21 Sentyabr 2019 17:59
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bugün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan “Türk ocağı”nın bərpası konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri, professor Cezmi Bayram, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun direktoru, professor Mustafa Balcı, Türkiyədən gəlmiş 10-ya yaxın elm adamı, millət vəkilləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı, Mətbuat Şurasının sədri Əflatun Amaşov “Türk ocağı”nın bərpaçılarını təqdim edib. Çıxışlardan öncə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və ardınca “Türk ocağı”nın yaranması ilə bağlı sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan “Türk ocağı”nın bərpaçıları - millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Qənirə Paşayeva, millət vəkili Cavanşir Feyziyev, Azərbaycan Yazıçılar Birliyinin Türkiyə təmsilçisi, Uluslararası İlişkilər və siyasi elmlər doktoru İrfan Çiftçi, Azərbaycan-Türkiyə İş Adamları Birliyi başqanı Cemal Yanğın, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Əli bəy Hüseynzadənin varisi Cəmilə Hüseynzadə, Əhməd Cavadın nəvəsi Anar Axundzadə, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə, “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, “Şərq” qəzetinin baş redaktorunun birinci müavini Yusif Nəzərlidir.

İlk söz “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlıya verilib. Baş redaktor Azərbaycanda “Türk ocağı”nın bərpası barədə uzun zamandır düşündüyünü deyib:

“1911-c ildəTürkiyənin çöküşü prosesinin qarşısını alan 190-a yaxın tibb tələbəsinin israrlı tələbi üzərinə türk ziyalıları İstanbulda Əhməd bəy Ağaoğlunun evində toplaşdılar. 1912-ci ildə İstanbulda “Türk ocağı” quruldu. Bu Ocağın qurucuları çağdaş Türkiyənin qurulmasında mühüm rol oynadılar. Eyni zamanda milli ruhun diri tutulmasında iştirak etdilər.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurularkən “Türk ocağı”nın yaradılmasının tarixi bağlantılarını nəzərə alaraq belə bir cəmiyyətin Azərbaycanda təsisinin zəruri olduğunu düşündük. Bununla bağlı Türkiyədən olan dəyərli elm adamları və ziyalılarla müzakirələr apardıq. Müzakirələrdə bizə dəstək verdiyinə görə İstanbul Türk Ocaqları başqanı Cezmi Bayrama təşəkkür edirəm. Həmçinin, Türk Ocaqları başqanı Mehmet Özə minnətdarlığımı bildirirəm. Nəzərə çatdırım ki, Cümhuriyyət vaxtı Azərbaycanda milli təsisatlar yaradılmışdı ki, onlardan biri də “Türk ocağı”nın bərpası idi. Azərbaycandakı “Türk ocağı” Türkiyədəki təşkilatla eyniyət təşkil edirdi. Məramı türk birliyini təşkil etmək, yenicə qurulan Cümhuriyyətə Türkiyənin maddi-mənəvi yardımlarını təmin etmək idi”.

A.Aşırlı bərpaçıların arasında üç nəfərin adını xüsusi qeyd edib:

“Əli bəy Hüseynzadənin nəvəsi Cəmilə Hüseynzadə, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə və Əhməd Cavadın nəvəsi Anar Axundzadənin adlarını xüsusi vurğlamaq istəyirəm. Bu insanların babaları, Əhməd Cavad və Abdulla Şaiq Azərbaycan Xalq Cümhuriyyətinə rəsmi şəkildə Azərbaycanda “Türk ocağı”nın yaradılması ilə bağlı müraciət ediblər. Sentyabr ayında onlara vəsiqə verilib və cəmiyyət fəaliyyətə başlayıb. Qurumun fəaliyyəti bağlı kiçik kitabım çıxıb, eyni zamanda Türkiyə tükcəsində də çap olunub. Hazırda bu mövzuda istifadə olunan mühüm elmi mənbələrdən biridir. Bu cəmiyyəti bərpa etməkdə məqsədimiz Azərbaycanın türk dünyasında yerinin, rolunun möhkəmlənməsi və ölkənin istiqlalıdır. İstəyimiz Azərbaycanda “Türk ocağı”nın bərpası ilə Orta Asiyadakı Türk respublikalarının sıx əlaqə qurmasına nail olmaqdır. Niyyətimiz “Türk ocağı”nı ideoloji mərkəzə çevirməkdir. Qısa müddət ərzində saytımız da fəaliyyət göstərəcək. Bundan əlavə 3 aydan bir jurnal da çap ediləcək”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında “Türk ocağı”nın bərpasını həyata keçirənlərə təşəkkür edib: “Azərbaycanla Türkiyə iki dövlət, bir millətdir. Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü də Azərbaycanın gücüdür. Artıq arxamızı söykəyə biləcəyimiz güclü bir Azərbaycan var. “Türk ocağı”nı bərpa edən hər kəsə minnətdaram. Biz Türkiyə olaraq 28 ildir dünyada özümüzü çox rahat hiss edirik. Çünki könül rahatlığı arxamızı yaslaya biləcəyimiz güclü Azərbaycan var. Bilirik ki, qardaşımız yanımızdadır, bizimlədir. Bir il öncə türk əsgəri Azərbaycanlı qardaşı ilə birlikdə Bakıda möhtəşəm parad keçirdi. 100 il əvvəlki şanlı tarix yenidən təkrarlandı. Əsgərlərimiz birlikdə yürüş edərək bütün dünyaya “tək yumruq, tək güc” olduğumuzu göstərdilər. Bizim birliyimiz kimsəyə düşmən olmaq deyil, insanlığı və mədəniyyəti daha irəliyə götürmək məqsədi güdür. O səbəbdən bəyan edirəm ki, səfirlik olaraq “Türk ocağı”nın fəaliyyətinə hər zaman dəstək verməyə hazırıq”.

Millət vəkili Cavanşir Feyziyev qurumun fəaliyyətini yüksək dəyərləndirib: “Türk ocağı”nın bərpası prosesində öncə Akif Aşırlıya minnətdarlığımı bildirirəm. Çünki bu iş üçün bütün bərpaçıları, elm və iş adamlarını, varisləri bir araya gətirən məzh Akif bəydir. “Türk ocağı”nın bərpası birbaşa onun təşəbbüsü ilə reallaşıb və hesab edirəm ki, çox nəcbi bir təşəbbüsdür. “Türk ocağı” öz tarixi rolunu oynayıb. Amma 1990-c illərdən etibarən dünya xəritəsində yeni türk dövlətlərinin ortaya çıxması “Türk ocağı”nın bərpasını zəruri edirdi. Çünki biz qloballaşan dünyada türk mədəniyyətini, siyasətini bütün dünyaya çatdırmalıyıq. Fikrimcə, qurumunn fəaliyyəti bu istiqamətdə yardımçı olacaq”.

Tarixçi-alim Firdovsiyyə Əhmədova da bəyan edib ki, “Türk ocağı”nın bərpası çox əlamətdar bir gündür: “Mən bu tədbiri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən tədbirlərin tərkib hissəsi sayıram. Bugün burada tarix yazılır. Azərbaycan insanı hər zaman, tarix boyu Türkiyədən olan qardaşlarına arxa-dayaq olub, onlardan yardımını əsirgəməyib. Azərbaycan və Osmanlı ziyalıları birgə addımlayıblar. Müştərək tariximiz olub. Türk xalqları arasında mədəni əlaqələri məhz iki tərəfin ziyalıları, elm adamları təşkil edirlər. Bu, tarixən belə olub. Gözəl təşəbbüsə görə Akif bəyə təşəkkür edirəm. O, həqiqətən əməl adamıdır. Sadəcə sözdə qalmır, “Türk ocağı” ilə bağlı kitab yazandan sonra cəmiyyəti də təsis edərək əməli fəaliyyətini ortaya qoyur”.

Daha sonra söz “Türk ocağı”nın qurucularının varislərinə verilib. Əli bəy Hüseynzadənin varisi Cəmilə Hüseynzadə həyəcanlı anlar yaşadığını bildirib: “Atam sürgün olunanda 33 yaşı var idi. O, sürgünə gedəndə özü ilə Əli bəyin fotosunu aparmışdı. İllər keçəndən sonra o şəkli mənə də göstərmişdi və mən o zaman bilmişdim ki, Əli bəy Hüseynzadə kimdi və mən hansı ailəyə məxsusam. Mən sürgündə anadan olmuşam və orada böyümüşəm. Bugün Azərbaycanda olduğuma, babamın adını eşitdiyimə və bayrağımızı gördüyümə görə çox şad oluram”.

Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə isə vurğulayıb ki, babasının “Türk ocağı”nın qurucusu olduğunu yeni öyrənib: “Birləşəlim türk oğlu, bu yol zəfər yoludur” deyən Abdulla Şaiq hər zaman türkçü, turançı olub. Ancaq dövrün müəyyən prosesləri ilə əlaqədar o öz fikirlərini və əqidəsini gizlətməli olmuşdu. Onun oğlu və irsinin tədqiqatçısı Kamal Talıbzadə Abdulla Şaiqin gizli qalan tərəflərini hissə-hissə xalqımıza çatdırmağa çalışmışdı və onun sovet dövründə çap edilməmiş hekayələrini toplu şəkildə “Arazdan Turana” adı ilə çap etdirmişdi. Abdulla Şaiqlə bağlı nə varsa, hamısı onun ev muzeyində qorunur. Lakin mən “Türk ocağı” barədə eşidəndə çox təəccüb etdim. Çünki bunu bilmirdim, hətta övladı belə bu barədə heçnə danışmamışdı. O baxımdan belə bir məlumatı öyrənmək bizim üçün çox dəyərlidir”.

Azərbaycan Yazıçılar Birliyinin Türkiyə təmsilçisi, Uluslararası İlişkilər və siyasi elmlər doktoru İrfan Çiftçi də “Türk ocağı”nın Azərbaycanda bərpa edilməsinin çox anlamlı olduğunu söyləyib.

Tədbirin sonunda “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bərpaçılar tərəfindən Azərbaycan “Türk ocağı”nın başqanı seçilib. “Şərq” qəzetinin baş redaktorun birinci müavini Yusif Nəzərli isə başqan yardımçısı seçilib.

Həmçinin, qurumun nizamnaməsinin hazırlanmasına və fəaliyyət istiqamətinin müəyyən edilməsinə qərar verilib.

Məlumat üçün onu da əlavə edək ki, Azərbaycan “Türk ocağı”nın eyni adlı mətbuat orqanı da fəaliyyət göstərəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər