23 Noyabr 2018 17:38
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünənə qədər Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə hədələyən Ermənistanda bu gün həmin təşkilata üzvlükdən imtina etmək barədə fikirlər səsləndirilir. Bəs görəsən, birdən birə nə baş verdi ki, Ermənistanın mövqeyində belə radikal dəyişiklik meydana çıxdı?

Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu qeyd edib ki, idmanda olduğu kimi diplomatiyada da rəqibin gücündən özünə qarşı istifadə etmə metodları var:

“Azərbaycan üzün illərdir həyata keçirdiyi prinsipial və ardıcıl xarici siyasəti sayəsində işğalçı Ermənistana arxa olan, yaxud onu bu və ya digər səviyyədə dəstəkləyən ölkələrlə münasibətləri elə səviyyəyə qaldırdı ki, Ermənistanın özünə arxa hesab etdiyi ayrı-ayrı ölkələr və regional təşkilatlar artıq bu gün onu dəstəkləmirlər. Doğrudur, Cənubi Qafqazda son iki əsrdə formalaşan olduqca həssas geosiyasi tarazlığı dəyişmək çox çətin olsa da, nəhayət, son bir neçə ildə Azərbaycan buna xeyli dərəcədə müvəffəq oldu. 2016-cı ilin aprel döyüşləri əslində Cənubi Qafqazda baş verə biləcək yeni geosiyasi reallığın başlanğıcı idi. Artıq bu dəfə son iki yüz ildə ilk belə hal idi ki, Azərbaycan hərbi-siyasi reallığı dəyişdirmək üçün diqtə edən tərəfə çevrilirdi. Elə bundan sonra da Ermənistanda eyforiya dövrü başa çatdı və yeni siyasi reallıqlar yaranmağa başladı. Hazırda reallıq ondan ibarətdir ki, işğalçı ölkə siyasi müvazinətini itirib və söykənmək üçün sabit dayaq nöqtəsi tapa bilmir. Ona görə də tez-tez səhvlərə yol verir. Dolayısı ilə Azəbaycan tərəfindən hər gün bir az daha çox küncə sıxışdırılır”.

H.Babaoğlu qeyd edib ki, bir müddət öncəyə qədər sadəcə Azərbaycan tərəfindən küçə siyasətçisi kimi qiymətləndirilən Paşinyan və onun küçə demokratiyası artıq Ermənistanın KTMT-də müttəfiq olduğu ölkələr tərəfindən də belə qiymətləndirilir:

“Əlbətdə, bu regional təşkilatın adı və nüfuzu ilk növbədə Rusiya Federasiyası ilə bağlıdır. Elə Ermənistanın bir dövlət kimi meydana gəlməsi də bu ölkənin tarixin müxtəlif dövrlərində qəbul etdiyi siyasi qərarlar nəticəsində meydana çıxan reallıqdır. Ancaq hazırda siyasi proseslər elə istiqamətdə inkişaf edir ki, iki ölkə arasında münasibətlər tarixdə heç vaxt olmadığı qədər korlanıb. Bu, olduqca əhəmiyyətli məsələdir. Ona görə ki, regionumuzda siyasi gerçəklikləri dizayn edən güc mərkəzlərinin tarixi şəraiti və Azərbaycanın yerini və rolunu qiymətləndirmələri üçün soyuqqanlı, qeyri-emosional və obyektiv qiymətləndirmələri üçün şərtlər yaranıb. Bu tarixi fürsət həm də Rusiya-Azərbaycan münasibətlərində tamamilə yeni bir səhifə açmaq imkanları yaradıb. Onsuz da Rusiya ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsində qiymətləndirilir Amma hər iki ölkənin təhlükəsizliyinin təmin oluması baxımından hələ də realizə olunmamış olduqca böyük potensial, geosiyasi resurslar var. Bunun baş tutması üçün isə ilk növbədə regionda işğal faktına son qoyulmalıdır. Bu, bütün region dövlətlərinin siyasi və iqtisadi təhlükəsizliyi baxımından vacibdir. Hazırda Azərbaycanın həyata keçirdiyi xarici siyasət də buna xidmət edir. Ermənistan isə hər gün bir az daha çox dalana sıxışdırılmaqla geosiyasi proseslərin əhəmiyyətsiz aktoruna çevrilir və heç kəs tərəfindən dəstəklənmir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər