Milli Məclis Azərbaycan Respublikası Ombudsmanını seçmək proseduruna başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə parlamentin vitse-spikeri Bahar Muradova məlumat verib.
O, deyib ki, 15 noyabr 2019-cu ildə Azərbaycan Prezidentinin imzası ilə parlamentə məktubu daxil olub: “Məktubda cənab prezident insan hüquqları üzrə müvəkkilinin seçilməsi üçün namizədlərini təqdim edib”.
İnsan hüquqları komitəsinin sədri B. Muradova əlavə edib ki, komitə ombudsmanlığa təklif edilən şəxslərin namizədliyinə baxıb və bunu parlamentin plenar iclasına təqdim edib: “Komitədə biz bu haqda müzakirələr apardıq. Namizədlər cəmiyyətdə tanınan insanlardır və onların hər biri şəxsi keyfiyyətlərinə görə, bu vəzifəni tuta bilər.
Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevadır. Bu şəxslərin hər biri ombudsman seçilməyə layiq şəxslərdir".