Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin küləkli olması ilə bağlı bütün hərəkət iştirakçılarına müraciət edib.
Müraciətdə Bakı şəhəri və respublikanın digər ərazilərində hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilib.
Bildirilir ki, sürücülər nəqliyyat vasitələrinin hündür binaların yaxınlığında, balkonların altında saxlamasınlar: “Belə ki, binanın fasadından düşən parçalar nəqliyyat vasitələrinə, sürücü və sərnişinlərə xəsarət yetirə, əmlaka ziyan vura bilər. Həmçinin hündür və aşmağa meyilli ağacların ətrafında da avtomobili park etmək təhlükəlidir. Piyadalardan və sərnişinlərdən xahiş edirik ki, küçə və yollarda hərəkət edərkən son dərəcə diqqətli olsun, binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.
Bundan əlavə, qeyd etmək istəyirik ki, sürücülər hərəkətdə olan zaman hava şəraiti ilə bağlı baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də yarana biləcək təhlükəli vəziyyətlərdə özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yollarda müəyyən edilən surət həddinə və yol nişanlarının tələblərinə ciddi əməl etməli, yüklərin daşınması zamanı yükləri düzgün qablaşdırmalı, ötmə və manevr hərəkətləri edən zaman daha da diqqətli olmalıdırlar. Baş Dövlət Yol Polisi İdarəsi bu sadalananlara hər bir hərəkət iştirakçısına əməl etməyi tövsiyə edir!"/report/