Təkcə türk dünyasında deyil, bütün İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik və bu respublikanın qurucusu Məhəmmədəmin Rəsulzadənin anadan olmasının 135 illik yubileyi ərəfəsində “Vətən ayrısı Rəsulzadələr” kitabı ictimaiyyətin ixtiyarına buraxıldı.
Kitabın müəllifi istedadlı publisist, gözəl tədqiqatçı, Azərbaycan Dövlət Radiosunda müxtəlif verilişlərin müəllif-aparıcısı Nəcibə Bağırzadədir.
Nəcibə Bağırzadə Azərbaycan Yazıçılar Birliyinin Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzinin əməkdaşıdır. O, həm də həssas qəlbli şairədir, “Qanadlarımın yeri” adlı şeir kitabının müəllifidir. Tədqiqatçı-publisist N.Bağırzadə “Gecikmiş etiraf kimi”, “Azərbaycan həsrəti”, “Uzaqdakı yaxınlar” kimi Azərbaycanın ictimai və mədəni həyatında iz buraxmış bir neçə kitabın müəllifidir. Şərqin günəşi hesab edilən M.Ə.Rəsulzadə xalqımızın ictimai-siyasi həyatına o qədər dərin nüfuz edib ki, onun həyat və fəaliyyəti ilə bağlı araşdırma aparan insanlar, ziyalı olub olmamasından asılı olmayaraq, bu cazibənin təsiri altına düşürlər. Haqqında bəhs etdiyimiz kitabın müəllifi də məhz bu irsin vurğunlarından biridir və “Vətən ayrısı Rəsulzadələr” əsəri də onun əvvəlki kitablarının davamı olaraq bu vurğunluqdan, bu aşiqlikdən ərsəyə gəlib.
Kitabda “Azərbaycan sevdasını Azərbaycan həsrəti ilə bir yaşayan” M.Ə.Rəsulzadənin taleyi ilə ailəsinin, ətrafındakı insanların taleyi arasındakı xəttlər gah birləşərək vahid vətən amalına qulluq edir, gah da bir-birindən ayrılaraq ana-balalıq, bacı-qardaşlıq və s. düşüncələrlə ürəkləri yandırır. N.Bağırzadə kitabda məişət detallardan tutmuş qəhrəmanlarının keçirdikləri ali hisslərə kimi bütün yaşantıların ən həssas nöqtələrinə toxunmağa cəhd göstərib. Dərin zəkaya malik olan M.Ə.Rəsulzadənin şəxsiyyəti, erudisyası, zamanı qabaqlamaq bacarığı və başqa keyfiyyətləri haqqında danışdıqca danışmaq olar və müəllif demək olar ki, hər mövzuda bu şəxsiyyətin davranışına və ideyalarına söykənir. O, Məhəmmədəminin babası, əmiləri, atası, həyat yoldaşı haqqında müxtəlif məlumatlar versə də, üstünlüyü daha çox Ümgülsümə, həyat yoldaşı Seyid Hüseynə və onların övladlarına verib. “Repressiya vaxtı bütün işgəncələrə baxmayaraq heç kəsin üzünə durmayan” nasir və ədəbiyyatşünas-tənqidçi Seyid Hüseynin, həyat yoldaşı Ümgülsümün saf məslək və əqidələri ilə yanaşı balalarına ötürdükləri zəngin mənəvi-intellektual irs kitabda konkret məktub və sənədlərin dili ilə qarşımıza çıxır.
Səba, yetir sevgilimə sözümü,
Mükəddər halımı, gülməz üzümü,
Yanıqlı ahımı, ağlar gözümü,
Aşıqlər nerədə, canlar nerədə?
Xalqın kədərini öz qəmi bilən, halı mükəddərləşən, gözü ağlayan Ümgülsüm... N.Bağırzadə bu xanımın əqidə mənsubiyyəti ilə şəxsi keyfiyyətlərini bir müstəviyə gətirərək onu bir ləyaqətli ana, ağıllı qadın, qəlbi vətən üçün yanan vətəndaş kimi oxucuya təqdim edir. Hələ həbsdə olarkən məktublarında “Dərdimə qal, amma dərdimi alma, Gəl-get bu yolları, lakin sarama”- söyləyən Ümgülsüm bu sözləri talesiz oğluna-Cığataya yazırdı.
Oğlum, can sağ olsun, hər zaman keçər,
Dünya gərdişidir, bu gəlib keçər,
Təcrübədir, insnlara dərs verər,
Ayıq olsun adam, qəflət olmasın.
Çox gənc ikən həyatı tərk edən Cığatayın düşüncələri, mütaliəsi və maraq dairəsi N.Bağırzadənin gərgin axtarışları nəticəsində məktublardan, xatirə dəftərələrindən bizlərə də bəlli olur:
Nə olsun ki uzaqdasan,
Uzaq ağıl yetişdirir.
Uzaq vücudları ayırır,
Lakin qəlbi yetişdirir...(Cığatayın həbsdə olan anasına göndərdiyi məktubdan)
Qəribədir, deyilmi? Cığatay kimi Ümgülsümün o biri övladlarının da məktubları təxminən bu qədər heyrət doğurur. Bu məktublarda xəstəlik, aclıq, fəlakətdən yox (halbuki Cığatay 24 yaşında xəstəlikdən, baxımsızlıqdan həyatını itirmişdi), daha çox təhsildən, yaradıcılıq düşüncələrindən, vətənə, ailəyə, nəsilə ləyaqətlə xidmət etmək yollarının axtarışlarından danışılır. “Ana, Ata!” deyib gözləri yollarda qalsa da, bu yazılarda ağrı-acıdan, nalə-fəryaddan çox ədəb-ərkan, hörmət, iffət hissləri ilə qarşılaşırıq. Müəllif bu zamandan o zamana körpü salan bu nəslin ləyaqətli davamçıları olan Oqtay, Toğrul və Qumral Sadıqzadələrin, Səyyarə xanımın və onların övladlarının ömür yoluna da nəzər salıb, bu insanların həyatının müxtəlif məqamlarına çox incə bir şəkildə nüfuz etməyi bacarıb.
Ziyalı sözü bir çox zamanlarda və məkanlarda yüksək təsiredici qüvvəyə malik olub, ziyalı əməyi ictimai şüura təkan verən güclü amil hesab edilib. Bu mənada Nəcibə Bağırzadənin təqdim etdiyi mövzu istər mündəricə, mahiyyət baxımından, istərsə də ədəbi-estetik təsir gücünə görə əsil ziyalı sözüdür.
Filologiya üzrə fəlsəfə doktoru,
dosent Aytac Zeynalova Xalid qızı