Bu gün qanunsuz işləyən, əməyi istismar olunan uşaqların statistikasına konkret nəzarət edən mexanizm yoxdur.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.
O bildirib ki, uşaq əməyinin istismar olunmasında əsas problem qanunsuz işləyən uşaqların statistikasını aparmağın mümkün olmamasıdır: “Komitə digər qurumlarla birgə bu istiqamətdə reydlər aparır. Əvvəlki illərlə müqayisədə azalmaların şahidi olsaq da uşaq əməyinin istismarı Komitəni narahat edir. Çünki bu problemdən əziyyət çəkən uşaqlarla bağlı rəsmi rəqəm yoxdur.
Əməyi istismar olunan uşaqlarla bağlı müəyyən mexanizmin hazırlanması təklif oluna bilər. Hər hansı bir uşaq qanunsuz işlədilirsə, bu problem onun ailəsindən irəli gəlir. Ailədə olan problem, valideyn nəzarətsizliyi nəticəsində uşaq təhsildən yayınaraq işə cəlb olunur. Bu məsələyə təkan verən qüvvə valideyn məsulətsizliyi və nəzarətsizliyidir”.
Komitə rəsmisi deyib ki, bütün əməyi istismar olunan uşaqlar azətəminatlı və ailələrində problemləri olan azyaşlılardır: “Burada uşaq təkvalideynli, yaxud aztəminatlı qrupa aid ola bilər. Uşağın təhsildən yayındığı mərhələdə müəllim, valideyn, rayon qurumları, Yerli İcra Hakimiyətinin Komisisyası bu məsələni ciddi nəzarətə götürüb onu təhsilə cəlb etməlidir. Lakin təhsildən yayınıb işləyən uşağı cəmiyyətə, normal vəziyyətə qaytarmaq çətin olur”.
Qeyd edək ki, Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis olunub və hər il iyunun 12-də qeyd edilir. Bu gününü təqvimə daxil edilməsi təşəbbüsü 1997-ci ildə Amsterdamda və Osloda keçirilən "Uşaq əməyinin ən pis formaları ilə mübarizə” və "Uşaq əməyi ilə mübarizəyə dair” mövzular üzrə keçirilən beynəlxalq konfranslarda irəli sürülüb.