatlar təmin ediləcək, dərinləşəcək ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf etsin və biz neft-qaz amilindən asılılığı azaldaq”.