"İntiharların qarşısının alınması ilə bağlı ölkəmizdə ilk dəfə olaraq Milli Fəaliyyət Planı layihəsi hazırlanacaq" .
Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, son 45 ildə intiharların sayı orta hesabla 60 faiz artıb.
A.Kərimovun sözlərinə görə, intihar hadisəsinin mediada qabarıq şəkildə təqdim edilməsi, intihara haqq qazandırılması və intihar edən şəxsin az qala qəhrəman kimi təqdim edilməsi doğru deyil:
"Belə hallar intihara təşviqetmə kimi mənfi nəticəyə yönələ bilər, ona görə də mediada bu məsələyə daha həssas və məsuliyyətlə yanaşılmalıdır" .
Nazir müavini deyib ki, intihar hallarının qarşısını almaq üçün ailə, məktəb, cəmiyyət və dövlət səviyyəsində məqsədyönlü kompleks tədbirlərin görülməsi önəmlidir.
BMT İnkişaf Proqramı (BMTİP) rezident nümayəndəsi Alessandro Frakassetti qeyd edib ki, intihar bütün dünya ölkələrində qlobal problemdir və Azərbaycan da istisna deyil:
"Hər bir intihar ailələrə, icmalara və ümumiyyətlə, cəmiyyətlərə təsir edən, təsiri uzun müddət ötüb keçməyən faciədir. İntiharların qarşının alınması cəhdləri səhiyyə və təhsil, əmək, kənd təsərrüfatı, biznes, ədliyyə, qanunvericilik, müdafiə, siyasət və media sektorları kimi cəmiyyətin bir sıra sektorlarında istiqamətləndirmə və sıx əməkdaşlıq tələb edir".