2 Avqust 2018 01:13
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən anamı atamdan sonra kəşf etməyə başladım. Elə bilin ki, bir Magellan kimi. Əvvəl bu dünyanın içində idim. Mənim üçün o, sərhədlərdən ibarət idi. Sonra bəstəboy bir dünyanı gəzməyə başladım. Hər gün bir yeni ölkəsini, hər gün yeni bir dilini öyrənməyə başladım.

Əvvəl anamın boğazını kəşf elədim. Ən çətin vaxtlarımızda anamın boğazından qidalandım. O boğazdan keçməyən tikələr müqəddəsdir and içmək üçün. Sonra dilini kəşf elədim. O, atamla başqa dildə, mənimlə başqa dildə, qardaşları, bacıları, atası, anası ilə başqa dillərdə danışırdı. Onlarla danışdığı dilləri başa düşməsəm də, bu dillərdən ruhuma süzülən sevgi, musiqi var ha, nəyə desən bəs edər. Eynən dilini başa düşmədiyimiz, amma sevdiyimiz musiqilər kimi. Sonra kəşf elədim ki, anam susanda Sakit Okeana bənzəyir. O Sakit okean ki, adı ilə xüsusiyyətləri üst-üstə düşmür. Bu susqunluq dünyanın ən dəhşətli səs-küyüdür. Atam dünyadan köçəndə kəşf elədim ki, bu bəstəboy dünyanın sahilləri necə də uzun, dalğaları necə də hündür və təlatümlüdür. Nə qədər yaxşı üzsən də, o dalğalar səni yuyub apara bilər. Sonra bu dünyanın yaşını öyrəndim onun əllərindən. Qadınların yaşını əlləri biruzə verir, bilirsənmi?! Onun gözləri artıq qocalıb, bilir ki, adamı necə aldatmaq olar, amma əlləri... Əlləri uşaq kimidir. Heç vaxt yalan danışa bilmir.

Mən anamı kəşf elədikcə, başıma maraqlı və sirli hadisələr gəldi

Çox cavan qocaldım, çox cavan. Çox tez kişi oldum, çox tez. Atam anamı necə də sevirmiş. Atam deyirmiş ki, mən öləndə səni incitməyəcəm, elə rahat öləcəm ki, əzab çəkməyəcəksən. Hər şey atamın arzusuna uyğun baş verdi. Maraqlı və sirli. Bu hadisənin sirri onda idi ki, atamın yanında işləyirdim. Günboyu bir-birimizi daha yaxşı kəşf edirdik.

İş vaxtı atam maşından düşüb müştəri ilə danışmağa getmişdi. Məni darıxmaq sürüyüb əcaib bir xəyalın içinə dartmışdı. Qəfil gözlərimin önünə atamın ölümü gəldi. Elə bil, biraz da özüm üçün maraqlı gəldi bu xəyal. Dəfələrlə başımı silkələyib şeytana lənət oxudum, yenə o ölüm səhnəsi təkrar-təkrar canlandı gözümün önündə. Axırıncı dəfə başımı silkələyəndə gördüm ki, atam maşına tərəf gəlir. Şükür elədim. Atam axşam məni evimizə yaxın bir yerdə düşürdüb maşını usta yanına aparmağa getdi. Anam evdə yox idi deyə internet klubların birinə girib vaxtımı öldürməyə başladım.

Biraz keçdi. Anam zəng vurdu ki, atana demişəm, rayondan biraz var qayıtmışıq. Atanın işi var deyə, bugün xalangildə qalacam. Mən bilmirdim ki, hər şey planlı şəkildə baş verir. Qayıtdım evə, atam da gəldi. Yatana yaxın... hə, bu sonuncu həmlə idi. İnfakt atamın qolundan tutub apardı, amma anam yox idi, onun çəkdiyi əzabları görmədi. Anam gələndə, atamın gözləri hələ də açıq qalmışdı, onun yolunu gözləyirdi elə bil. Atamın ölümünü həmin günün yarısında hiss eləməyim, sonra hər şey atamın arzusuna, vədinə uyğun baş verməyi heç də təsadüf deyildi. Hə, elə o gecə anamın sahillərində yuyulmuşdu atam.

Yavaş-yavaş öyrəndim ki, sən demə, bu dünya elə də qoca deyil, bəlkə də hələ öz ayağı üstündə durmağa belə naşıdır. O qədər ərköyündür ki... Atamın ona yaşatdığı rahatlıq, heçnədən korluq çəkməməsi indi-indi özünü biruzə verməyə başlayır. Mən də tənbəlin yekəsiyəm. Bir də görürsən ki, nəsə bir iş tapşırır, həmin gün ərinirəm onu həllə eləməyə. Anam öz-özünə gileylənir: Atan olsaydı, indi çoxdan həll eləmişdi. Rəhmətliyin şəkli asılan divara söykənir anam yatdığı çarpayının başı. Hər dəfə ondan misal gətirən də barmağını o divardakı şəkilə tuşlayıb danışır anam. Elə bil, divar anamın ikinci qibləsidir. Mən evdə olmayanda o şəkillə danışır.

Bu dünyanın hikkəsi var, hirsi var. Əgər evə gec gəlirəmsəo,qapını açıb ildırım sürətilə məndən üz çevirib qaçır otağa. Bu hal onun küsməyini bildirir.

Əgər nahara pomidor-yumurta, doğramac, qarpız-pendir yeyəcəyiksə deməli, oyorğundur, yemək bişirə bilməyib.

Əgər o yan-bu yanıma fırlanıb "balamı çox istəyirəm, atan mənim xətrimə dəymirdi" deyirsə, ya siqaret çəkməməyimi, ya da üzümü qırxmağımı istəyir.

Anam gülürsə, Günəşdir, ağlayırsa yağış...

İndi bu bəstəboy dünyanın yuxularına gəlib-gedir əri. Artıq bu yuxular onun sınağına çevrilib. Anam deyir ki, atan hər dəfə yuxuma girəndə ya evimizə pul gəlir, ya da nəsə xoş xəbər eşidirəm. İş o yerə çatıb ki, anamın xətrinə dəyəndə belə atam onun yuxusuna girib məni tənbeh eləyir, döyür, deyir, siqaret çəkmə, içki içmə.

İndi bizim çölə pəncərəsi olmayan evimizdə anam gülürsə, Günəşdir, ağlayırsa, tutqun, yağışlı bir hava. Bu bəstəboy dünyanın içindən səbirsizlənib çıxan mən, indi istəyirəm ki, yenidən onun daxilinə enə bilim, görüm, o məndən nələri gizlədir, hansı sirləri daşıyır.

Bu bəstəboy dünyanın bircə yuxusundan qorxuram. Elə şirin yatır ki, zəhərə qalsın bu şirinlik. Gecə tez yatmağın daşını atamdan sonra atmışam. Elə bilirəm, Əzrayıl bizi güdür, bir amana bənddir ki, gəlib yapışsın yaxamızdan. Tez-tez oyanıram ki, anam nəfəs alır, ya yox?! Bəzən nəfəsini o qədər həfif və səssiz alar ki, qorxaram, yaşayırmı? Bəzən bərkdən öskürərəm, diksindisə, oyandısa, sevinərəm. Çox əclaf qorxudur. Elə bil ki, səhər harasa gedəcəksən, gecikməyəsən deyə durub tez-tez saata baxırsan. Çox əclaf cümlədir, içini yeyir hər gün -"Hə, nəfəs alır, sağdır!”.

Onun üçün yollar qorxuludur

Hər səhər işə gedəndəüzümdən öpür, arxamca su atır, deyir ki, işə çatanda zəng elə. Sonra günorta naharında zəng vurub yemək yediyimi soruşur. Bir də görürsən, evə gecikirəm. Qayıdır ki, bir də getsən, nə vaxt gələrsən? Bax, onda başa düşürəm,mamaqorxur, qorxur ki, atam kimi bir də qayıtmaram.

Bu bəstəboy dünya bugün öz ömür gündəliyinə 5/5-ni yazdırır. Mənim üçünsə onun hələ açılmayan sirləri, hələ gəzilməyən ölkələri, hələ kəşf olunmamış dilləri var. Çox yaşa mənim bəstəboy dünyam!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər