11 Dekabr 2018 23:30
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyənin məşhur fikir adamı, türkçülük hərəkatının liderlərindən Nihal Atsızın vəfatının ildönümüdür. Atsız azərbaycanlı mühacirlərdən professor Əhməd Cəfəroğlundan dərs alıb, digər mühacir Məhəmmədsadıq Aranla dost olub.

Atsız həm müəllimi, həm də dostu haqqında nekroloq yazıb.

Teleqraf.com Nihal Atsızın Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Məhəmmədsadıq Aran haqqında yazdığı nekroloqu təqdim edir:

***
Mühacirətdə Sadıq Aran, Sənan Azər imzası ilə tanınan Məhəmmədsadıq Axundzadə 1895-ci ildə Zəngəzur qəzasının Sisyan bölgəsində doğulub. Bakı Ali Pedaqoji İnstitutuna daxil olub, “Füyuzat”, “Açıq söz” kimi mətbuat orqanlarında şeirləri yayımlanıb. 1917-ci ildə Çar Rusiyasının çökməsi ərəfəsində Zəngəzurun mərkəzi Gorusa dönüb, burada məktəb təsis edib.

1918-ci ilin 7 dekabrında Azərbaycan Cümhuriyyətinin Parlamenti qurulduğu zaman Zəngəzur nümayəndəsi olaraq parlamentə qatılıb. Aran parlamentdə çoxluq təşkil edən Müsavat Partiyasına qoşulub.

Azərbaycan Cümhuriyyətinin işğalından sonra Aran Mirzəbala Məhəmmədzadənin rəhbəri olduğu gizli Azərbaycan İstiqlal Komitəsinə qatılıb. 1923-cü ilin sonunda Güney Azərbaycana, növbəti il Türkiyəyə gedib, Trabzonda bir il müəllimlik edib. Daha sonra İstanbula yollanıb. Aran İstanbulda Müsavat Partiyası Xarici Bürosunun Mədəniyyət Komitəsinin nəzdində Azəri-Türk Gənclər Birliyini təsis edib, bu qurumun rəhbəri olub.

1930-cu illərin əvvəlində Aran Finlandiyaya gedib, orada da məktəb açıb. Bu məktəbdə İdil-Ural bölgəsindən köçən türklərə dərs keçib, Turan Ocağı dərnəyini yaradıb. 1932-ci ildə burada “Yeni Turan” adlı qəzet təsis edib. Qəzet türkcə və fincə yayımlanıb.

Aran 1936-cı ildə yenidən İstanbula dönüb. 1939-1941-ci illər arasında “Ulus” və “Cümhuriyyət” qəzetlərinin İrandakı müxbiri kimi çalışıb. II Dünya müharibəsindən sonra Türkiyədə Türk Mədəniyyət İşləri Dərnəyini yaradıb, 1961-ci ildə Ankarada təsis edilən Türk Mədəniyyətini Araşdırma İnstitutunun qurulmasında iştirak edib.

Məhəmmədsadıq Aran mühacirətdə Rəsulzadə və Mirzəbala Məhəmmədzadədən sonra ən çox yazıları nəşr edilən mühacirlərdən olub. Türkiyədə “Yeni Kafkasya”, “Azəri-Türk” (bir müddət onun rəhbərliyi ilə yayımlanıb), “Məfkurə”, “Doğuş”, “Bozqurd”, “Gök Börü”, “Davran”, “Yaşıl yarpaq”, “Qızıl alma”, “Özləyiş”, “İctihad”, “Çınaraltı”, “Torpaq”, “Orhun”, “Yaş Türküstan”, “Yolların səsi”, “Odlu Yurd”, “Azərbaycan Yurd Bilgisi”, “Türk kültürü”, “Cığır”, “Ötükən”, “Aras”, “Mücahid”, “Yana Milli Yul” kimi jurnallarda, “Cümhuriyyət”, “Yeni İstanbul”, “Şərq yolu”, “Yeni Turan” kimi qəzetlərdə şeirləri, məqalələri yayımlanıb. Yazılarını “Mehmet Sadık Aran”, “M.S.Sanan”, “Sanan Azer”, “M.Sisyanlı” imzaları ilə yazıb.

Aran 1935-ci ildə İstanbulda “Ergenekon yolları” adlı şeirlər məcmuəsi çap etdirib. Ona Türkiyədə şöhrət qazandıran əsəri isə 1942-ci ildə İstanbulda “Cümhuriyyət” mətbəəsində yayımlanan “İran türkləri” əsəridir. O, kitabının ön sözündə İrandakı türklər məsələsi ilə bağlı yazıb: “İrandakı fars dövləti artıq çürüyüb. Biz İrandakı türklər o məmləkətin çürük tabutunu artıq çiynimizdə daşımayacağıq. Bu gün İran dövləti artıq mövcud deyil. Bizim də öz haqlarımıza qovuşmağımızın zamanı gəlib... Əziz yurddaşlarım. Əsrlərlə biz təbrizlilər qazandıq, Tehran isə yedi, bizə kölə, qul gözüylə baxdı. Artıq qul olmaq zamanı arxada qalıb. Biz artıq Tehranın köləsi olmaqdan qurtulmalı və haqqımıza sahib olmalıyıq”.

Nihal Atsız “Çınaraltı” jurnalının 36-cı sayında bu kitab haqqında resenziya yazıb, jurnalın 40-cı sayında isə Aranın Atsıza cavabı dərc olunub.

1944-cü ildə M.Aranın İstanbulda “Milli məcmuə” mətbəəsində “Türkün qızıl kitabı. “Qutadqu bilik”” adlı əsəri nəşr olunub. Bu kitabçada XI əsrdə Yusif Uluq Xas Hacib tərəfindən yazılmış məşhur “Qutadqu-bilik” əsərindən nümunələr təqdim edilib.

Aran bütün fəaliyyəti boyunca türk dünyası, türkçülük üçün çalışıb. Təsadüfi deyil ki, “Kızılelma” jurnalının ona yönəltdiyi “Türkçülük tələqqiniz nədir?” sualına belə cavab verib: “Türk millətini tanımaq, sevmək, türk aləmini, türkləri bir-birinə və bütün dünyaya tanıtmaq. Məhkum türklərin qurtuluşuna ölürcəsinə çalışmaq, bu çalışmada tək müstəqil türk dövləti olan Türkiyənin zərər görməsinə imkan verməmək. Türkiyədəki türk gəncliyinə gerçək türk səciyyəsi və əxlaqı təlqin etmək. Türk ulusunun bəşəriyyətə və mədəniyyətə etdiyi xidmətləri tanıtmaq”.

Məhz türkçülüklə bağlı fikirlərinə görə Aran Türkiyədə yaşadığı müddətdə böyük millətçi ideoloq Nihal Atsızla yaxın dostluq münasibəti qurub. Aran 1971-ci il mayın 28-də Cümhuriyyətin ildönümündə vəfat etdiyi zaman onun haqqında ən geniş yazını elə “Ötükən” jurnalında Nihal Atsız yazıb.

Bu yazı iki mücahid dostun yaxın münasibətlərini əks etdirdiyi üçün tam şəkildə təqdim edirik:
“Bu keçən aylarda bizi maraqlandırması gərəkli olan iki şəxs aramızdan köçüb getdi. Azərbaycanlı Məhəmmədsadıq Aran və türkiyəli Təhsin Dəmiray. “Bizi maraqlandırması gərəkli olan” - deməkdə məqsədim ikisinin də türk milliyyətçisi olmaları, bu yolda çalışıb-vuruşmaları, yazılar yazmaları və xidmət göstərmələri baxımındandır. Ayrıca məni maraqlandıran başqa yönləri də var. Məhəmmədsadıq Aran Ədəbiyyat fakültəsindən, Təhsin Dəmiray isə Sultaniyyədən sinif yoldaşımdır və bu dostluq bütün həyatımız boyu davam etmişdi.

1926-cı ildə dərs ilinin əvvəlində Ədəbiyyat fakültəsində dərslərin başlandığı zaman məni bir həftə sonra əsgərliyə apardıqları üçün hərbi xidmətimi başa vurandan sonra, növbəti il 1927-ci ildə təkrar dərslərə başladığım zaman yeni simalarla qarşılaşdım. O zaman Ədəbiyyat fakültəsinin şöbələrində təhsil üç il idi və ilk iki il hazırlıq, sonuncu il ixtisas sayılırdı. İxtisas alan tələbələr özlərinin seçdikləri dörd dərs üzrə dərsə girməklə mükəlləf idilər.

Bizim ilk dörd semestr, yəni hazırlıq dönəmi xeyli qələbəlik yaranmış, 10-12 nəfər olmuşdu. Bəlkə də, günümüzün tələbələri 10-12 nəfərlik “qələbəliyə” heyrət edəcəklər, amma elə idi. Yeni simalar arasında iki nəfər də azərbaycanlı vardı: Kamal və Məhəmmədsadıq.

Kamal tam bir azəri ağızı ilə danışırdı, gülərüz, amma soyuqqanlı gənc idi. Məhəmmədsadıq isə azəri və Türkiyə türkcəsi ləhcələrinin qarışığından ibarət bir türkcə ilə danışan zarafatcıl, bir az da dəli-dolu bir cavan idi. Hər ikisi də çox bilgili, həm də bütün azərilər kimi yaraşıqlı idilər, asanlıqla söz söyləyə bilirdilər. Fars və rus dillərini yaxşı bilirdilər. Bundan başqa Məhəmmədsadıq din xadimi ailəsində yetişdiyi üçün ərəbcəni də başa düşürdü.

İkisi də Ədəbiyyat fakültəsini bitirmədi. Əslində, onlar tələbə deyil, siyasət adamları, mücahid idilər. Qısa ömrü olan Azərbaycan Cümhuriyyətində xidmət etmişdilər. Bu dövlət Moskva tərəfindən istila edilincə Türkiyəyə sığınmışdılar. Sonralar Kamal İran Azərbaycanına gedərək mübarizəsini orada davam etdirdi və II Dünya müharibəsi illərində İran Böyük Britaniya və Moskva tərəfindən işğal edildiyi zaman kommunistlər tərəfindən öldürüldü.

Məhəmmədsadıq Aranın bizim Ədəbiyyat fakültəsində öyrənə biləcəyi elə bir şey yox idi. Onsuz da Füzulini əzbərdən bilirdi. Fars dilini də yaxşı bildiyi üçün bütün Divan ədəbiyyatımız və İran ədəbiyyatı ona açıq idi. Nəhayət, o da bir ideal və mücadilə adamı olduğundan Azərbaycanın qurtuluş savaşı üçün çalışmağa məcbur idi. Bu səbəbdən də fakültəni tərk etdi. İstanbuldakı azərilərin bir qisminin başına keçərək dərgi çıxarmaq, konfranslar vermək, təbliğati işlər görmək surəti ilə Azərbaycan davası yolunda çalışdı.

İdealını müdafiə etməkdən ötrü harada imkan tapırdısa, ora can atırdı. Bu səbəbdən hətta bir ara Finlandiyaya gedərək orada türk dilində qəzet də çıxardı.

Sərf etdiyi qüvvə və enerjinin müqabilində Məhəmmədsadıqın savaşı o qədər də bol bəhrələr vermirdi. Amma özü də bundan qətiyyən rəncidə olmurdu. Bezmək, ümidsizliyə qapılmaq anlayışları onun lüğətində yox idi.

Yuxarıda onun dəliqanlı olduğunu xatırlatmışdım. Həqiqətən də, elə idi. Həmin səbəbdən də həmvətəni olan azərilərin çoxu ilə dil tapıb anlaşa bilmirdi. “Göz yummaq” nədir bilmirdi. Bəlkə də, güclü cəhəti özünü bunda göstərirdi. Mən onun azərbaycanlı tələbələrin məsələlərini həll etmək üçün sağlamlığını təhlükə altına qoyaraq necə çalışıb-vuruşduğunu görən bir adam kimi bunu deyirəm. Məndən 8-10 yaş böyük idi və yaşadığımız bu günlərdən 10 il əvvəl çox ağır bir ağciyər əməliyyatı keçirmişdi. Ona çox danışmaq, çox isti və çox soyuq şeylər yeyib-içmək, özünü yorub əldən salmaq olmazdı. Amma Məhəmmədsadıq yalnız çox isti və çox soyuq şeylər içməməklə bağlı yasaqlara əməl edir, danışmaq və özünü yormamaq məsələsində isə heç bir sərhəd tanımırdı. Çünki çayı çox isti içməsə də olardı. Amma mübarizəni davam etdirməsi üçün çox danışması və çox yerlərə baş vurması zəruri idi.

İstanbulda, Cahangir məhəlləsində yaşayırdı. İstanbulun adamı üzüb əldən salan isti, rütubətli havalarında dəfələrlə Cahangirdən Süleymaniyyədə olan iş yerimə, yaxud Qartal Maltəpədəki evimə gəlmişdi. Bütün bunları həmvətənlərini - azərbaycanlı tələbələri məktəblərə yerləşdirmək üçün edirdi. Əlbəttə, yalnız mənim yanıma gəlməklə məsələ bitmədiyinə görə uzun-uzadı çəkən müzakirələrimizdən bir nəticə hasil etmək və çıxardığımız qərarları yerinə yetirmək üçün başqa yerlərə, bəzən hətta Ankaraya da getməli olurdu. Yorğunluğunun ciyərlərinə mənfi təsiri səsinin xırıldamasından hiss olunurdu. Lakin həyatını bütünlüklə Azərbaycana qurban vermək məsələsində qərarlı olan Məhəmmədsadıq bircə azəri gəncini də məktəbə yerləşdirə bilmək üçün həyatını fəda etməkdən ən kiçik tərəddüd göstərəcək şəxsiyyət deyildi. Hərdən ona “Türklər üçün çalışan bir Mustafa Kamal Atatürk, qaqauzlar üçün çalışan bir Həmdullah Sübhi Ataqaqauz olduğu kimi, azərilər üçün çalışan bir Ataazəri də var. O da sənsən!” - deyə sataşmağım da olurdu.

Söhbətlərimiz daim zarafat üstə köklənirdi. Hökumətin milliyyətçilik baxımından yanlış bir qərarı olan kimi “Siz osmanlılar Türkiyəni batırdınız!” - deyə sözə başlayır, işin yanlış tərəflərini bütün dəqiqliyi ilə açıb göstərir, araya bir lətifə, yaxud atalar sözü qataraq söhbətini bitirirdi. Bəzən mənə yalnız “Osmanlı” deməklə kifayətlənməz, təmsil etdiyi azəriləri də “əcəmlər” adlandırar və əski Osmanlı-Səfəvi savaşlarını göz önünə gətirərək söhbətlərimizə bir nəşə havası qatırdı.

Azərbaycanlıların xalq yaradıcılığında Şah İsmayılın Sultan Səlimi məğlub edərək İstanbulu ələ keçirmələri haqqında bir rəvayət də varmış. Bunu qəhqəhə ilə gülərək mənə danışmışdı. Bir gün telefonla məni aramış və “Bura Şah İsmayılın qərargahıdır!” - deyə özünü təqdim edib ardınca məndən də “Bura da Yavuz Sultan Səlimin qərargahıdır!” - cavabını alınca, “Canım, mən indi bir balaca lovğalanmaq fikrinə düşdüyüm anda heç Yavuzu xatırlatmağın yeri idimi?” - deyə gülmüş və məni də güldürmüşdü. Şah İsmayılın adı ilə məni “qorxuda” bilmədiyini görüncə başqa bir dəfə telefon açdığı zaman “Bura Axsaq Teymurun qərargahıdır. Osmanlının dərsini verməyə gəlirik!” - dediyi zaman məndən “Axsaq Teymur bizdən əvvəl sizin ölkəni viran qoydu” - cavabını alarkən yenə də gülə-gülə “Elə bu qədər bəsdir. Daha aranı qarışdırma!” - demişdi.

Məhəmmədsadıq Aran bütün ömrünü azərbaycanlıların mübarizəsinə həsr etsə də, yalnız sadəcə bir azərbaycançı deyil, daha çox türkçü idi. Azərbaycanın ayrıca dövlət olmasını deyil, Türkiyənin şərq hissəsini təşkil etməsini istəyir və “Nə edək? Siz Osmanlılar yardıma yetişmədiyiniz üçün biz də öz başımızın çarəsini özümüz qıldıq” - deyirdi. “Sənan” təxəllüsü ilə yazdığı şeirlərin bəziləri uğurlu alınmışdı. Bunlarda milli ideala sədaqət, eyni zamanda bir hüzn yükü duyulmaqdadır. O şeirlər toplanıb bir kitab halında çap edilsəydi, nə gözəl olardı!

Məhəmmədsadıq Aran da şimali azərbaycanlıların, yəni Rusiya hakimiyyəti altındakı azərbaycanlıların əksəriyyəti kimi şiə təriqətinə mənsub idi. İslamı çox gözəl bilirdi. Lakin şimal azərbaycanlıları hələ çar zamanında din məsələsini çox gözəl həll edərək dünyəvilik yolunu tutduqları üçün onda da təəssübkeşliyin hər hansı əsər-əlamətinə təsadüf edilmirdi. Türkiyədə bu son iyirmi ildə sayları daha da artan cahillərin əsla qəbul edə bilməyəcəkləri bir tərzdə danışırdı. Bir dəfə yenə də telefonda əhvalımı sorarkən “Necəsən? Mən bir sünni namazı qılacağam. Sən də orada bir şiə namazı qıl!” - deyə zarafat etmişdi.

Əslən İstanbuldan və kübar ailədən olan bir müəllimə xanımla evli idi. Bir gün yenə Cahangir məhəlləsindəki evində öz əli ilə dəmlədiyi nəfis çayı içdiyimiz zaman həmişəki qaydası üzrə danışdığı üçün xanımı üzünü mənə tutaraq “Canım, bu adam kimdir, Allah eşqinə, sünnimi, şiəmi, dinsizmi, mən hələ anlamadım - demişdi. Mən isə “Heç birindən deyil, şamandır” - cavabını vermişdim. Məhəmmədsadıq Aran da zarafat tərzinə ara vermədən “Bax əsl doğrusunu sən tapdın!” - deyə sözümü təsdiqləmişdi.

Zarafatcıllıq və yaxşı mənada məsxərə onun təbiətinin əsas xüsusiyyətlərindən idi.
Uzun illər Cahangir məhəlləsində, Sormagir küçəsindəki 111 saylı evdə yaşamışdılar. Küçələrində meydana çıxan bir problemlə əlaqədar bələdiyyə idarəsinə göndərdiyi ərizədə ünvanı unutmasınlar deyə onu şeir şəklində aşağıdakı kimi qeyd etmişdi:

Cahangir
Sormagir
Yüz on bir.

Əziz qardaşım Məhəmmədsadıq Aran! Sən tüfəngindəki son gülləyə qədər vuruşan əsgər kimi üzərinə götürdüyün vəzifəni sona qədər layiqincə yerinə yetirərək aramızdan getdin. İnsanlar xatırlandıqca yaşayırlar. İnanıram ki, uzun zaman dillərdə anılacaq, sonra isə türkçülük tarixindəki həqiqi yerini tutacaqsan. Sözlərimi burada bitirərkən dəfələrlə sənə dediyim bir kəlməni yenə də təkrar edəcəyəm: sən buna qarşı çıxsan da, yenə də güneyi, quzeyi ilə birlikdə bütün Azərbaycanı əldə edəcəyik!...”.

(Növbəti yazımızda Atsızın Əhməd Cəfəroğlu haqqında yazdığı nekroloqu təqdim edəcəyik)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər