11 Mart 2019 16:55
8 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Teleqraf.com yeni rektorun tərcümeyi-halını təqdim edir.

Elçin Səfəralı oğlu Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Elm sahəsi astrofizika, radioastronomiyadır.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini, ŞAR-ın “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin rəhbəridir.

21 oktyabr 2009-cu ildən bu günədək Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində çalışıb. Fond Prezident İlham Əliyevin yanvarın 14-də imzaladığı Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanına əsasən fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilib.

Elçin Babayev 2005-c ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Onun atası Səfəralı Babayev (1923-2003) coğrafiya elmləri doktoru, AMEA-nın müxbir üzvü olub. Uzun illər bir sıra vəzifələrdə çalışıb, o cümlədən 1957-ci ildən Naxçıvan Muxtar Respublikası maarif nazirinin müavini, 1968-ci ildə muxtar respublikanın maarif naziri vəzifəsində işləyib. 1959-2003-cü illərdə Respublika Coğrafiya Cəmiyyəti Naxçıvan filialının sədri olub. Səfəralı Babayev uzun illər Naxçıvan MR Ağsaqqallar Şurasının sədr müavini və sədri vəzifələrini də daşıyıb.


Müəllif: Səxavət