26 Sentyabr 2019 11:50
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) yeni mövsümdəki yeniliklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, həftə içi 5 gün ölkənin ictimai-siyasi həyatında baş verən ən aktual məsələlərin müzakirə olunduğu “Əsas məsələ” tok-şousu, ölkə və beynəlxalq əhəmiyyətli hadisələrin təfərrüatlarının geniş təhlil edildiyi “Hədəf” ictimai-siyasi proqramı ilə yanaşı yeni verilişlər efirə gedəcək.

Tezliklə təqdim olunacaq daha bir yeni layihə - “Çıxışa doğru” tok-şousunda isə əsasən sosial məsələlər, internet və media, informasiya təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Qeyd edilən mövzularla bağlı yarana biləcək mübahisəli məsələlərdən çıxış yolları axtarılacaq.

“İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın yaxın günlərdə təqdim edəcəyi yeni layihələrdən biri də “Azərbaycan deyəndə” proqramı olacaq. Dünya azərbaycanlılarının fəaliyyəti, təşkilatlılıq səviyyəsi, milli diasporumuzun hədəf və prioritetləri həftədə bir dəfə bu verilişdə müzakirə olunacaq.

“Xəbərlər”in efir saatlarında da optimallaşdırma həyata keçirilib. Proqram gün ərzində Azərbaycan, rus və ingilis dilində olmaqla 13 dəfə efirə çıxır.

Bu mövsümdən etibarən məşhur kulinar, yazıçı və fotoqraf Stalik Xankişiyevi də Azərbaycan televiziyasının efirində görmək mümkün olacaq. Tamaşaçılar onun təqdimatında efirə gedən “Qazan-Manqal” proqramında Şərq mətbəxinin sirlərinə yiyələnəcəklər.

“Belə-belə işlər” layihəsi də artıq efirdədir. Azərbaycan və dünya tarixinin maraqlı faktlarının təqdim olunduğu veriliş həftə içi 5 gün saat 21.30-da efirdə olacaq.

Növbəti yeni layihə - “Analar Akademiyası” isə gənc analar və ana olmağa hazırlaşan xanımlar üçün maarifləndirici olmaqla yanaşı, eyni zamanda, uşaq tərbiyəsində önəmli rol alan məqamların təbliği və analığın ən gözəl tərəflərini göstərən, daha diqqətli və bilikli ana olmağa səsləyən bir verilişdir. 35 dəqiqə davam edən verilişdə analar üçün ən aktual olan mövzuların müzakirəsində mütəxəssislər, yaradıcı, sosial həyatı aktiv olan analar və bəzən həkimlər qonaq olur. Veriliş həftə içi 5 gün saat 11.20-də canlı efirə çıxır.

Yayımlandığı gündən özünə geniş tamaşaçı auditoriyası toplayan “Ağ-qara” proqramı yeni mövsümdə də Kamran Ağabalayev və Həcər Ağayevanın təqdimatında həftə ərzində 2 gün (şənbə və bazar) yeni mövsümdə də bir-birindən maraqlı qonaqlarla standartdan kənar, bir qədər fəlsəfi, ən başlıcası isə səmimi söhbətlərlə görüşə gələcək.

“Mən, Sən, O” proqramı da yeni mövsümdən etibarən artıq efirdə olacaq, həftə içi 5 gün, saat 18.30-da yayımlanacaq.

Yeni mövsümdə yeni layihələrdən biri də “Baku s Nadejdoy” proqramı olacaq. 1980-ci illərin sonunda AzTV-də publisistik proqramlar aparan teleaparıcı Nadejda İsmayılova illər sonra yeni proqramla tamaşaçıların qarşısına çıxacaq. Nadejda İsmayılova doğma paytaxtımıza bağlı olan, yaşından, peşəsindən asılı olmayaraq ən maraqlı insanlarla görüşərək, onlara öz təssüratlarını bölüşmək imkanı yaradacaq.

Teleaparıcı Hüsniyyə Məhərrəmovanın təqdimatında yayımlanacaq “1 Aztv” proqramı isə tamaşaçılara maraqlı və əyləncəli anlar yaşadacaq.

“Məlahətli qonaqlar” proqramında isə Azərbaycan və Türkiyənin tanınmış sənət adamları, tanınmış simalar tamaşaçılara təqdim edilir, onların həyat və yaradıcılığından bəhs edilir. Aparıcısı tanınmış aktrisa Məlahət Abbasova olan verilişin ilk buraxılışı sentyabrın 22-də saat 22.45-də efirə gedib.

Eyni zamanda, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi və “Sabah” Yaradıcılıq Emalatxanası tərəfindən yeni film və tamaşalar təqdim olunacaq. Onlardan bəzilərinin çəkilişləri artıq başa çatmaq üzrədir, bəzilərinin çəkilişləri davam etdirilir, bir çoxuna isə qısa müddət ərzində başlanılacaq.

Tamaşaçılar tezliklə xalq artisti, görkəmli rejissor Ramiz Həsənoğlu və Nazim Məmmədovun quruluş verdiyi, böyük filosof-şair İmadəddin Nəsiminin həyatından bəhs edən “Son gecə” filmini məhz Azərbaycan Televiziyasının efirindən izləyə biləcəklər. Həmçinin televiziyanın “Qızıl Fondu”nda saxlanılan “Yarımştat” və “Bala-başabəla” tamaşalarına quruluş verən tanınmış rejissor Şərif Qurbanəliyevin təqdimatında ikihissəli, tammetrajlı “Zəng” bədii filmi də tezliklə ekranlara işıq salacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər