Göyçay çayına gələn güclü sel səbəbindən şəhərin bir hissəsində yerləşən ikimərtəbəli yaşayış binaları və fərdi yaşayış evləri üçün təhlükə yaranıb.
Teleqraf.com-un xəbərinə görə, bu fikirlər iyunun 3-də Göyçay rayon İcra Hakimiyyətində keçirilən rayon fövqəladə hallar komissiyasının iclasında səsləndirilib.
Tədbirdə idarə və təşkilat rəhbərləri ötən gün Göyçay çayına gələn selin fəsadlarının aradan qaldırılması üçün görülən işlər və qarşıda duran vəzifələrdən danışıblar. Rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev məlumat verib ki, Göyçay çayının yatağı selin təsiri nəticəsində getdikcə genişlənir, su sahildəki torpağı yuyaraq uçquna səbəb olur. Nəticədə Göyçay çayının sol sahilində yerləşən ikimərtəbəli bina və fərdi yaşayış evləri üçün təhlükə yaranıb. Çaya yaxın olan 5 ailə artıq ərazidən köçürülüb, digər 45 ailəyə isə təhlükə artarsa müvəqqəti olaraq mənzillərini tərk edərək başqa yerdə yaşamaları tövsiyə olunub.
İclasda rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə aidiyyati qurumların rəhbərlərinə çay ətrafında yaşayan insanların, asma piyada körpüsündən keçən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, kəndlərin və rayon mərkəzinin rabitə, internet, təbii qaz, içməli su ilə təminatının bərpa edilməsi, şəhərdəki tullantılarının vaxtında daşınması, kəndlərlə şəhər arasındakı nəqliyyat probleminin həll edilməsi və gediş-gəlişin müvəqqəti olaraq Ucar ərazisindən təmin edilməsi, ərzaq məhsullarının çatdırılması, əkin sahələrinin və meyvə bağlarının Göyçay çayı vasitəsilə suvarılmasının bərpası ilə bağlı tapşırıqlar verib. Bütün işlərlə bağlı rayon icra hakimiyyətində yaradılan xüsusi qərargaha məlumat verilməsi tövsiyə olunub.