Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 1-də (günün ikinci yarısında) “Magistr” jurnalının 7-ci sayında dərc olunacaqdır.
Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 814 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 456 nəfər (o cümlədən 43 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub.
Boş qalan plan yerlərinə qəbul olanlar avqustun 15-dən 23-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.
Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.