17 Dekabr 2018 15:09
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşəbbüsü ilə "Azərbaycanıbn media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, media kapitanları, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, noyabr ayı ərzində qurum tərəfindən 25 KİV monitorinqə cəlb olunub.

O bildirib ki, Mətbuat Şurası yaranan gündən Azərbaycan dilinin qorunmasına böyük əhəmiyyət verir: "Mətbuat Şurasının dil üzrə monitorinq qrupu daim monitorinqlər keçirir, yanlışlıqlarla bağlı fikirlərini bildirir".

Ə. Amaşov qeyd edib ki, Azərbaycan dilinin qorunması məsələsi ölkə qanunvericiliyində, qəbul olunan sənədlərdə ciddi şəkildə öz əksini tapıb: "Bu, kifayət qədər əhəmiyyətli məsələdir və biz bu məsələləri daim diqqətdə saxlamağa borcluyuq. Dillə bağlı problemlər hamımızın ümumi problemidir. Bu baxımdan çatışmazlıqları düzgün qəbul etməli və nöqsanlara yol verməmək üçün çalışmalıyıq".

Azərbaycan Mətbuat Şurasının dil üzrə monitorinq qrupunun rəhbəri İlham Abbasov noyabr ayında aparılan monitorinqin nəticələrini açıqlayıb. O bildirib ki, dilin qorunması ilə bağlı Azərbaycan Prezidenti tərəfindən müvafiq sənədlər imzalanıb: "Bu prosesdə alimlər də iştirak edir. Monitorinqlərə təkcə yazılı deyil, elektron resurslar da cəlb olunub. Monitorinqə 15 qəzet, 10 sayt cəlb edilib".

İ. Abbasov söyləyib ki, aparılan monitorinqin nəticələrinə görə, KİV-də leksik pozuntularla bağlı xeyli azalma müşahidə olunsa da qrammatik pozuntular qalmaqdadır: "Durğu işarələrində nöqsanlar, üslub-ifadə formasında müəyyən çatışmazlıqlar qalmaqdadır".

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, monitorinqin nəticələrə görə səhvlərin çoxu texniki xarakter daşıyır: "Mətbuat orqanında məsul katib və ya korrektor varsa, elə böyük səhvlər olmayacaq. Maliyyə vəziyyətinə görə qəzetlər istədiyi ştatları saxlaya bilmirlər.

Media və televiziyada ədəbi dilin qorunması üçün layihələr həyata keçirməyi vacib heasb edirik.

Fikrimcə, KİV-də səhvlərin aradan qaldırılması üçün uyğun tövsiyələrin verilməsi də ümumi işə kömək olar".


Müəllif: Aytən

Oxşar xəbərlər