22 İyun 2018 19:54
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kimsə lakeyin gözündə qəhrəman ola bilməz. Ona görə yox ki, qəhrəman Qəhrəman deyil. Ona görə ki, lakey elə lakeydi”.

Hegel

Ömrün hər hansı dövrünü yaşadıqca həmin səhifələri qatlayıb qoyursan bir qırağa. Tamam qapamaq olsaydı nə gözəl olardı. Dünənki gündən heç nəyi xatırlamazdın, heç nə ağrıtmazdı, heç nə üşütməzdi. Tam, dərin bir xoşbəxtlik duyğusu ilə sabah haqqında şirin xəyallara dalardın. Dünəni unutmusansa sabahı açmaq nə asan, nə rahat olacaq. Sabah - bütün şou proqramlara baxacam, SMS göndərəcəm... Sabah - dost-tanışdan, qohum-əqrəbadan ürəyim istədiyi qədər qeybət edəcəm.... Sabah - zəhləm gedən birisini o ki var tərifləyəcəm... Sabah...

... Alınmır. Yaddaşımı silə bilmirəm. Bəzən mənə elə gəlir ki, ömrüm bütün təfərrüatı, xırda detallarıyla yadımdadır. Bəzən də ayrı-ayrı fraqmentlər qabarır, seçilir. Unuda bilsəydim...

***

Şeir böyük romana, böyük filmə mövzu olacaq, fəlsəfi xətt olacaq hadisələri bir neçə misrada verə bilir. Şerin gücü də ondadır. Gözümü yumuram və möhtəşəmmi deyim, müdhişmi deyim bir mənzərəni fikrimdə canlandırıram.

...Nəhəng, əzəmətli insan və ətrafında qırıldayan, fısıldayan, qaynaşan həşərat yığnağı. Çoxdular, qüvvədilər. Əllərinin də sayı-hesabı yoxdu. Daş atırlar - elə-belə daş yox, közərən daşlar. Atılan daş-kəsək bu yığnağın içində tək-tənha qalmış insana yönəlib. Dəyirlər, onu yaralayırlar, yerə düşürlər. Yaralardan qan axır. Qırmızı qan qırmızı atəşə bənzəyir, alışıb-yanır. Və bu daş yağmurun altından sıyrılıb çıxan insan bizə sarı gəlir. Susub, dinməz baxanlara. İri, kədərli gözləri ilə, danışan sükutu ilə:

- Məni təzə daşa kim qonaq eylər? - deyir.

Bu tükürpərdən edam səhnəsindən diksinib ayılıram. Fikrim çox yorğundu, çox qarışıqdır. Harda olduğunu bilmədiyim o laməkan qüvvədən "niyə", "nədən" - deyə soruşmağım gəlir. Niyə göndərdiklərini qoruya bilmirsən? Niyə mərhəmət elçilərin rəhimsizlərin ayaqları altında əzilir? Nədən gözü, könülü tox olanları bu acgözlər parçalayıb yeyirlər? Nədən bu məmləkətdə ürəyi olanların çörəyi, çörəyi olanların ürəyi olmur? Cabbarlısayaq bağırmaq sayıram:

- Bacarmırsan, yaratma! Yaradırsan, yaşat!

Sonra aşağıda dayanıb qaynaşan zavallılara:

- Niyə sənə gün ağlayanları ağlar günə qoyursan, niyə daş atırsan? - demək istəyirəm ki... Yox, heç nə demirəm. İnsan övladı tapıb insan dilində danışmaq üçün susuram.

***
Bu aldım-satdım təmənna dünyasında, bu ilan-çayan, həşərat dolu səhrada hamının danışdığı, ancaq söz eşidə bilmədiyin aləmdə insanın var oluşu müşkül məsələdir. Planetə "homo-hapiens" deyilən varlığın toxumu düşəndən bu günə qədər mövcud olmuş şüurlu məxluqları insan adlandıra bilərikmi? Və bu gün yaşamaqda olan 5 milyard əhalinin nə qədərinə, neçə faizinə insan demək olar?

İnsan anlayışına tərif vermək mümkündürmü? Dilimizdə bir ifadə var - kiminsə yaxşılığını bildirmək istəyirlərsə - deyirlər, insan adamdır. Əslində, xalq dili özü fərqi göstərir - insan və adam. Yəni biz özümüz fərqinə varmadan insan və adamlarla çevrələnmişik. Din kitabları deyir ki, biz Adəm övladlarıyıq. Amma Adəmin bir oğlu Qabil öz qardaşı Habili öldürüb ilk qatil olmuşdu. İndi ətrafımızda bir qisim Qabildən, bir qisim də Habildən törəyən adamlar və insanlardırmı? Darvinin nəzəriyyəsinə inansaq, biz meymundan əmələ gəlmişik. Amma yəqin fərqli meymunlardan. Maraqlıdır, adamlar hansından, insanlar hansından? Qəliz məsələdir...

***
Mən belə fikirləşirəm ki, hər hansı bir şüurlu varlıq ağrını, əzabı dərk edib ürəyindən keçirə bilirsə, özü də bu ağrı təkcə özünün yox, yaxınlıqdakı insanların, mənsub olduğu bölgənin, elin-obanın, millətin, Vətənin, ən sonunda, bəşəriyyətin ağrısı, əzabıdırsa - onda həmin varlığın adamdan insana doğru yönələn təkamül yolu hamarlaşır, düzləşir. Amma bu yolun düzləşməsi həyat yolunun ağırlaşması deməkdir. Və çox adam da bunu bildiyindən insan olmaq fikrindən uzaq düşür. Əslində, adam yox, insan kateqoriyasına daxil olanlar zəmanəyə, dövürə işıq salırlar. Ancaq zamanın işığı onların üzərinə düşmür. Özləri üçün yox, tarix üçün, bəşəriyyət üçün yaşayanlara zamanın borcu qalır - onlar isə zamana borclu olmurlar. Deyək ki, belə insanların ən parlaq nümunəsi İsa peyğəmbərdir. Bəlkə ona qədər də belə əzabkeşlər olub. Amma görünür, Tanrı bu dəfə öz övladını ona görə Yer üzünə göndərmişdi ki, şüurlu varlıqlar əzabdan, ağrıdan keçib təmizlənməyi öyrənə bilsinlər. Başqalarının dərdləri ilə yaşaya bilsinlər. Fəlsəfədə katarsis anlayışı var - əzablardan, ağrılardan keçib təmizlənmək. İnsan kədərlənmək istəmirsə, demək gerçəkləri dərk etmək də istəmir. İnsan kədərlənə bilmirsə, demək, düşünmək də istəmir. Kədər insan qəlbini arındırır, təmizləyir. İnsan qəlbini... Tanrı onun payına kədəri bol-bol göndərmişdi.

***
Mən İnsan haqqında danışmaq istəyirəm. Bilirəm yeni söz deməyəcəyəm, yeni kəşflər eləməyəcəyəm. Elə bir insan haqqında ki həm bizdən biri idi, həm də bizə heç bənzəmirdi. O bizim görməyə alışdığımız qəliblərə sığmırdı. Dünya malında gözü olmayan, ancaq içindəki bütün sevgini dünyaya verməyə hazır, iddiasız, təmənnasız bir insan.

Şəxsən özünə yönələn bütün pislikləri, namərdlikləri unudan, qisas hissi olmayan İnsan. Mən bilirəm ki, onu fanatik sevənlər də çoxdur, sevməyənlər də var. Ancaq heç kim onun böyük insan olduğunu inkar edə bilməz. Mən hər zaman onun kədərli gözlərini və sükutunu xatırlayıram. "Azadlıq yolu" dediyi yolla addımlayanda onun arxasınca gedən insanlar və adamlar vardı - ideya, amal naminə və pul, vəzifə, şəxsi maraqlar naminə gedənlər. Kənardan kimin hansı cığırla, kimin hansı yolla getdiyi aydın görünürdü. Və yəqin ki, o özü də kimin nə üçün gəldiyini çox gözəl anlayırdı. İnsanlara olan böyük sevgisi imkan vermirdi ki, düşündüklərini onların üzünə vursun. Susurdu. Hərəkatın ilk illərində də, hakimiyyətdə olanda da, hakimiyyətdən gedəndə də çox vaxt barəsində sərhədsiz, hüdudsuz yalanlar danışılanda da, üstünə çirkab atılanda da, polis dəyənəyilə başı yarılanda da susurdu. Əslində, danışıb neyləyəcəkdi ki? Kim anlayacaqdı ki? Mən bilirəm ki, anlamaq böyük dərddi. Amma anlanmamaq da böyük dərddi.

***

Mən insanları bütə çevirməyin qəti əleyhdarıyam. İnsan insandır, ətiylə, qanıyla, qüsurları və üstünlükləriylə, sevgisi və nifrətiylə. İnsanı göylərə qaldırıb eybsiz elan etməklə, Allaha bərabər tutmaqla onun özünə pislik edirlər. Və günlərin bir günü fələyin çarxı tərsinə dövran eləyəndə tarixin ələyindən kim keçəcək - tarix özü bilir. Ancaq hər halda, inandığın, iman gətirə biləcəyin, üzündə işıq gördüyün kimsələr də olmalıdır. Bu məmləkətdə ideyaya sadiq insanların sayı çox azdır. Onlar da yaşamlarını tək-tənha sürdürməyə məhkumdurlar. Özü də bu tənhalığa kimsə müdaxilə eləmək iddiasında deyilsə, nə yaxşı? "Bizim kimi ol" demirsə, nə yaxşı. Amanın günüdür birdən "mən belə düşünmürəm" desən barmaqla göstərib yaxşı halda "axmaq" deyəcəklər.

O, sözün hər mənasında böyük müəllim idi. O bizə azad insan, şəxsiyyət olmağı, fərd olmağı təlqin edirdi. Fərd olmağı, ancaq fərdiyyətçi zehniyyətdən uzaqlaşmağı, ümumxalq mənafeyi naminə yaşamağı öyrətmək istəyirdi. Heç kimin qarşısında əyilməyən, öz məni olan - ancaq mənəm-mənəmliyi olmayan bir toplum arzusundaydı. Amma çox qəribədir ki, ağzından çıxan hər kəlməsi ona qarşı çevrilirdi, verdiyi azadlıq anarxiyaya dönürdü, məmləkətin hər bölgəsində padşahlıq iddiasına düşən silahlı göbələklər bitirdi...

***

Kim günahkar idi? O - öz təmizliyi, saflığı, yumşaqlığı ilə? Yoxsa neçə ölkənin xüsusi xidmət orqanlarına işləyən ətrafı? Ya da köləliyə, qəliblərə, çərçivələrə öyrəşmiş xalq? Bilmirəm. Bildiyim bir şey var ki, təmiz, saf adamlar siyasət deyilən çirkabın içinə girməli deyillər. Onun hakimiyyətdə olduğu bir il ölkənin ən ağır vaxtlarıydı. Bir tərəfdən yeni sistemə keçid, var-yoxdan çıxmış əhalinin narazılığı, digər tərəfdə müharibə, şəhidlər, idarəetməni hələ öyrənə bilməyən naşı kadrlar. Verdiyi bəyanatlar qonşuluqdakı böyük dövlətləri təbii ki, qıcıqlandırırdı və məmləkətdəki qarışıqlığın ən böyük səbəbi də bundan qaynaqlanırdı. Üzünü tutduğu, qardaş bildiyi, söykəndiyi ölkə isə ona dayaq olmadı. Və yaxşı ki, məcbur olub paytaxtı tərk edəndə həmin ölkəyə yox, öz doğma kəndinə üz tutdu. Rəsulzadə ora getməklə nə qazanmışdı?

***

Deyirlər ki, əvəzolunmaz insanlar yoxdur. Mən də deyirəm ki, var. Əgər indi onun vəzifəli oğlu-qızı olsaydı, mən bu sözləri nə yazardım, nə də deyərdim. Mən vəzifəli adamlara tərifnamə oxumaqdan utanıram. Onun gedişi böyük bir boşluq yaradıb - hərəsi bir ad qışqıran, hərəsi bir ölkədən pul alan və özünü lider adlandıranların düşərgəsi niyə zəifdir? Azərbaycan kiçicik bir ölkədir. Kimin uşağı hansı bahalı məktəbdə oxuyur, kim hansı maşında gəzir, kim müxalifət olmaq üçün yuxarılardan nə qədər pul alır - hamısı məlumdur. Azərbaycan zəngin bir ölkədir. Balaca bir idarəyə rəhbərlik edənlər oğurladıqları pulla neçə illər dolana bilirlər. O, hakimiyyətdən gedəndə əynindəki kostyumundan başqa bir mal varlığı yox idi. Heç evi də yox idi. Mən əvvəldə dedim - O, bizim görməyə alışdığımız obrazlara bənzəmirdi. Üç il xarici ölkədə çalışıb geri qayıdanda oradan gətirdiyi ancaq kitablar olmuşdu. Onunla birgə orada çalışanlardan birinin söhbətini xatırlayıram. Deyirdi ki, maaş günləri Qahirə dilənçiləri sovet səfirliyinin qabağına yığışıb gözləyirmiş ki, burada qəribə bir insan var - maaşını onlara paylayacaq.

***
Çox sevdiyi bir söz vardı - hər şey üçün vaxt lazımdır. Onun dəyərini anlamaq üçün, bizim həyatımızdan gəlib-keçmiş bu qəribə insanın qiymətini verə bilmək üçün bizə nə qədər vaxt lazımdır? Biz anladıq-anlamadıq, bu səhifə tariximizə artıq yazılıb - Əbülfəz Elçibəy. O deyirdi ki, köləliyi içinizdən söküb atın, Azad insan olmağı öyrənin. Əyilməz olun. Amma mən xalqa əyilməzlik öyrədən oğullara baş əyməkdən utanmıram.

***
Daş atan bilirmi nə günah eylər?

İradə Tuncay
(arxivdən)
[email protected]


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər