23 Aprel 2018 22:13
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin NATO-nun Parlament Assambleyasının (NATO PA) Batumidə keçirilən “Rouz-Rout” seminarında iştirak edən deputatları aprelin 23-də geri çağırılıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Report”-a Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı məlumat verib.

Onun sözlərinə görə, buna səbəb Ermənistanda baş verən son hadisələr, xüsusilə də baş nazir Serj Sarqsyanın istefaya getməsidir: "Həmin deputatlar da Serj Sarqsyanın Respublikaçılar Partiyasını təmsil edirdilər. Ona görə də ölkədəki gərgin vəziyyəti nəzərə alan Ermənistan rəhbərliyi deputatları təcili geri çağırıb. Bu Ermənistanda vəziyyətin daha da ciddi olduğunu sübut edir”.

M.İbrahimqızı bildirib ki, NATO PA-nın 97-ci “Rouz-Rout” seminarının ikinci günü, yəni aprelin 24-də Cənubi Qafqazdakı vəziyyət, Gürcüstanda inteqrasiya prosesləri, eləcə də regionda təhlükəsizlik və mövcud problemlər diqqət mərkəzində olacaq. Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.

Qeyd edək ki, seminarda Azərbaycanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov təmsil edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər