28 Dekabr 2018 09:01
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın yeni hakimiyyəti əvvəlkilərin səhvini təkrar etsə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, istənilən yolla torpaqlarımız işğaldan azad olunacaq. Ağıllı olsalar, bu problemi dinc yolla həll edəcəyik. Çox arzulayıram ki, hansı yolla olursa-olsun, 2019-cu il münaqişənin həllinin başlanğıc ili olsun”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, Milli Məclisin Xankəndindən seçilən deputatı Flora Qasımova deyib.

Onun sözlərinə görə, Ermənistanda “Qarabağ klanı” müharibə caniləri idi: “Onlar öz qorxularından heç vaxt iki xalqın barışığına icazə verməzdilər. Çünki öz axırlarını bilirdilər, yaxşı başa düşürdülər ki, sonda cəzasız qalmayacaqlar, o cəzadan qaçmaq üçün dinc danışıqlara həmişə əngəl törədiblər. Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə Erməni İcmasının hər zaman görüşünə mane olurdular. Sadə insanlar rahat və firavan yaşamaq istəyir. Yaxşı yaşamaq üçün qonşunla mehriban olmalısan. Ermənistan isə Azərbaycan, Türkiyə və Gürcüstana qarşı torpaq iddiasındadır. Necə yaxşı dolana bilər? Bizdə belə bir el məsəli var, özünə bir inək istəyəndə, qonşuna iki inək istə. Biz həmişə qonşunun bizdən də yaxşı olmasını istəmişik, bilirik ki, o yaxşı olanda bizə də yaxşı olacaq. Ermənilər iki əsrdir böyük xülya ilə yaşayırlar, inşallah, o arzuları ürəklərində qalacaq”.

Millət vəkili vurğulayıb ki, doğma yurd-yuvalarından didərgin düşən insanlar öz əzizlərinin qəbrini ziyarət edə bilmir, onlar öz evlərinə dönmək istəyirlər:

“Bu insanlara təskinlik verən amil ölkə başçısına inam hissidir. Çünki Azərbaycan prezidenti bu illər ərzində işğal faktından qurtulmaq üçün hər saat Qarabağ probleminin həlli ilə məşğul olub. Ordumuzun güclü orduya çevrilməsi, Azərbaycanın nüfuzunun dünyada yüksəlməsi, iqtisadiyyatımızın güclənməsi, beynəlxalq layihələrdə iştirak Qarabağ probleminin həllinə xidmət edən məsələlərdir. Ən əsası, daxildə yaradılan sabitlik bütün müvəffəqiyyətin əsasını təşkil edir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər