16 Avqust 2014 18:46
2 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni yaşayış massivinin mülkiyyətçiləri hüquqlarının bərpa olunacağına ümid edirlər

Ötən gün “Sevil massivi” MTK-nın qarşısında piket keçirən aksiyaçılar Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yönləndirilib. İdarənin qarşısına 100-dək torpaq və ya mənzil alan mülkiyyətçinin yığıldığı xəbər verilirdi.

Zorla avtobuslara dolduruldular...

Etirazçılardan birinin bildirdiyinə görə, onlar öncə “Sevil massivin"in qarşısına toplaşıb, bəziləri zorla avtobuslara doldurulub və ərazidən uzaqlaşdırılıblar. Qalanlara da deyiblər ki, Korrupsiya İdarəsinə müraciət etsinlər: “İdarənin önünə 70-dən çox adam yığılıb. Adına mülkiyyət olanlar içəri keçib qeydiyyata alınırlar. Torpaq sənədi həyat yoldaşımın adına olduğu üçün məni içəri buraxmadılar. Qeydiyyata alınların bildirdiyinə görə, polis onların sənədlərinə baxıb, qeydiyyata götürüb və ”gedin gözləyin, hələ komissiya araşdırma aparır", - deyib. Bizə də sözləri bu oldu ki, məhkəmə işi bitməyib, araşdırma başa çatsın, hamıya məlumat veriləcək".

“Aynur Zeynalov bizə təsəlli vermək üçün həbs olunub”

Mülkiyyətçilərə hələ avqustun 1-dən deyilib ki, ayın 15-də MTK fəaliyyətə başlayacaq: “Elə ona görə də bu gün camaat şirkətin qarşısına toplaşdı. Boş vədlər verirlər. Burda danışırlar ki, şirkətin rəhbəri Aynur Zeynalov gözdən pərdə asmaq, bizə təsəlli vermək üçün həbs edilib. Ara yerdə pullarımız batır. Biz ya pullarımızın qaytarılmasını, ya da tikintinin davam etdirilməsini tələb edirik”.

“Sevil massivin"in facebook səhifəsində isə sakinlərə müraciətlə yazılıb: “Hörmətli ”Sevil" massivi, MTK müştəriləri. Avqustun 1-i tarixində Abşeron rayon icra hakimiyyətindən nümayəndələri ofisin qarşısına gələrək massivin gələcək sakinlərini qəbul etmişlər. Onların sözlərinə əsasən, ofisimizin ayın 15-dək açılması gözlənilir. Əlavə məlumat olan kimi mütləq paylaşılacaq. Biz də hər kəs kimi gözləməkdəyik. Səbr və anlayış göstərdiyiniz üçün təşəkkürlər".

MTK-nın nömrələri isə ya cavab vermir, ya da qapadılıb.

Başçının köməkçisi: “Xəbərsizəm...”

Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qəbul otağından bildirdilər ki, başçının köməkçisi Fuad Xəlilova müraciət edək. Fuad Xəlilov isə məzuniyyətdən təzəcə qayıtdığını və hər şeydən xəbərsiz olduğunu söylədi: “3 gündü istirahətdən gəlmişəm. Ola bilər, rəhbərlik sakinlərlə görüş keçirib. Mənim heç bir məlumatım yoxdur”.

Qəbul otağına təkrar müraciətimizdə isə bildirildi ki, bütün hallarda sualımızı cavablandırmağa məsul şəxs Fuad Xəlilovdur.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin iyunun 25-də yaydığı press-relizdə “Sevil massivi” MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edildiyi bildirilib. Həmin məlumata görə, “Sevil massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

İstintaqda həmçinin müəyyən edilib ki, “Sevil massivi” MTK-nın məsul şəxsləri Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər.

Bundan başqa, “Sevil massivi” MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub, 4 binada tikinti işləri həyata keçirilib. Bununla belə, təyinatına görə örüş torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək çoxmənzilli yaşayış binalarından vətəndaşlara mənzillər satılıb.

Bütün bunlarla əlaqədar “Sevil massivi” MTK-da tikinti və satış işləri dayandırılıb.

Sevil


Müəllif:

Oxşar xəbərlər