18 Dekabr 2018 14:24
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən jurnalistlər üçün “Qida təhlükəsizliyi üzrə media təlim”ə start verilib. Məqsəd media nümayəndələrinin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq və agentliyin qida təhlükəsizliyinin təbliği istiqamətində gördüyü işlər barədə ictimaiyyəti daha dolğun məlumatlandırmaqdır.

3 gün davam edəcək təlimlərdə 30-a yaxın media nümayəndəsi iştirak edəcək. Onlara Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin KİV-də işıqlandırılması zamanı obyektivliyin, şəffaflığın təmin olunması və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsində medianın rolu, qida təhlükəsizliyinin təmin olunması, heyvan sağlamlığı və baytarlıq, eləcə də bitki sağlamlığı və fitosanitar nəzarətinin təşkili, qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subkeytlərinin qeydiyyat prossesi və onlarla əməkdaşlıq, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində aparılan dövlət nəzarəti tədbirləri barədə ətraflı məlumat veriləcək.

Təlimlərdə Qida Təhlükəsizliyi Agentliyinin rəhbər şəxsləri və mütəxəssisləri təqdimatlarla çıxış edəcəklər. Eyni zamanda, jurnalistlər qida təhlükəsizliyi sahəsində təbliğat və maarifləndirmə, sağlam qidalanmanın təşviqi istiqamətində Agentliyin gördüyü işlər barədə ətraflı məlumatlandırılacaq.

Təqdimatlardan sonra sual-cavab sessiyasında media nümayəndələrini maraqlandıran suallar cavablandırılacaq.

Təlimin ilk günündə heyvan sağlamlığı və baytarlıq sahəsində həyata keçirilən tədbirlər çərçivəsində qanunsuz heyvan kəsimi ilə bağlı görülən işlər, aparılan maarifləndirmə tədbirləri, müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı qarşıya qoyulan əsas hədəflər jurnalistlərin diqqətinə çatdırılıb.

Onlara heyvan kəsimi sahəsində beynəlxalq təcrübə və AQTA-nın bu istiqamətdə atacağı addımlar barədə məlumat verilib.

Qeyd edək ki, agentlik əhalinin sağlam qida ilə təmin olunması və qida təhlükəsizliyi sahəsində maarifləndirilməsində media institutları ilə sıx əməkdaşlıq edir və jurnalistlərin bu sahədə biliklərinin artırılmasını daim diqqət mərkəzində saxlayır.


Müəllif: Aytən