22 Mart 2020 14:34
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması məqsədilə effektli önləyici tədbirlər görülür”.

Azərbaycan Prezidentinin koronavirus pandemiyasının ölkəyə mənfi təsirlərinin azaldılması ilə bağlı tədbirlər haqqında sərəncamına münasibət bildirən politoloq Yeganə Hacıyeva Teleqraf.com-a belə deyib.

Ekspert hesab edir ki, koronavirusun dünya miqyasında bu qədər geniş yayılmasının əsas səbəbi əksər ölkələrin, hətta Avropa və “G8”-ə daxil olan inkşaf etmiş dövlətlərin bir çoxunun mübarizəyə Ümumdünya Səhiyyə Təşkilatının bunu pandemiya elan etməsinə sonra qoşulmasıdır:

“Bu isə fevral ayının ortaları, epidemiyanın artıq iki aydan çox tüğyan etdiyi zamanlarda baş verdi. Çünki xüsusən də Avropa və ABŞ pandemiya səbəbi ilə tətbiq olunacaq məhdudiyyət və qadağalardan ziyan görəcəyindən ehtiyat edirdi. Buna görə də, həmin ölkələrdə bir sıra iqtisadi qrupların nəzarətlərində olan KİV, sosial media və internet resursları əks təbliğat aparırdı.

Məsələn, ölüm hallarının bu qədər çox olduğu İtaliyada bu təbliğat martın əvvəllərinə qədər davam edirdi. Nə qədər qəribə səslənsə də, ABŞ və bir neçə digər ölkələrində bu təbliğat hələ də davam edir.

Azərbaycan isə koronavirusla sistemli mübarizəyə hələ yanvar ayının sonlarından başlanılıb. Yanvar və fevral aylarında pandemiyanın tüğyan etdiyi ölkələrlə nəqliyyat əlaqələri dayandırıldı. Mart ayının əvvəlindən isə sosial xarakterli önləyici tədbirlər görülür, məktəblər bağlandı, Azərbaycan vətəndaşlarının pandemiyanın geniş yayıldığı ölkələrə səfərləri dayandırıldı.

Artıq müəyyən olunmuş tədbirlərin tarixi də dəyişdirilib, ölkədə fəaliyyət göstərən kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyətlərii dayandırılır, ölkə ərazisində toy mərasimlərinin keçirilməsi qadağan edilib.

Habelə dəfn mərasimləri istisna olmaqla, mərasim zalları, çadırlar və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub. İnfeksiyasının törədə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa məhdudiyyətlər tətbiq edilir”.

Yeganə Hacıyevanın sözlərinə görə, infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər çərçivəsində dünəndən artıq kafe və restoranların işi rejimi saat 15:00-a qədər məhdudlaşdırılıb:

“Məhz bu xüsusi rejimin tətbiq olunması, önləyici addımların atılması ilə koronavirusun daha geniş areala yayılmasının qarşısı alındı, ölüm hallarının az olmasına səbəb oldu.

Ən əsas tədbir isə Azərbaycanda daha effektli karantin rejiminin tətbiq edilməsi ilə bağlıdır. Məsələn, Avropa və ABŞ-da xaricdən gələn şəxslər karantinə alınmır, onlardan koronavirusun simptomları özünü göstərəndə müraciət etmələri tələb olunur.

Bu isə koronavirusun yayılmasının əsas səbəblərindən biridir. Azərbaycanda isə təyarədən düşən istənilən şəxs karantinə alınır, bir neçə gün müayinə olunur və virusun daşıyıcısı olmaması haqqında əminlikdən sonra evə buraxılır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər