Təbriz Universitetinin bir qrup müəllimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar. Onları İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi müşayiət edib.
İnstitutdan verilən məlumata görə, təbrizli müəllimlər Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ilə görüşüblər.
G.Baxşəliyeva qonaqlara Şərqşünaslıq İnstitutunun tarixindən bəhs edib, İnstitutda iranşünaslıq sahəsində aparılan tədqiqatlar barədə məlumat verib.
İ.İbrahimi rəhbərlik etdiyi Mərkəzin Şərqşünaslıq İnstitutu ilə əməkdaşlığından məmnunluğunu bildirərək, bu sahədə gələcək perspektivlərdən danışıb.
Təbriz Universitetinin müəllimlərindən tanınmış ədib dr. Fərşbafian, iqtisadçı dr. Ağacani, coğrafiyaşünas dr. Nikcuh, Təbriz Universiteti Muzeyinin müdiri, tarixçi dr. Əbdullahi təmsil etdikləri ali məktəbin Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildiriblər.
Təbriz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini bildirən qonaqlar Şərqşünaslıq İnstitutu ilə birgə elmi tədbirlərin keçirilməsi, tələbələrə elmi dəstək göstərilməsi, kadr mübadiləsi, kitab nəşri və s. ilə bağlı əməkdaşlıq imkanlarından söz açıblar.
Görüşdə Təbriz Universiteti ilə Şərqşünaslıq İnstitutunun 2014-cü ildə müştərək keçirə biləcəyi bir neçə elmi tədbirin perspektivləri müzakirə olunub.