Azərbaycan əsilli türk alimi Əbdülbaqi Gölpınarlı Gəncədən Bursaya köçmüş bir ailənin övladıdır. “Gölpınarlı” soyadı dədəsi Mustafa İzzət Əfəndinin dədəsi Abbas Ağanın Gəncənin Göyçay bucağının Gölpınar (Göybulaq) kəndindən olmasına görədir.
1877-1878-ci illər Türk-Rus müharibəsində İstanbula gələn Əbdülbaqinin atası Əhməd Agah Əfəndi burada Dağıstan mühacirlərindən Aliyə Şöhrət xanımla evlənib. Agah Əfəndi Vəqflər Nazirliyində vəzifədə olmaqla yanaşı, Əhməd Midhəd Əfəndinin məiyyətində ömrünün sonunadək onun çap etdiyi “Tərcümani-Həqiqət” qəzetində çalışıb, xidmətlərinə görə “Şeyhül-mühabirin” (Müxbirlərin şeyxi) ünvanını qazanıb. Agah Əfəndi çağatayca və farsca öyrənib, Rusçukta ikən bektaşilərə, İstanbula gəldikdən sonra nəqşilərə qoşulub. Onun atası “Kıyami” təxəllüsü ilə şeirlər yazıb.
Əbdülbaqi Gölpınarlı 12 yanvar 1900-cü ildə İstanbulun Kadırga səmtində doğulub. Ona əvvəlcə dədəsi Mustafa İzzətin adı verilib, amma ailənin uşaqları tez vəfat etdiyi üçün uzunömürlü olsun deyə “Əbdülbaqi” olaraq dəyişdiriblər.
Uşaq yaşlarından təriqət mühitində böyüyən Əbdulbaqi əvvəlcə Babialidə Xoca Təhsin mədrəsəsindəki Yusuf Paşa ibtidai məktəbində, sonra Menbaül-irfan edadisinin rüşdiyyəsində, daha sonra Gelenbevi edadisində oxuyub.
Gelenbevinin son sinfində ikən 1916-cı ildə atasının vəfatına görə təhsilini yarımçıq qoyub, işləmək məcburiyyətində olub. Bir müddət kitabçılıqla məşğul olsa da, uğur əldə edə bilməyib.
Əbdülbaqi 1920-ci ildə Çorumun Alaca mahalının Kenzül-irfan ibtidai məktəbində baş müavin, daha sonra baş müəllim olaraq çalışıb. 1924-cü ildə İstanbula qayıdıb, imtahan verərək Kişi Müəllim Məktəbinin son sinfinə qəbul edilib. 1925-ci ildə daxil olduğu İstiqlal Liseyindən 15 avqust 1926-cı ildə məzun olub.
Bu müddətdə müəllimlik edib, daha sonra İstanbul Universitetinin Ədəbiyyat Fakultəsində ali təhsil alıb.
1930-cu ildə buranı bitirib. Konya, Kayseri, Balıkəsir liseylərində ədəbiyyat müəllimi olaraq çalışıb, bir müddət də İstanbul Universitetinin kitabxanasında işləyib.
Daha sonra Vefa və Kastamonu liseylərində müəllimlik edib. 1939-cu ildə Ankara Universitetinin dil və tarix-coğrafya fakültəsinə dəvət alıb, bir müddət sonra dosent təyin edilib. “Yunus Əmrə, həyatı, sənəti, şeirləri” adlı tədqiqatı ilə doktorluq elmi işini müdafiə edib. 1942-ci ildə İstanbul Universitetinə göndərilib, orada İslam-türk təsəvvüf tarixi və ədəbiyyatından mühazirələr oxuyub.
1945-ci ilin aprelində marksist fəaliyyətdə ittiham olunaraq mühakimə edilib. 26 fevral 1946-cı ildə azad edilib, vəzifəsinin başına qayıdıb. 1949-cu ildə isə öz istəyi ilə təqaüdə çıxıb. 25 avqust 1982-ci ildə İstanbulda vəfat edib. Seyid Əhməd məzarlığında dəfn edilib.
Gölpınarlı “Atsız məcmuə”, “Orhun”, “Azərbaycan Yurd Bilgisi”, “Türkiyyat məcmuəsi” kimi jurnallarla əməkdaşlıq edib. 1931-ci ildə nəşr etdirdiyi “Məlamilik və Məlamilər” adlı əsəri ilə elm aləminə qədəm qoyub. Digər əsərlərindən bəziləri: “Pir Sultan Abdal” (1953), “Divan ədəbiyyatı bəyanındadır” (1945), “Yunus Əmrə Divanı” (1943), “Füzuli Divanı” (1948), “Mövlana Cəlaləddin” (1952), “Mövlanadan sonra Mövləvilik” (1953) və s.
Onun 114 kitabı, 400-dən çox məqaləsi var.