10 İyun 2019 16:43
3 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizimlə eyni dünyada gözəgörünməz varlıqların yaşadığını qəbul etmək istəmirik, ya da şüurumuz bunu dərk edəcək səviyyədə deyil. Ara-sıra ətrafda fövqəltəbii hadisələrin baş verməsi haqda məlumatlar olsa da, insanlar bunu dilə gətirməyə çəkinirlər. Çünki belə xəbərlərə əksər hallarda ya inanan olmur, ya da onlara sübut tapılmır...

Bununla belə, zaman-zaman qeyri-adi, ağlasığmaz hadisələrin baş verməsi insanlarda daxilən qorxu və narahatlıq yaradır...

Bir neçə Bakı sakini şahidi olduqları qəribə hadisələri belə dilə gətiriblər:

Ruhlar bizə yaşamağa imkan vermir…

Zərif Bayramova : Bizim iki mərtəbəli həyət evimiz var. Hər axşam ikinci mərtəbənin pilləkənlərindən ayaq səsləri eşidilir. Bilmirəm, ruhdur, cindir, nədir, amma bizə yaşamağa imkan vermir. Elə bil ki, bir neçə uşaq pilləkənlərdən tullanaraq düşür. Səslər o qədər aydın gəlir ki, adamı vahimə basır.

Nuranə Zeynalova : Evdə tez-tez xışıltı səsi gəlir. Səslər daha çox mətbəxdə eşidilir. Əvvəl elə bilirdim bu səsi tək mən eşidirəm. Uşaqlarım deyəndə ki, mətbəxdə kimsə var, anladım ki, düşündüklərimdə haqlıyam. Onların qorxmaması üçün səsin qonşudan gəldiyini deyirəm. Amma özüm səs gələn tərəfi yoxlayıram, soyuducunu çəkib arxasına baxıram. Di gəl, heç nə görünmür...

İlahə Zamanova : Bəzən evimizdə televizorun üstündən yerə nə isə yerə düşdüyünü görürəm. Yaxud evdə vazaya qoyduğum güllərin başının qoparıldığının şahidi oluram. Bəzən də evin hansısa küncündə buludabənzər ağ varlığın oturduğu gözümə görünür.
Hərdən də əlimlə qoyduğum və dəqiq xatırladığım əşyanı yerində yox, ağlıma gəlməyən, gec-gec açdığım bir yerdən tapıram...
Bütün bunlardan, çox üşənirəm, tək olanda məni vahimə basır.

Bütün bu paranormal halların elmdə, dində necə izah olunduğunu öyrənmək üçün mütəxəssislərə müraciət elədik.

“Domovoy”lar qəzəblənəndə evdə səs-küy yaradırlar

Ekstrasens Aqil Məhərrəmovun fikrincə, evlərdə qoruyucu ruhlar mövcuddur.

Onun News24.az-a açıqlamasına görə, evi qoruyan ruhlar insanlar arasında «domovoy» kimi tanınır və onlar bəzən ev sahibinə mövcudluğuqlarını hay-küyləri ilə bildirirlər: “Evdə “domovoy”ların səs-küy salmasının müxtəlif səbəbləri var. Mənzildə gedən təmir onları narahat edir. Yaxud mebellərin, əşyaların dəyişdirilməsi onlara xoş gəlmir. Ən əsası isə ruhlar evdəki dava-dalaşlar, söz-söhbətlərlərdən qıcıqlanırlar.
Daha bir səbəb isə evdə körpə uşağın olmasıdır. “Domovoy”lar balaca uşaqlarla oynamağı sevirlər.

Ümumiyyətlə, qoruyucu ruha qarşı diqqətsizlik olanda, o evdə problem yaranır. Bundan sonra evdə səslər eşidilir, qoyduğun əşyaların yerində tapa bilmirsən. Ruhların sakitləşmələri və ya ev sahibindən məmnun qalmaları üçün onları qənd, yaxud südlə qidalandırmaq lazımdır. Bunları mətbəxdə ən hündür yerə, ya da hamı evdən çıxıb gedəndən sonra qapının girişinə yerləşdirməlisən. Xristian ölkələrində bunu çox adam edir, amma müsəlman ölkələrində belə şeylər qəbul olunmur deyə bundan xəbərsizdirlər. Ona görə də bəzi evlərdə belə xoşagəlməz hallar baş verir”.
Ektrasens onu da əlavə etdi ki, bəzən insanlar evdə baş verən bu halları cinlərlə əlaqələndirirlər. Amma bunun cinlərlə heç bir əlaqəsi yoxdur: “Əslində evdə «domovoy»ların olması müsbət haldır. Onlar evi, ailə üzvlərini bədbəxt hadisələrdən qoruya bilirlər. Onu da deyim ki, yeni tikilən binalarda «domovoylar» olmur».

Din ruhların olduğunu inkar etmir!

İlahiyyatçı Hacı Şahin Həsənli isə evdən gələn səslərin səbəbini belə izah edib: “Mən hər şeyi kökündən inkar etmək istəmirəm. Dinimiz bizə müxtəlif varlıqlar, cinlər, mələklər haqqında məlumat verir. Amma görmədiyimizi təsdiqləyə bilmirk. Deyək ki, emprik, dəqiq elmlər yalnız maddi aləmi tədqiq edə bilir. Mənəvi, metafizik aləm haqqında xəbər vermək, ümumiyyətlə bu elmlərin səlahiyyətinə daxil deyil. Biz bu aləmin varlığını düşüncə, şüur, fəlsəfi baxımdan kəşf edə bilirik. Peyğəmbərlər də bizə bu barədə xəbər verir. Yəni bu varlıqlar mövcuddur. Ona görə ki, ağıl bunların varlığını inkar edə bilmir. Ehtimal olunur ki, bunlar mövcuddur. Digər tərəfdən Rəbbimiz bizə peyğəmbərlərin vasitəsilə onlar haqqında məlumat verir. Belə hallara çox rast gəlinir, deyirlər, evdən səslər gəlir, buna gah “ruhdur”, ya da “cindir” deyirlər. Amma mən düşünürəm ki, bunların çoxu qarabasmadır. Belə insanlarla söhbət edəndə görürəm ki, onların bəziləri iradəsi zəif olanlardır. Əlbəttə, bu hamıya şamil olunmur. Bunun başqa səbəbləri də ola bilər".

Əgər gözünə görünən varsa…

Psixoloq Gülnar Orucova isə hesab edir ki, insanların gözünə qeyri-adi nə isə görünürsə və ya onlar səs eşidirlərsə, bu paranormal hal adlanır. Psixoloqun sözlərinə görə, bu problemin öz səbəbləri var: “Hər hansı ciddi psixoloji gərginlik keçirən insanda - travma almış, qəzadan çıxmış, yaxınını itirmiş və ya bu tipli hadisələr yaşamış insanlarda postravmatik stresslər yaranır. Bəzən hərbi xidmətdən sonra da,postrvmatik stresslərin olması müşahidə edilir. Bu stress özünü 6-8 ay sonra büruzə verməyə başlayır. Həmin dönəmlərdə insnlarda paranormal, özünə qapanma halları ola bilər. Belə insanlar bəzən hansısa məxluqların gözünə görünüyünü deyirlər. Bəzən isə onlara elə gəlir ki, kimsə əmr edir, göstəriş verir”.
Psixoloq hansısa gözəgörünməyən varlığın mövcudluğunu, onunla təmasını söyləyənlərin bir çoxunun ciddi psixi problemləri olduğunu da qeyd edib: “Düzdür, mən belə varlıqların yoxluğunu tam inkar edə bilmirəm. Amma “gözümə adam göründü” və ya “kimsə toxundu” deyilməsi artıq ciddi problemdən xəbər verir.Belə hallar şizofreniyadan əziyyət çəkən adamlarda olur. Bu halların yaşanmaması üçün həmin adamlar əsəbdən, stresdən uzaq olmalıdırlar. Əgər belə olmasa, insan “qulağıma səs gəlir”, “kimləsə söhbət edirəm” deməkdə davam edəcək. Məsələn, mənə bir valideyn müraciət edib deyir ki, övladı ağacın dibində kiminləsə məsləhətləşir. Uşağın gözünə görünən “şəxs” ona nə eləməli olduğu haqda göstərişlər verir. Belə hallar baş verdikdə mütləq mütəxəssisə müraciət etmək lazımdır. Elm sübut edir ki, insana nəyinsə elə gəlməsi, beyinin yanlış məlumatdır. O, gördüyünü iddia edir, haqlı olduğunu sübut etməyə çalışır, amma bu, hallisünasiyadır. Bəzən elə dərmanlar da olur ki, o dərmanları qəbul etdikdən sonra da insanda hallisünasiyalar yaranır. Psixotrop dərmanlar da qəbul etdikdən sonra dediyimiz hallar baş verə bilər". / News24.az /


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər