Azadlıqdan məhrumetmə yerlərində vərəmlə mübarizə sahəsində əldə edilmiş təcrübənin mübadiləsi məqsədilə Qırğızıstan Respublikasının nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.
Azərbaycan Hökuməti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin birgə keçirdiyi təcrübə mübadiləsi üzrə görüşlərdə iştirak edən qırğız nümayəndə heyəti Qırğızıstan Respublikası Hökumətinin Cəzaların İcrası üzrə Dövlət Xidmətinin sədri Sovetbek Arbayev və Cəzaların İcrası üzrə Dövlət Xidmətinin Tibb Baş İdarəsinin rəisi Akilbek Asanovdan ibarətdir.
Qırğızıstan Respublikası nümayəndə heyətinin işgüzar səfəri Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və Şəhidlər Xiyabanında “20 yanvar” şəhidlərinin məzarlarının ziyarəti ilə başlanıb. Daha sonra Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb Baş idarəsi rəhbərliklərinin iştirakı ilə Penitensiar xidmətin Baş idarəsində nümayəndə heyəti ilə görüş keçirilib.
Daha sonra nümayəndə heyətini ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev qəbul edib. Teleqraf.com xəbər verir ki, Qırğızıstan Respublikası Hökumətinin Cəzaların İcrası üzrə Dövlət Xidmətinin sədri Sovetbek Arbayev və Cəzaların İcrası üzrə Dövlət Xidmətinin Tibb Baş İdarəsinin rəisi Akilbek Asanovla görüşən Mədət Quliyev bildirib ki, respublikada son illərdə cəzaların icrasının təşkili ilə bağlı həyata keçirilib. O, əldə olunmuş nəticələr və müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barəsində ətraflı məlumat verib.
M.Quliyev bildirib ki, penitensiar xidmətin həyata keçirdiyi beynəlxalq əməkdaşlıq sahəsində də nəzərə çarpacaq müsbət dəyişikliklərin əldə olunduğunu vurğulayıb. Avropa Şurası, ATƏT, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq qurumların nümayəndələri mütəmadi olaraq penitensiar müəssisələrdə və istintaq təcridxanalarında monitorinqlər keçirir: “Cəza çəkənlərin saxlanma şəraiti ilə yaxından tanış olurlar, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün müvafiq tövsiyələr təqdim edirlər”.
M.Quliyev bu baxımdan BQXK ilə Penitensiar xidmət arasındakı əməkdaşlığı xüsusilə yüksək qiymətləndirib. O, son illər ərzində məhz BQXK ilə əməkdaşlığın daha da genişlənməsi nəticəsində məhkumlara və təqsirləndirilən şəxslərə, xüsusilə də ağ ciyər vərəminə düçar olmuşlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin xeyli artdığını, bunun da nəticəsində həmin xəstəlikdən vəfat edən şəxslərin sayının nəzərə çarpacaq dərəcədə azaldığını bildirib.
Qırğızıstan nümayəndə heyətinə rəhbərlik Sovetbek Arbayev işgüzar səfər üçün yaradılmış şəraitə və qəbula görə nümayəndə heyəti adından minnətdarlıqlarını bıldırərək səfərin əsas məqsədləri haqqında məlumat verib.
Görüşdə iştirak edən Ədliyyə nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev məhkumlara və təqsirləndirilən şəxslərə göstərilən tibbi xidmətin vəziyyətini şərh edərkən son dövrlərdə bu sahədə nəzərəçarpacaq nailiyyətlər əldə olunduğunu qeyd edib.
Xüsusilə vurğulanıb ki, penitensiar müəssisələrdə və istintaq təcridxanalarında müasir tibbi avadanlığın quraşdırılması, dərman preparatları ilə təchizatın yaxşılaşdırılması və cəza çəkənlərə tibbi xidmətin keyfiyyətinin artırılması nəticəsində məhkumlar arasında ölüm halları xeyli azalıb. Məhz bu müsbət təcrübənin öyrənilməsi məqsədilə bir sıra ölkələrin nümayəndələri ölkəmizə dəfələrlə səfərlər ediblər.
Səfər çərçivəsində Qırğızıstanlı qonaqların Penitensiar xidmətin Bakı İstintaq təcridxanasına, İxtisaslaşdırılmış müalicə müəssisəsinə, 2 və 6 saylı cəzaçəkmə müəssisələrinə baş çəkmələri, həmin müəssisələrin fəaliyyəti ilə tanış olmaları nəzərdə tutulub.
Hacı Zeynalov