26 Avqust 2019 12:34
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com musavat.com-a istinadla tarix üzrə fəlsəfə doktoru İbrahim Məmmədovun "Liberal islahatlara hansı bucaqdan baxmalı - Azərbaycan iqtisadi, siyasi və Qarabağ tarixinin həlledici mərhələsində" məqaləsini təqdim edir:

2018-ci il Prezident seçkilərindən sonrakı dövr və 2019-cu ilin yanvarı Azərbaycanın 3 mühüm proses üzrə irəlilədiyinin şahidiyik. Onlardan ikisi liberal islahatlarla bağlıdır: İqtisadiyyatda liberal islahatlar aparılır, müxalifətin etiraz mitinqlərinə icazə verilir.

Siyasi gündəliyin 3 prosesi

Birinci proses: İqtisadiyyatdakı liberal islahatlar Gömrük və Vergi sistemində sahibkarlıq fəaliyyəti qarşısındakı bürokratik əngəlləri, korrupsiya hallarını aradan qaldırmağa yönəlib və islahatların nəticəsində Vergi və Gömrük orqanlarında qeyri-qanuni halların demək olar ki, kökü kəsilib. Vergi islahatları kiçik və orta sahibkarlıq üçün əlverişli vergi mühiti formalaşdırıb. Liberal islahatların ikinci istiqaməti dövlət xərclərinin azaldılmasını və çevik idarəçiliyi hədəf götürmüş struktur islahatlarıdır.

İkinci proses: Siyasi sahədə də liberal atmosfer yaranmaqdadır. 2018-ci ilin martından sentyabrınadək müxalifət partiyaları martın 10-da, martın 31-də, aprelin 14-də, sentyabrın 23-də olmaqla 4 dəfə icazəli kütləvi aksiya keçiriblər. Sonuncu belə aksiya 2019-cu ilin yanvarın 19-da keçirilib.

Üçüncü proses: Ölkə daxilində liberallaşma islahatlarına paralel olaraq 2018-ci ilin ikinci yarısından başlayaraq xarici siyasətin ən mühüm məsələsi olan Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ehtiyatlı tərpənişlər müşahidə olunur. Ümid var ki, bu mərhələ nizamlama prosesini ədalətli məcraya yönəldə biləcək.

Ancaq, 2-ci prosesin 1-ci və 3-cü prosesə mane ola biləcək məcraya yönləndirildiyi təhlükəsi də müşahidə olunmaqdadır. Yəni, daxili siyasi prosesləri radikal məcraya yönəltməklə liberal iqtisadi islahatların qarşısını almaq və daxildə siyasi gərginlik yaratmaqla Dağlıq Qarabağa dair danışıqlarda Azərbaycanın siyasi mövqeyini zəiflətmək cəhdləri göz önündədir.

Liberal islahatlara siyasi və administrativ hazırlıq

Həm iqtisadiyyatda, həm də siyasətdə hər iki tendensiya bütövlükdə cəmiyyətin liberallaşmasını hədəf götürmüş bir siyasi iradənin olduğunu göstərir. Bir qədər də konkretləşdirsək açıq-aşkar görünür ki, Prezident İlham Əliyevin 2018-ci ilin əvvəlindən liberal islahatlara start vermək planı olub.

Bu plana Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ilə start verildi. Prezident və birinci xanım ona görə məhz belə bir qərar qəbul etdilər ki, qarşıda dərin liberal islahatlar dayanırdı və onlar liberal siyasi islahatların tarixi göstərir ki, belə köklü, həm də liberal və nəhayət, xalq üçün islahatlar planlaşdırılarkən etibarlı siyasi və administrativ rıçaqlara ehtiyac yaranır. İslahatların arxa cəbhəsini sığortalamaq üçün də vitse-prezidentlik institutu təsis edildi. Ona görə ki, liberal islahatlar və korrupsiyaya qarşı köklü, radikal mübarizə siyasi və administrativ sığortalayıcı mexanizmlər qurulmasını zəruri edir.

Korrupsiyaya qarşı mübarizədən və iqtisadiyyat üzərində məmur nəzarətinin itirilməsindən narazı qalan qrupların radikal qruplarla, o cümlədən müxalifətlə birləşərək islahatlara qarşı hücum edəcəyi ehtimalının olmasını islahatlar tarixi sübut edib. Bu “siyasi tarixin fizikası”, yəni tarix boyu daim, “sabit təkrarlanan” hərəkətidir.

Vitse-prezidentlik institutunun fəaliyyəti başladıqdan sonra növbədənkənar Prezident seçkisi islahatlar üçün zəruri siyasi mandatı və islahatların tezləşməsi üçün əlavə 6 ay vaxtı təmin etdi.

Çar Rusiyasında liberal islahatların dərsləri

Bizə yaxın olan və bir neçə əsr tərkibində yaşadığımız Rusiya imperiyasında liberal islahatçıların taleyi göstərir ki, bu asanlıqla başa gəlmir. Yalnız cəmiyyətin dəstəyi və siyasi hazırlıqlar olduğu təqdirdə islahatlar uğur qazana bilir. Məsələn, “rus liberal fikrinin atası” adlandırılan M.Speranski yüksək çinli məmur və zadəganların maraqlarına toxunan islahatların müəllifi idi. Rusiyada təhkimçiliyi ləğv edib müasir iqtisadi sistem qurmaq istəyirdi. Bu islahatlar baş tutsaydı Rusiya dünyanın ən güclü iqtisadi güclərindən birinə çevriləcəkdi. Ancaq mənafeyinə toxunduğu qruplar intriqalarla onun işdən azad edilməsinə və sürgününə nail oldular.

M.Speranski

Onun başladığı işi çar İkinci Aleksandr davam etdirmək istədi. O, Rusiyanın inkişafına mane olan təhkimçiliyi ləğv edib kəndlilərə azadlıq verdi, daha ədalətli andlılar məhkəməsini təsis etdi, bələdiyyələrin Rusiya forması olan zemski idarəçiliyini formalaşdırdı və s. Ancaq ona qarşı “xalq”ın adından etirazlar təşkil edilir, 6 dəfə sui-qəsdə cəhd olunur. Və maraqlıdır ki, xalqa iqtisadi azadlıqları vəd edən islahatları dayandırmaq istəyən qüvvələr öz planlarını elə xalqın adından manipulyasiya ilə həyata keçirirdi. Maraqlıdır ki, birinci sui-qəsdçi İkinci Aleksandrın təhkimçilikdən azadlıq verdiyi kəndli Aleksey Petrov idi. Onun əsas düşməni olan təşkilat isə terroru əsas metod kimi seçmiş “Xalq azadlığı” adlanan struktur idi. Paradoks ondadır ki, İkinci Aleksandr xalq üçün islahat aparıb varlı zadəgan və məmurlara qarşı qərarlar qəbul edir, amma ona qarşı “xalq azadlığı” adı ilə kütləvi aksiyalar və terror aktları təşkil olunurdu. Yaxşı təşkil edilmiş, maliyyə imkanları geniş olan, xüsusi konspirasiyaya və gizli məlumatlara malik bu təşkilatın arxasında islahatdan itirən iri zadəganların, məmurların və hətta Rusiyanın inkişafında maraqlı olmayan xarici qüvvələrin əlinin olduğu şübhə doğurmur.

Çar İkinci Aleksandr

Bəs Sergey Vitte? Dünyada ən mükəmməl maliyyə islahatı keçirmiş Sergey Vittenin ətrafında çox böyük saray intriqaları təşkil edildi. Yenə həmin zadəgan-mülkədarlar. O sadəcə istefaya göndərilməklə canını qurtardı. Halbuki, Rusiyada 1897-ci ildə “qızıl standart”nın qəbul edilməsinə nail olmuşdu. Xaricdən Rusiyaya kapital axınını təmin etmişdi, dəmiryollarına investisiyaları təşviq edirdi. Vittenin fəaliyyəti Rusiyada sənayenin inkişafına təkan verdi. O Rusiyada o dövr üçün müasir siyasi sistem formalaşdıracaq Konstitusiyalı monarxiya yaratmağı nəzərdə tutan 17 oktyabr Manifestinin müəllifi idi. Ancaq, 1903-cü ildə hökumətin zadəgan-mülkədar üzvləri tərəfindən istefaya məcbur edildi. 1907-ci ildə həyatına sui-qəsd olsa da sağ qaldı. Rusiya isə 1905-7-ci illər inqilabına yuvarlandı və rus-yapon müharibəsini uduzdu.

Sergey Vitte

Rusiya tarixinin ən məşhur islahatçısı Stolıpinin islahatları islahat əleyhdarı olan qaragüruhun hücumları nəticəsində yarımçıq qalmasaydı, Rusiya tarixi tamamilə başqa istiqamətə gedər və 1917-ci il dağıdıcı bolşevik inqilabından sığortalana bilərdi.

İkinci Nikolayın da liberal islahatları yarımçıq qalmasaydı bolşeviklər hakimiyyəti ələ ala bilməzdilər.

Uzun müddət tərkibində olduğumuz Rusiya imperiyasında iqtisadi və siyasi inkişafa təkan verəcək liberal islahatların belə uğursuz olmasının səbəbləri cəmiyyətin islahatçıları başa düşməməsi, onlara zəruri dəstəyi verməməsi, ziyalıların populizm qarşısında gücsüzlüyü və təbii ki, imtiyazlarını itirmək istəməyən zəngin zadəgan-mülkədar dairələrin və Rusiyanın inkişafını istəməyən xarici güclərin dən radikal qruplara müxtəlif formalarda dəstək göstərməsi idi. S.Vittenin islahatlarına mane olan hərəkatlardan birinə rəhbərlik edən məşhur keşiş Qaponun xarici kəşfiyyat agenti olduğu artıq çoxdan sübut olunub.

Uğurlu Çin liberal islahatlarının siyasi dərsi və qlobal iqtisadi nəticələri

Amma Çində 1980-ci illərdə başlanmış islahat prosesi dövlət rəhbərlərinin müdrikliyi, qətiyyəti və cəmiyyətin böyük dəstəyi sayəsində tamam başqa istiqamətdə getdi.

1989-cu ilin aprelin 04-də Tyananmen meydanında başlanmış hərəkat Çindəki sistem xarakterli dəyişiklikləri nəzərdə tutan Den Syaopin islahatlarının əleyhinə olaraq başlanmışdı və islahatların dondurulmasını tələb edirdi. Sonralar hərəkatın sıralarında liberal islahatların radikal metodlarla aparılmasına dair tələblər də səsləndi ki, bu da elə yenə də islahatlar kursunun uğursuzluğu demək idi. İslahatların dayandırılması ilə, islahatların tələsik aparılması elə eyni sonluğa aparacaqdı. Ancaq, indi, 20 ildən sonra məlum olur ki, əgər 1989-cu il iyunun 04-də təqribən 50 gün davam etmiş Tyananmen hərəkatı tanklar və ordu tərəfindən dağıdılmasaydı, indi Çin dünyanın iki iqtisadi nəhəngindən biri olmayacaqdı.

1989-cu ilin 15 aprelindən başlanan Tyananmen hərəkatı fasiləsiz olaraq etiraz aksiyası keçirməklə faktiki olaraq islahatların əleyhdarlarına yardım etmiş olurdular. Hökumət islahatların çin xalqını haraya aparacağını bilirdi. Odur ki, meydanı dağıtdı, təqribən 200 nəfər öldü, 7 000 nəfər yaralandı. Ancaq 20 ildən sonra Çin yeni bir supergüc olaraq tarix səhnəsinə çıxdı. İndi Tyananmen meydanında fasiləsiz mitinq keçirənlər xalqın adamları idilər, yoxsa meydanı dağıdıb, 200 nəfərin ölümü və 7 min nəfərin yaralanması bahasına Çin xalqı və Çin dövlətini xilas etmiş adamlar? Tayananmen meydanına çıxanlar da gözəl şüarlar səsləndirirdilər. İslahatı dayandırmaq tərəfdarları da, islahatları radikalcasına aparılmasını tələb edənlər də xalqın xoşbəxtliyi haqda şüarlar qaldırırdılar. Amma niyyət başqa idi. Belə meydanlarda çox hallarda şüarlarla niyyətlər tamam fərqi ola bilir. Odur ki, şüarlar deyil, niyyətlərin nədən ibarət olduğunu axtarmağa və görməyə ehtiyac var.

Rusiya isə Speranskidən İkinci Nikolaya qədər bütün islahatları yarımçıq qoyduğu və islahatçıları cəzalandırdığı üçün hər dəfə daha böyük uğursuzluğa düçar olurdu. Ya 1905-07-ci illər inqilabına, ya da 1917-ci il fevral, yaxud da oktyabr inqilablarının girdabına düçar oldu. Əsas səbəb də o idi ki, rus ziyalıları və cəmiyyəti islahatları yaxşı anlamır populizmə qarşı getməkdə özündə güc tapmırdı. Məsələn, bir çox rus ziyalılarının “Narodnaya volya” terror təşkilatına simpatiya ilə yanaşması bu gün də heç cür anlaşılmır.

Ağqoyunlu Sultan Əhməd, Nadir şah Əfşar və Heydər Əliyev

Uzun Həsənin nəvəsi Sultan Əhmədin Ağqoyunlu dövlətindəki vergi pərakəndəliyini aradan qaldırmaq, vergilərin sayını azaltmaq və mərkəzi hakimiyyəti gücləndirmək üçün apardığı islahatlar sonadək həyata keçirilsəydi Ağqoyunlu imperiyasının ömrü daha uzun olar və tam fərqli bir siyasi tale yaşaya bilərdi. Uzun Həsənin övladları arasındakı müharibələrdə süqut etməzdi. Ancaq mərkəzi hakimiyyətin güclənməsi əyalət başçılarının hakimiyyətini məhdudlaşdırdığı üçün islahatların ömrü heç bir il çəkmədi.

Nadir şah da 235 il mövcud olmuş Səfəvi ideologiyasının reformasiyasına başladı və nəticədə cəsur döyüşçü və sərkərdə, bacarıqlı diplomat çoxsaylı mühafizə qüvvələrinə baxmayaraq öz çadırında qətlə yetirildi.

Sovet iqtisadi sistemini bazar iqtisadiyyatına, asılı dövlət sistemini isə müstəqil milli dövlət quruluşuna transformasiya edən Heydər Əliyevə dəfələrlə sui-qəsd edildi, dövlət çevrilişlərinə cəhdlər oldu. Azərbaycan yalnız onun böyük siyasi təcrübəsi və cəmiyyətdən aldığı dəstək nəticəsində ayaqda qala bildi. Onun “şoksuz terapiya” islahatı və müstəqil dövlət quruculuğu uğurlu oldu.

İslahatlar tarixinin ibrət dərsləri

Xalq üçün və xalq naminə aparılmış islahatlar tarixinin burada yazılması çox vaxt apara biləcək çox incə, ibrətamiz hekayətləri var. Ən mühüm ibrətamiz nəticə isə odur ki, xalq üçün islahat aparan lider müəyyən dərəcədə köhnə sistem üzərində formalaşmış güclü siyasi və maddi imkanlara malik qüvvələri özündən narazı salır. Belə məqamda onun xalqın dəstəyinə həmişəkindən daha artıq ehtiyacı yaranır. Liberal islahatları dərk edib, ona dəstək verən xalq, cəmiyyət Çin nümunəsində olduğu kimi dirçəlişə və gücə qovuşur, yox qaragüruha uyub islahata qarşı gedirsə, 1905-07-ci illər inqilabına, müharibədə məğlubiyyətə, bolşevik inqilablarına, yoxsulluğa düçar olur. Bu sadaladığım və hər kəsin bildiyi faktlardan çıxan ibrətlərdir. Tarixin ibrət dərsidir.

Bütün bunlar islahatlar tarixi haqda mümkün olan ən qısa xülasədir. Ancaq ümid edirəm ki, bununla biz görə bilərik ki, hansı günlərdə yaşayırıq, bu gün baş verənlərin tarixdəki yeri haradadır, Prezident İlham Əliyev hansı tarixi missiyanı öz üzərinə götürüb və xalqın gələcəyi üçün hansı təzyiqlərlə üz-üzə gəlməyə razı olub. Yalnız bu tarixi və onun ibrət dərslərini bildiyimiz təqdirdə bu günlərin mahiyyətini dərk etməmiz mümkündür. Bu tarixin ibrət dərsləri bizə göstərir ki, Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməklə Prezident islahatları sığortalamaq üçün siyasi və mövcud administrativ gücünü əlavə, daha bir mühüm administrativ dayaq nöqtəsi ilə təmin edib. Nəhayət, görünür ki, birinci xanım həm Prezidenti, həm də ölkəni hansı potensial təhlükələrdən sığortalamaq üçün, nə qədər böyük riskə girib. Məhz onların təhqir, mənəvi terror kampaniyasının hədəfinə çevrilmələri də elə bununla bağlıdır.

Bütün bunlar məişət mühakimələri ilə dərk və izah edilən nəsnələr deyil. Belə proseslərə xeyli yuxarıdan, emosiyalarımıza təsir edib, bizi əsas hədəfdən sapdıran lüzumsuz xırdalıqların görünmədiyi, başlanğıc nöqtə ilə son nöqtənin və onları birləşdirən ana xəttin göründüyü yüksəklikdən baxmağa ehtiyac var.

Azərbaycan öz iqtisadi və siyasi tarixinin və Qarabağın taleyinin ən həlledici dövrünü yaşayır. 80-ci illərin sonunda Sumqayıt hadisələrində təxribatçılar məlumatsızlıq və emosionallığımızdan yararlandılar. 90-cı illərin əvvəlində də eyni səbəblərdən uğursuzluqlar bizi təqib etdi. İndi soyuqqanlılıq və birlik, liberal islahatlara dəstək zamanıdır.

Müxalifət islahatı, yoxsa kontr-islahatı dəstəkləyəcək?

Müxalifətin mitinqinə icazə verilməsi ilk növbədə demokratiya göstəricisi idi. Amma belə görünür ki, müxalifət partiyaları bu yaranmış vəziyyətdən demokratiyanın təkmilləşdirilməsi və daha da dərinləşməsi üçün deyil, gərginliyin artırılması üçün istifadə etməyə meyllidir. Dalbadal kütləvi aksiya tələbi prosesi məhz radikal məcraya yönəltmə kursundan xəbər verir.

Müxalifət liberal islahatlara dəstək verib bundan elə demokratiyanın özü üçün istifadə edəcək, yoxsa, əksinə, prosesləri demokratiya kursundan döndərmə yolu tutacaq? Bu artıq müxalifətin siyasi davranışından, hansı sosial təbəqəyə hədəflənməsindən və s. amillərdən asılıdır. Bundan müasir dövrün tələblərinə uyğun siyasi platforma müəyyənləşdirmək, leqal siyasi sistemdən kənarda deyil, sistemin tərkib hissəsi kimi yer almaq üçün istifadə edə biləcəkmi? Bunu zaman göstərəcək.

Hər şeydən əvvəl Azərbaycan müxalifətində praktikada kimin hansı dəyərlərə üstünlük verdiyini müəyyənləşdirmək çox çətindir. Burada bir ideoloji-siyasi xaos var. Hər kəs yalnız hakimiyyətin addımlarını inkar edir. İnkarçılıq və təhqir yeganə müxalifətçilik fəaliyyəti kimi qavranılmaqdadır.

Müxalifət partiyası korrupsiyanın əleyhinədirsə, deməli korrupsiyaya qarşı mübarizənin yanında durmalıdır. Dövlət aparatının şişirdilməsinin əleyhinə olmaq, məntiqlə indiki struktur islahatlarının yanında olmaq anlamına gəlməlidir. Yoxsa, korrupsiyanın da, korrupsiyaya qarşı mübarizənin də əleyhinə olmaq, eyni zamanda dövlət aparatının şişirdilməsinin də, kiçildilməsinin də əleyhinə olmaq anlaşılmır. Bu Trotskinin məşhur “nə sülh, nə müharibə” ziddiyyətinə yuvarlanmaqdır. Müxalifət o zaman uğurlu olacaq ki, hər kateqoriyadan olan inkarçı, söyüşcül və qaragüruh qruplarla həmrəy olmayacaq. Qaragüruhla həmrəylik ziyalı ilə, qurucu siyasi kursla yolun ayrılması deməkdir. Və əksinə, ziyalı ilə həmrəylik qaragüruhçuluq və təhqir qrupu ilə əks-rəylik deməkdir. Hələliksə, müxalifətin qaragüruh və qeyri, təhqir və qeyri qanadlarını bir-birindən ayırmaq çox çətindir. Ziyalılıq qaragüruhun əleyhinə olmaq anlamına gəlməlidir. Həm ziyalı, həmdə qaragüruhla həmrəylik bir araya sığmır. Bu bir sosial və siyasi mutantlıqdır. “Qurucu müxalifət” olmaq üçün qaragüruhla öz aranda sərhəddi müəyyənləşdirmək, məsafə saxlamaq bir zərurətdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər