28 Aprel 2014 12:47
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürücüləri narazı salan, bəzi hallarda mübahisələr yaradan məsuliyyət növlərindən biri də qəza şəraiti yaratmaqla bağlı tərtib olunan protokoldur. Qəza şəraiti anlayışını nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov şərh edir.

O bildirir ki, ölkəmizdə mövcud olan yol hərəkəti qaydaları beynəlxalq konvensiyalar əsasında müəyyən edildiyindən bəzi texniki xarakterli problemlər nəzərə alınmasa, bu qaydalarda ciddi qüsurlar yoxdur. Lakin qayda pozuntularına görə məsuliyyəti müəyyən edən qanunvericilik beynəlxalq kriteriyaları nəzərə almayanda qüsurlar ortaya çıxır: “Belə qüsurlardan biri “qəza şəraiti yaratma” adlanan inzibati xəta ilə bağlıdır. Bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.3-cü maddəsində 80 manat cərimə və 4 cərimə balı nəzərdə tutulur. Bu xəta anlayışındakı kobud çatışmazlıq nəticəsində əksər hallarda sürücülər heç bir qəza şəraiti olmadığı halda həmin xətaya görə məsuliyyətə cəlb edilirlər. Əslində, bunu edən DYP əməkdaşları da ciddi çətinlik çəkirlər. Qəza şəraiti yaratmanın anlayışının mücərrədliyi hazırkı məzmunda bu inzibati xətaya görə qanun çərçivəsində məsuliyyətə cəlb etməni qeyri-mümkün edir”.

Ekspert deyir ki, İXM-nin 151.3-cü maddəsində qəza şəraiti yaratmanın anlayışı belə müəyyən edilib: hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsi. Deməli, qəza şəraiti yaratmanın mövcud olduğunu söyləmək üçün iki başlıca şərt tələb olunur:

1) nəqliyyat vasitəsi sürücüsünün yol hərəkəti qaydalarının hər hansı bir (yaxud iki və ya daha artıq) pozuntusunu törətməsi;

2) bu pozuntunun digər hərəkət iştirakçısını (və ya iştirakçılarını) hərəkətin sürətini və istiqamətini dəyişməyə məcbur etməsi.

Bu şərtlərdən birincisi ilə bağlı heç bir anlaşılmazlıq mövcud deyil. Nəqliyyat vasitəsi sürücüsünün yol hərəkəti qaydalarına zidd olan istənilən əməl törətdiyi halda bu şərt mövcud ola bilər. Belə əməl qismində istənilən qayda pozuntusu – qəflətən hərəkətə başlama və ya bitişik ərazidən yola çıxma, sürət həddini aşma, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilmə qaydasını pozma, ötmə, manevr etmə, dayanma, durma qaydalarını pozma və sair çıxış edə bilər.

Sürücünün hərəkəti qaydalar çərçivəsində olarsa, bu, başqa hərəkət iştirakçısını sürəti və istiqaməti dəyişməyə məcbur etsə də, qəza şəraiti yaratma hesab edilə bilməz.

Qəza şəraiti yaratmaya görə İXM-nin 151.3-cü maddəsində 80 manat cərimə və 4 cərimə balı, yol verməməyə görə isə İXM-nin 151.2-ci maddəsində 60 manat cərimə və 3 cərimə balı nəzərdə tutulur. Deməli, qanun da qəza şəraiti yaratmanı daha təhlükəli sayaraq ona görə daha ciddi sanksiya tətbiq edir.

Ərşad Hüseynov onu da əlavə edir ki, qanunvericilik sistemi ölkəmizin qanunvericiliyinə oxşar olan əksər ölkələrdə (məsələn, Rusiyada) “Qəza şəraiti yaratma” adlanan yol hərəkəti qaydası pozuntusu mövcud deyil və “qəza şəraiti” ifadəsi yalnız konkret yol-nəqliyyat hadisələri baş verdikdə işlədilir: “Bir sıra ölkələrdə isə eyni adlı yol hərəkəti qaydası pozuntusu nəzərdə tutulsa da, həmin dövlətlərin qanunvericiliyində qəza şəraiti yaratmaya təxminən aşağıdakı kimi anlayış verilib: qəza şəraiti yaratma, yəni yol hərəkəti qaydalarını pozmaqla hərəkətin başqa iştirakçılarını özünün və ya yol hərəkətinin digər iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün hərəkət sürətini və ya istiqamətini qəflətən və kəskin dəyişməyə və ya başqa tədbirlər görməyə məcbur etmə.

Beləliklə, sürətin və ya istiqamətin istənilən dəyişməsinə deyil, məhz qəflətən, gözlənilməz olaraq dəyişməsinə, özü də kəskin dəyişməsinə məcbur edilmə qəza şəraiti yaratma hesab edilə bilər.
Hesab edirəm ki, İXM-nin 151.3-cü maddəsində qəza şəraiti yaratmaya verilmiş anlayış dəqiqləşdirilməli və bu xətaya görə məsuliyyət yalnız bundan sonra tətbiq edilməlidir, yaxud həmin inzibati xəta İXM-dən çıxarılmalıdır.

Ekspert bildirir ki, hərəkətin sürətini və ya istiqamətini qəflətən və kəskin olaraq dəyişmə dedikdə, yol hərəkəti iştirakçısının gözləmədiyi elə vəziyyətin yaradılması başa düşülür ki, bu zaman qəfil və sərt manevrlər (sürətin və ya hərəkət istiqamətinin kəskin dəyişməsi) edilməsə, qəza baş verəcək:

“Adi yol şəraitində normal manevrlərlə sürətin və ya istiqamətin dəyişməsi qəza şəraiti hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, qəza şəraiti ən azı iki hərəkət iştirakçısı (biri təqsirkar sürücü, digəri qəza şəraitinə düşən hərəkət iştirakçısı) olduqda yarana bilər. Özü də bu xətanın rəsmiləşdirilməsinin özəlliyi də var. Qəza şəraiti yaratma ilə bağlı protokolda həm qəza şəraiti yaradan, həm də qəza şəraitinə düşən hərəkət iştirakçısı (konkret avtomobil və s.) göstərilməlidir”.

SEVİNC


Müəllif:

Oxşar xəbərlər