27 Noyabr 2019 16:39
1 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev İcbari Tibbi Sığorta (İTS) ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Musa müəllim, vətəndaş icbari tibbi sığortadan imtina edə bilərmi?

- Nəyə görə sığortadan imtina edirik? Qanunda icbari olaraq qeyd olunubsa, ondan imtina etmək mümkün deyil. İşləyən hər bir vətəndaş iş yerindən İTS haqqı ödəyəcək. İTS-dən imtina etmək vətəndaşın marağında deyil. Əgər adi halda müayinəyə getdikdə 100 manatdan çox pul xəsrcləyirsə, xəstələndikdə bu məbləğ 500-1000 manat arasında dəyişir. Amma cüzi məbləğ ödəməklə bütün xərclərdən il boyu sığortalamış olur.

- İTS haqqı nə qədər təyin olunub?

- Dövlət büdcəsi hesabına maliyyələşən təşkilatlarda, neft sektorunda çalışanlardan 2 faiz işçi, 2 faiz işə götürən sığorta haqqı ödəyəcək. Qeyri-neft sektorunda, özəl sektorda çalışan vətəndaşlar isə bir il 1 faiz, növbəti ildən etibarən isə 2 faiz İTS haqqı ödəyəcək. Məsələn, 100 manat əmək haqqından 2 manat birbaşa sığorta haqqı tutulacaq.

- Bəs hansı vətəndaşlar İTS haqqı ödəməkdən azaddır?

- Təqaüdçülər, uşaqlar, şəhid ailələri, əlillər, imtiyazlı şəxslər, işsizlər sığorta haqqı ödəməkdən tamamilə azaddırlar. Bu şəxslər dövlət vəsaiti hesabına sığortalanacaqlar.

- Bəzi poliklinikalar işsiz vətəndaşları qeydiyyatdan keçib İTS haqqı ödəməyə məcbur edirlər. Bu nə dərəcədə düzgündür?

- Heç kim onları məcbur edə bilməz. Dövlətin sığortadan azad etdiyi şəxslər sığorta haqqı ödəməyəcək. Dövlət 2023-cü ilədək onların əvəzinə İTS haqqı ödəyəcək. Poliklinika vətəndaşı məcbur edə bilməz, yalnız dəvət edərək marifləndirə bilər.

- Qanunla bu ödənişdən azad olunan şəxslər könüllü olaraq İTS haqqı ödəyə bilərmi?

- Könüllü sığorta haqqı ödəmək istəyənlər seçdikləri sığorta agentliyi ilə müqavilə bağlayıb ödəyə bilərlər. Rəsmi iş yeri olmayan vətəndaşlar –şəxsi biznesi olanlar, fermer təsərrüfatı ilə məşğul olan insanlar könüllü şəkildə ayda 10 manat və yaxud il ərzində 120 manat İTS haqqı ödəyə bilərlər. Amma könüllü olaraq İTS haqqı ödəməyə hələlik ehtiyac yoxdur. 2023-cü ilədək dövlət sığortadan azad olanların əvəzinə ödəniş edəcək.

- Xarici şirkətlərdə işləyənlər İTS-dən istifadə edəcəklər?

- Onlar Azərbaycan vətəndaşı kimi icbari sığortanı alacaqlar. Amma şirkət onları sığortalaya bilərsə, onlara əlavə xidmətlər də göstəriləcək. Yəni şəxsi büdcəsindən heç kim ödəniş etməyəcək.

- İTS haqqı üçün dövlət nə qədər büdcə ayırıb?

- Hazırda dövlət bir milyard yarım manat İTS üçün vəsait ayırıb. Əlavə olaraq yanvarın 1-dən işçilərin maaşından tutulacaq məbləğ də il ərzində sığorta fonduna yığılacaq. Təxminən yarım milyard da ordan gələcək, beləliklə, 2021-ci il üçün sığorta fondumuzda 2 milyarda qədər vəsait olacaq.

- Bu məbləğ xərcləri ödəməyə yetəcəkmi?

- Əlbəttə. Bu, minimum səviyyədə sığorta ilə bağlı xidmət göstərməyə yetərlidir. Gələcək illərdə bu məbləğ artacaq. Bütün xidmətləri sığortaya daxil etmək mümkün deyil. Məsələn, bahalı orqan köçürülməsi əməliyyatları 50-70 min dollardan yuxarı büdcə tələb edir. Bütün bunlar cəlb olunan zaman təbii olaraq büdcə kifayət etməyəcək. Lakin müayinə, müalicə, o cümlədən bəzi əməliyyatların xərclərini qarşılayacaq.

- Bu büdcədən bir vətəndaşın müalicəsinə nə qədər məbləğ ayrılır?

- Təxminən 130 manat hesablanır bir nəfərə. Amma il ərzində 10 milyon əhalidən 700-800 min nəfər müraciət edirsə, bu məbləğ kifayət edir. Doğrudur, ümumi hesabladıqda bu məbləğ azdır. Fikrimcə,başlanğıc üçün kifayət edəcək. Hər il əmək haqlarının artdığını nəzərə alsaq, bu rəqəm artacaq. 3 milyona yaxın vətəndaşımız vergi və sığorta fəaliyyətindən kənardadır. Bunlar fermer fəaliyyəti ilə məşğul olanlar, kiçik ticarətçilər, ikinci iş kimi fəaliyyət göstərən, repetitor, sürücü, bağban, dayə – bunlar hamısı əmək qabiliyyətli iqtisadi fəal əhalidir. Bu şəxslər sığortaya və vergiyə cəlb olunarsa, adambaşı sığorta məbləğini 1000 manatadək artırmaq olar.

- İTS-nin səhiyyə büdcəsinə nə kimi təsirləri olacaq?

- Ölkədə səhiyyə büdcəsi heç vaxt bir milyard manata çatmayıb. Lakin bir milyard yarım dövlət ayırır, 500 milyona yaxın da il ərzində sığorta haqlarından yığıla bilər. 2021-ci ilin başlanğıcında 2 milyard manat vəsait olacaq. Bu gün bizim əsas işimiz sistemi qurmaq və sistemi işə salmaqdır. Buna görə də İTS agentliyi bunun tətbiqini rüblərə bölərək tədricən həyata keçirməyi qərara alıb.

- İlkin halda İTS paketinə nələr daxildir?

- 2 minə yaxın müayinə və müalicə paketə daxildir. Prezident sərəncam imzaladıqdan sonra yaxın vaxtlarda təqdim ediləcək. Bütün labortatoriyalar, MRT, tomoqrafiya, o cümlədən andeoqrafiya, böyük əməliyyatların hamısı daxil olmaqla, hətta orqan köçürülməsi qismən də olsa icbari tibbi sığortaya daxil ediləcək. Bahalı əməliyyatların bir hissəsini qarşılamasa da, bu günkü səhiyyənin problemlərinin 70-80 faizini həll edə biləcək.

- Dövlət xəstəxanaları əvvəl də pulsuz idi. İTS-dən sonra nə kimi fərqlər olacaq?

- Ümumdünya səhiyyə təşkilatlarına görə, dövlət sektorunda səhiyyə xərclərinin təxminən 70 faizini vətəndaş ödəyir. Xəstə qeyri-rəsmi olaraq həkimə pul verir, xəstəxanada müalicə aldıqda bəzi dərmanlar olmadığı üçün öz hesabına alır. Bütün bunları hesabladıqda xərclərin 30 faizini büdcə qarşılayırdı. İTS tətbiq olunduqda bu kimi hallar ortaya çıxmayacaq. Həkimlərin də maaşı ən azı 3 dəfə artdıqdan sonra sağlam bir rəqabət yarandıqda, maaşdan əlavə bonuslar qazanacaqlar. Eyni zamanda vətəndaş sığorta haqqı ödədiyi üçün ikinci haqqı niyə ödəməlidir?

- Gün ərzində bir neçə əməliyyata girərək yüksək gəlir qazanan həkimlərə İTS təsir edəcəkmi?

– Bu, həkimlərin müəyyən qisminə sərf edəcək, çünki vəsaitin müəyyən hissəsini bonuslardan qazanacaqlar. Lakin həkim bunu rüşvət şəklində deyil, əmək haqqı olaraq alcaq. Digər tərəfdən həkimlərə heç kim məhdudiyyət qoymur. Özəl sektorda da fəaliyyətlərini davam etdirə bilərlər. Həkimin xəstədən müalicə haqqı tələb etmək imkanı da olmayacaq. Vətəndaş qeydiyyat şöbəsinə müraciət etdikdə, onun sığortalı olub-olmadığı müəyyənləşəcək.

- Özəl klinikalar İTS prossesində iştirak edə biləcəkmi?

- Bütün xəstəxanalar burada iştirak etmir. Özəl xəstəxanalar təşəbbüs göstərmək istədikdə, icbari tibbi sığorta agentliyinə müraciət edərək müqavilə bağlayacaq. İTS-nin məqsədi publik hüquqi şəxsə çevrilən dövlət müəssilərini inkişaf etdirib, özəl klinikalar səviyyəsinə çatdırmaqdır. Özəl klinika ilə işləmək, əlbəttə, çox rahatdır, amma onların bütün əhalinin tibbi xidmətlərini qarşılamağa imkanları çatmaz.

- Həm səhiyyə təşkilatları, həm də İTS agentliyi var. Bu, İTS üçün problem yartmayacaq?

- Klinikaların hansının səhiyyə müəssisələrində, hansının İTS-nin tərkibində olacağı müəyyənləşdirilib, heç bir problem yaratmayacaq. Müəyyən profillər üzrə inistitutlar (kardiologiya, göz xəstəlikləri, onkoloji mərkəz, vərəm) səhiyyə nazirliyinin tərkibində qalacaq. Müəyyən müddət sonra onları da sığortaya daxil etmək fikrimiz var. Səhiyyə müəssisələrinin İTS agentliklərinə tabeliyi müvəqqəti olmalıdır. Çünki sifariş verənlə icra edən birləşdikdə müəyyən problemlər ortaya çıxır və qeyri-qanuni addımlar atılır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər