Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrin etimadnaməsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr fəxri qarovul dəstəsinin qarşısından keçib.
Haməd bin Abdullah bin Səud bin Xudeyr etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən dövlət başçısı əməkdaşlığın yüksək səviyyədə olduğunu, güclü siyasi əlaqələrin qurulduğunu bildirərək ölkələrimizin bir-birini beynəlxalq təşkilatlarda dəstəkləməsinin bunun parlaq təzahürü olduğunu deyib. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı və ədalətli mövqeyini ardıcıl surətdə dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb. Dövlət başçısı ölkələrimizin iqtisadi, ticarət, investisiya sahələrində əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı maraq göstərdiklərini və bu istiqamətdə birgə fəaliyyət həyata keçirdiklərini bildirib. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanından ölkəmizə gələn turistlərin sayının sürətlə artmasını əlaqələrimizin gözəl nümunəsi kimi dəyərləndirib. Dövlət başçısı əməkdaşlığımızın geniş gündəliyə malik olduğunu qeyd edərək Haməd bin Abdullah bin Səud bin Xudeyrin səfir kimi fəaliyyəti dövründə qardaşlıq münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr xoş sözlərə görə minnətdarlığını bildirərək İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlət başçısına çatdırıb. O vurğulayıb ki, Kral Salman bin Əbdüləziz Al Səud Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir.
Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, iqtisadi-ticari, investisiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. O, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkür edib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş edib.
***
11:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrin etimadnaməsini qəbul edib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.