25 İyun 2019 00:33
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İdarəetmə sahəsində zəngin biliyə və təcrübəyə malik ümummilli lider Heydər Əliyevin qarşıya qoyduğu mühüm vəzifələrdən biri də dövlət quruculuğu sahəsindəki islahatların vacibliyi və bu islahatları layiqli şəkildə həyata keçirməyi bacaran peşəkar kadrların hazırlanması idi. Bu siyasi kurs hazırda Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bu günlərdə kadr dəyişiklikləri ilə bağlı imzaladığı növbəti sərəncamlar siyasi idarəçilik sferasında mühüm dəyişiklikləri özündə ehtiva edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu kadr islahatları ardıcıl kompleks islahatların tərkib hissəsidir və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir".

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov Prezidentin kadr siyasətini şərh edərkən bildirib.

"Hazırda ölkənin demək olar ki, bütün fəaliyyət sferalarında gənc kadrlarla yanaşı təcrübəli kadrların fəaliyyətinə böyük önəm verilir. Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin kadr dəyişiklikləri ilə bağlı son sərəncamları respublikamızda sabitlik və təhlükəsizliyin qorunması istiqamətində atılan mühüm addımların növbəti mərhələsidir. Vəzifəyə təyin olunan kadrlar Heydər Əliyev siyasi məktəbinin layiqli yetirmələri olmaqla yanaşı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə sədaqətləri ilə seçilirlər". deyə millət vəkili qeyd edib.

H.Mirələmov əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq təşəkkül tapan, daha sonra möhtərəm Prezidentimiz İlham Əliyevin misilsiz diqqət və qayğısı nəticəsində daha da inkişaf edərək modernləşən, dövrün sınaqlarından üzüağ çıxmağı bacaran Daxili İşlər Nazirliyinin son 25 il ərzində qazandığı nailiyyətlərin əldə olunmasında Ramil Usubovun müstəsna xidmətləri var.
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi kimi yüksək və məsul dövlət vəzifəsinə təyin olunan Ramil Usubovun özünəxas mərdlik, prinsipiallıq və cəsurluq kimi xarakterik insani keyfiyyətlərinə söykənərək bundan sonra da Azərbaycanın inkişafı və müstəqilliyimizin qorunması yolunda yorulmadan çalışacağına böyük inam var: "Dövlətə və Prezidentin siyasətinə bağlılığı ilə seçilən, peşəkar idarəçilik bacarığı ilə fərqlənən polis general-leytenantı Vilayət Eyvazovun daxili işlər naziri təyin olunması da bizi ürəkdən sevindirir. Vilayət Eyvazov uzun illərdir daxili işlər orqanlarında çalışan, bu qurumun mükəmməl iş üslubunu dərindən mənimsəmiş və böyük nüfuza malik peşəkar kadrdır. Ona görə tam əminliklə deyə bilərəm ki, DİN-n indiyədək əldə etdiyi nailiyyətlər və cinayətkarlığa qarşı mübarizə Vilayət Eyvazov tərəfindən böyük uğurla davam etdiriləcək və o, Azərbaycanda sabitliyin, asayişin qorunmasına öz layiqli töhfələrini verəcəkdir. Vilayət Eyvazov sadə, təvazökar, obyektiv və vətənpərvər insandır. Prezidentimiz tərəfindən yüksək etimad göstərilərək tapşırılan bu çətin və şərəfli işdə Vilayət müəlimə uğurlar diləyirəm".

Millət vəkilinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin edilən Əli Nağıyev də çox peşəkar kadrdır: "O, sıravi işçilikdən rəhbər vəzifələrə qədər şərəfli yol qət edib, kifayət qədər təcrübəyə malikdir. Ürəkdən inanırıq ki, Əli Nağıyev Azərbaycanın milli maraqlarının və dövlət təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması istiqamətində əlindən gələni əsirgəməyəcək, Vətənə şərəflə xidmət edəcək. Eləcə də indiyədək təhlükəsizlik orqanlarında peşəkar fəaliyyəti ilə seçilən Mədət Quliyevin hazırkı müharibə şəraitində müdafiə sənayesi naziri kimi məsul və şərəfli vəzifəyə təyin olunmasını çox müsbət qiymətləndirirəm, ona həvalə olunan bu mühüm vəzifənin öhdəsindən uğurla və bacarıqla gələcəyinə heç bir şübhəm yoxdur".

Famil Mustafayevin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilməsini də təqdir edən yazıçı deputat qeyd edib ki, Azərbaycanın tanınmış iqtisadçı və hüquqşünas alimlərindən biri olan, indiyədək mühüm dövlət vəzifələrində çalışmış Famil Mustafayev öz sahəsini mükəmməl bilən qiymətli kadrdır: "İşinin peşəkarı olmaqla yanaşı həm də yüksək insani keyfiyyətləri lə seçilən prinsipial bir şəxsiyyətdir. Bir sözlə, yeni təyinat alan şəxslərin hər birinin zəngin dövlətçilik təcrübələri var, cəmiyyətdə böyük nüfuza malikdirlər. Ümidvaram ki, yeni kadr təyinatları dövlətimizin və dövlətçiliyimizin inkişafına çox mühüm töhfələr verəcəkdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər