Nizami Kino Mərkəzində “Beynəlxalq Əlillər günü”nə həsr olunan “Benim dünyam” adlı türk filminin surdo tərcümə ilə təqdimat mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, film təqdimatı “Deaf community” komandasının təşkilatçılığı ilə baş tutub.
Komandanın rəhbəri Nuranə Abıyeva çıxışında “Benim dünyam”ın beynəlxalq əlilliyi ifadə edən ən gözəl film olduğunu söyləyib. Onun sözlərinə görə, surdo tərcümə ilə təqdim olunan film üçün heç bir yaş məhdudiyyəti qoyulmur: “Bu filmi ilk dəfə izləyəndə orta məktəbdə oxuyurdum və işarə dili ilə heç bir əlaqəm yox idi. Lakin bu gün surdo tərcümə ilə başqa cür izlədim. Filmdəki bütün hərəkətlər mənə daha anlaşıqlı və təsirli gəldi”.
Filmin hazırlıq mərhələsinə gəlincə, surdo tərcüməçi Könül Quliyeva onun 1 ay yarıma başa gəldiyini qeyd edib: “Artıq 17 ildir sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli internat məktəbində işləyirəm. Danışma və eşitmə məhdudiyyətli uşaqlara dərs deyirəm. 1 ildir ki, bu təşkilatda təlimçi və surdo tərcüməçi kimi fəaliyyət göstərirəm. Bu filmə 3 il öncə baxmışdım. Sonra qərara gəldim ki, məhz bu filmi tərcümə edəcəyəm. Bu fikri komandada hər kəsə dedim və razı oldular. Çox əziyyət çəkdik. Hətta yatmadan səhərə qədər montaj prosesi oldu. Gələcəkdə bu tip filmlərin təkcə özəl günlərdə deyil, adi günlərdə də nümayişini planlaşdırırıq. Dövlət səviyyəsində bu tip layihələrə diqqət ayrılmasını çox istəyərdim. Gələcəkdə fərqli janrlara da müraciət edəcəyik”.
“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov gələcəkdə fiziki məhdudiyyətli insanlar üçün məktəblərin sayının artırılmasının faydalı olacağını bildirib: “Bir çox insanlar bu günü bayram kimi qeyd edirlər. Sosial şəbəkədə də şahidi oluruq ki, əlilliyi olan insanları bu günlə bağlı təbrik edirlər. Əslində bu belə olmamalıdır. Çünki əlillik bir bayram deyil və buna düzgün yanaşmaq lazımdır. Təkcə nitq qüsurlu insanlar cəmiyyətə inteqrasiya etməli deyil, eyni zamanda cəmiyyət də belə insanlara inteqrasiya etməlidir. İstərdim ki, hər bir dövlət qurumlarında belə insanlar çalışsınlar. Bu gün çox məsuliyyətli gün idi. Həm digər gənclər bu filmdən faydalana bildilər. Çünki filmdəki mesajlar onlara ünvanlanmışdı. Biz birləşsək əngəl olmaz”.
“Deaf community” komandasının işarət dili üzrə təlimçisi Turan Məmmədli qeyd edib ki, bu dili hər kəsə öyrətməkdə əsas məqsədləri düşdüyü situasiyada məhdudiyyətli insanlara kömək edə bilmələridir: “ Biz məhdudiyyətlərin və əngəllərin yalnız fikirlərdə olduğunu götərməyə çalışdıq. Əgər bir insan daxilən, fikrən özündə inam və məqsədə çatmaq üçün güc tapırsa, onun heç bir sağlamlıq məhdudiyyəti əngəl deyil. İşarət dili məhdudiyyətlilərin ünsiyyət dili olmaqla yanaşı, onların həyata baxışını, qavramasını, sağlam insanlarla adaptasiya prosesini özündə birləşdirir”.
Filmi izləmək üçün gələn eşitmə və danışma məhdudiyyətli Fərid Ağavəliyev filmlərin surdo tərcümə ilə təqdimatından məmnunluğunu bildirib: “Film çox təsirli idi. Çox qürurlandım ki, bu gün bizim üçün də işlər görürlər və bizi ayırmırlar. Hər şey əla idi. Sevinirəm ki, belə layihələr var. İstərdim ki, gələcəkdə fərqli janrlarda olan filmlər daha çox nümayiş olunsun”.
Qeyd edək ki, “Benim dünyam” filmi “Deaf community” komandasının baş tutan 4-cü premyerasıdır.