Bu gün tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi Real TV-nin 1 yaşı tamam olur.
Kult.az xəbər verir ki, televiziya 2018-ci il martın 5-də lisenziya alsa da, martın 15-də yayıma başlayıb.
Xəbər kanalı olan Real TV-də müntəzəm olaraq hadisə yerindən, mətbuat konfranslarından canlı yayımlar verilir, gündəmə uyğun mövzuların müzakirəsini həyata keçirilir.
M.Ağayevin ictimai-siyasi nüfuzu olan insanlarla müsahibələri zamanı ölkədə və dünyada baş verən hadisələr təhlil olunur.
Kanalın bir il ərzində ən böyük uğuru Prezident İlham Əliyevdən geniş eksklüziv müsahibə almasıdır. Belə ki, Prezident İlham Əliyev hakimiyyəti ərzində ilk dəfə Real TV-yə geniş eksklüziv müsahibə verdi və bu müsahibəki fikirlər hələ də müzakirə olunmaqdadır.
Televiziyada Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Mahir Məmmədli, Amil Hacıyev, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Ayşəm Rüstəmova, Natiq Nailəoğlu kimi peşəkar jurnalistlər çalışır.
Real TV komandasını təbrik edir, daha böyük uğurlar arzulayırıq!