İçərişəhərdə IDEA İctimai Birliyi və “Nature and History Production”ın birgə dəstəyi ilə start verilən “Azərbaycanın 7 möcüzəsi” adlı yeni televiziya layihəsinin təqdimat mərasimi olub.
Teleqraf.com xəbər verir ki, Azərbaycanda ilk olan “Azərbaycanın 7 möcüzəsi” layihəsinin məqsədi cəmiyyətdə vətənpərvərlik hisslərini artırmaq, milli-mədəni və tarixi irsimizi qorumaq, Azərbaycan tarixinin mübahisəli və təhrif edilmiş faktlarını dövrün tarixi abidələri fonunda öyrənərək araşdırmaq, ölkəmizin ərazisində yerləşən tarixi, mədəni və təbii obyektlərin tanıdılmasına, qorunmasına və bərpa edilməsinə diqqət yönəltməkdir.
Həmçinin “Azərbaycanın 7 möcüzəsi” layihəsi ölkə daxilində və xaricində Azərbaycanın tarixi, mədəni və təbii incilərini tanıtmaqla yerli və xarici turizmin, eləcə də həmin ərazilərdəki infrastrukturun inkişafına təkan verməyi öz qarşısına məqsəd qoyub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, ictimai-siyasi xadimlərin, xarici səfirliklərin nümayəndələrinin, elm adamlarının, tanınmış mədəniyyət və incəsənət ustalarının, eləcə də digər peşə sahiblərinin qonaq olduğu tədbir çox maraqlı anlarla yadda qaldı. Xüsusi olaraq hazırlanan, layihənin mahiyyətini əks etdirən məkanın dekorasiyasında tariximizi əks etdirən atributlar, mənəvi dəyərlərimizi ifadə edən geyimlər xüsusi diqqət çəkdi. Bunlardan əlavə, məkanın interyerində hazırlanan qala maketi və üzərində insan təsvirlərinin əks olunduğu iri qaya daşları qonaqları məkana daxil olarkən tam fərqli hisslərə bürüyüb, keçmişə kökləyib.
Tədbirdə çıxış edən “Nature and History Production”ın rəhbəri Hikmət Nağdəliyev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev layihə haqqında öz fikirlərini bölüşdülər.
Təqdimatın sonunda “www.yeddi.az” saytında “Azərbaycanın 7 möcüzəsi” layihəsinin səsverməsinə start verilib.
Tədbirə dəvət olunan qonaqlar daha sonra qədim musiqi alətlərindən ibarət ansamblın çıxışlarını dinləyiblər.