Belqradda Azərbaycan və Serbiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr baş tutub.
Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Serbiya tərəfdən isə Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru Zoran Vuyiç rəhbərlik edib.
Tərəflər iki ölkə arasında dostluq və əməkdaşlıq şəraitində inkişaf edən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin iki ölkənin tərəqqisi üçün vacib amil olduğunu qeyd ediblər. Azərbaycanın bilavasitə təşəbbüsü, dəstəyi ilə həyata keçirilən regional, beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri, o cümlədən BTC neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi və onun tərkib hissələri olan TANAP, TAP layihələri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsinin ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı və bu gün artıq beynəlxalq nəqliyyat qovşağına çevrilməsinin bariz nümunəsi olduğu vurğulanıb.
Tərəflər Azərbaycanla Serbiya arasında dövlət və hökumət başçıları səviyyəsində daimi əsasda davam etdirilən siyasi dialoqun müstəsna rolunu önə çəkiblər. Qeyd olunub ki, bu günədək iki ölkə arasında 31 sənədin imzalanması və bir sıra sazişlərin baxılmaqda olması əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsindən xəbər verir. O cümlədən strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyi bildirilib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi, həmçinin Kosovo və Metoxiya məsələsi, bölgədə baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, Azərbaycanla Serbiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti və biznes forumlarının təşkilinin ikitərəfli əməkdaşlığın zəngin potensialından daha səmərəli şəkildə faydalanmağa əlavə təkan verə biləcəyi barədə ümumi fikirlər səsləndirilib.
Aparılan fikir mübadiləsi zamanı Azərbaycan və Serbiyanın BMT və digər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və qarşılıqlı dəstək göstərilməsinin perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.
Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Daha sonra Azərbaycan nümayəndə heyəti Serbiya parlamentinin sədr müavini Vladimir Marinkoviçlə görüş keçirib. Görüşdə iki ölkənin parlamentləri arasında fəal əməkdaşlığın olduğu, qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığı məmnunluqla ifadə edilib.
Səfər çərçivəsində nümayəndə heyəti Belqrad şəhərində “Taşmaydan parkı”nda ucaldılmış ümummilli lider Heydər Əliyevin heykəlini ziyarət edib, önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib. Bundan başqa, nümayəndə heyəti görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini, 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş uşaqların xatirəsinə həsr olunan “Biz sadəcə uşaqlar idik” abidəsini də ziyarət edib.
Sonra nümayəndə heyəti Serbiyanın Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzini, səfirliyi və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib, Serbiyadakı Azərbaycan icması ilə görüşüb.