20 Avqust 2014 15:41
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan vəzifəsinin icrasına başlayıb.

TRT-nin Bakı təmsilçiliyindən məlumata görə, Y.Arslan 1990-cı illərdən bəri müxbir olaraq Qarabağ müharibəsi və Azərbaycanda baş verən hadisələri dünyaya çatdıran ilk türk jurnalistlərdən biri olub.

Y.Arslan Dağlıq Qarabağ müharibəsini, Azərbaycanın müstəqillik yolunda ilk addımlarına şahidlik edib. Qarabağ müharibəsini, Ankarada Elçibəy-Petrosyan görüşməsini, Gəncədə Surət Hüseynov qiyamını xəbər və müsahibələrlə dünyaya çatdıran jurnalistlərdən olub. Eyni zamanda, mərhum Prezidentimiz Heydər Əliyevdən müsahibə alan ilk türk jurnalist olaraq tarixə düşüb. Y.Arslan Azərbaycan-Ermənistan müharibəsi ilə yanaşı, Bosniya, Birinci Körfəz və Çeçen-Rus müharibələrini də aktiv şəkildə işıqlandırıb. Çeçen-Rus müharibəsində paytaxt Qroznıya girən ilk türk jurnalist olub.

Y.Arslan TRT-də Xəbər Departamentində müxbir, xəbər müdiri, departamentin sədr müavini və sədr vəkili vəzifələrini icra edib. Hazırda Türkiyədə Parlament müxbirləri dərnəyi, Prezident Administrasiyası və Baş nazirlik müxbirləri dərnəyi, Ankara Jurnalistlər Cəmiyyəti, KİV ixtisas jurnalistləri federasiyasında da sədr vəkili vəzifəsini icra edir.

Azərbaycanlı xanımla ailə həyatı quran Y.Arslan bir oğul atasıdır.

İllər sonra təkrar Azərbaycana təmsilçi olaraq qayıdan Y.Arslan bunun qürur və şərəf verdiyini, dost və qardaş ölkənin yayım qurumları arasındakı işbirliyinin daha da mökkəmlənməsi və inkişafı üçün bütün səylərini səfərbər edəcəyini söyləyib.

/trend/


Müəllif:

Oxşar xəbərlər