Milli Məclis epidemiyaya qarşı mübarizəyə dəstək olacaq qanun layihələrini qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu məqsədlə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər qəbul olunub.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, 211-ci maddə aşağıdakı redaksiyada verilir: “Maddə 211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir”.
Cinayət Məcəlləsinə 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddə əlavə olunur.
Həmin maddəyə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır