18 Aprel 2019 11:31
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsində görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub. Tamaşa İstanbul Şəhər Teatrları və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilati dəstəyi ilə hazırlanıb. Səhnə əsərinin hazırlanmasında İstanbul Şəhər Teatrlarının direktoru Sedat Çakır tərəfindən mənəvi dəstək verilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, tanınmış şairə Sona Vəliyeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, səfirliyin və konsulluğun əməkdaşları, ziyalılar, media nümayəndələri və digərləri iştirak ediblər.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova, əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi isə filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır.

Baş rollarda Türkiyənin tanınmış aktyorlarından Rıdvan Çələbi, Əmrə Narcı, İskəndər Bağcılar, Şenay Bağ, Nurseli Tırışkan və Çağatay Palabıyık iştirak edirlər.

Səhnə əsərinin musiqisi xüsusi olaraq bu tamaşa üçün Azərbaycanın Xalq artisti, bəstəkar Aygün Səmədzadə tərəfindən bəstələnib.

Bu tamaşada ilk dəfə olaraq “Maping” 3D işıq cihazlarından istifadə edilib. İstanbulun teatr səhnələri üçün ilk olan, kino effekti ilə seçilən bu qurğu tamaşaya xüsusi görkəm verib.

Tamaşaya baxışdan sonra çıxış edən Məlahət Abbasova, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və tanınmış şairə Sona Vəliyeva Hüseyn Cavid kimi dahi bir yazıçını türk, eləcə də dünya tamaşaçısına tanıtmağın vacibliyini qeyd ediblər. Bildirilib ki, “İblis” Cavid dramaturgiyasının şah əsəridir. Əsərin 1918-ci ildə yazılmasına baxmayaraq, mövzu bu gün də aktuallığını qoruyur və təəssüf ki, müasir həyatımızda davam edən qarşıdurmaları özündə əks etdirir.

Çıxışlarda Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri ilə yanaşı, mədəni əlaqələrin də sıx olduğu vurğulanıb. Bu əsərin Türkiyənin ən görkəmli səhnələrindən birində tamaşaya qoyulması yüksək qiymətləndirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər