31 Mart 2020 22:00
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının suallarını Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

– Firdovsiyyə xanım, ermənilərin Bakıda və Azərbaycanın şimal və cənub hissələrində törətdikləri dəhşətli qırğından 102 il ötür. Mart qırğınlarının baş verməsini şərtləndirən amillər hansılardır?

– 1918-ci ildə baş vermiş hadisələr daha dərin köklərə söykənirdi. Çünki ermənilərin Azərbaycana qarşı təcavüzü, Azərbaycan torpaqlarına iddiası daha erkən tarixdən başlamışdı. Bundan öncə, 1905-1906-cı illərdə erməni-müsəlman münaqişəsi baş vermişdi. Həmin dövrdə ermənilərin daha irəligedən planları var idi. Yəni, ermənilər 1918-ci ildə gerçəkləşdirmək istədiklərini 1905-1906-cı illərdə həyata keçirmək istəyirdilər. Bu, etnik təmizləmə siyasəti, gələcəkdə nəzərdə tutduqları “Böyük Ermənistan” xülyasını gerçəkləşdirilməsi planının tərkib hissəsi idi.

– Niyə bu hadisələr məhz 1918-ci ildə baş verdi?

– Çünki 1918-ci ildə yeni bir situasiya yaranmışdı. 1917-ci il Fevral inqilabından sonra Rusiyada monarxiya devrildi. Bütün xalqlar öz ümidlərini yeni quruluşa bağlayırdılar. Azərbaycan milli qüvvələri də məhəlli muxtariyyət istəyirdilər. Azərbaycan milli hərəkatının önündə gedən Müsavat Partiyasının sosial bazası genişlənirdi. Bu, təbii ki, Cənubi Qafqazda olan siyasi qüvvələri narahat edirdi. Bu siyasi qüvvələrin hədəfləri fərqli-fərqli idi. Həmin dövrdə Qafqazda eserlər, menşeviklər var idi. Onlar da Azərbaycan məhəlli muxtariyyatına qarşı idilər.

Digər tərəfdən, 1917-ci ilin oktyabrında bolşeviklərin hakimiyyəti ələ almaları tamamilə yeni bir situasiya yaradır. Qafqazda isə azərbaycanlıların müqəddəratına ciddi şəkildə zərbə vuracaq bir situasiya yetişir. Qafqazda sovet hakimiyyətinin qurulması missiyası Stepan Şaumyana həvalə olunur. Şaumyanın erməni kimliyi bu məsələdə özünü ciddi şəkildə biruzə verir. Bu zaman Şaumyana Rusiya tərəfindən Birinci dünya müharibsi zamanı işğal olunmuş Türkiyənin 6 vilayətində Türkiyə Ermənistanı muxtariyyatının formalaşdırılması da tapşırılır.

Bundan əlavə, 1917-ci ildə bir neçə seçkilər keçirilmişdi. Bunlar Bakı Sovetinə, Bakı Şəhər Dumasına, Rusiya Müəssislər Məclisinə keçirilən seçkilər idi. Bu seçkilərdə Azərbaycan milli qüvvələrinin üstünlük qazanması digər siyasi qüvvələri, o cümlədən bolşevikləri əndişəyə salmışdı. Nəinki Azərbaycanda, Bakıda da sivil yolla, seçki yolu ilə hakimiyyətə yiyələnməyin mümükün olmayacağını anlayan Şaumyan artıq hərbi, silahlı hazırlığa tam gücü ilə başladı. O, hansısa təxribat xarakterli aktlardan istifadə edib Azərbaycan milli qüvvələrini məhv etmək xətti götürmüşdü. Yəni 1918-ci ilin yazı üçün Bakı şəhəri həm hərbi, həm siyasi, həm də belə deyək, status baxımından demək olar ki, bolşevik və erməni qüvvələrinin əlində idi. Belə bir situasiyada onu da nəzərə almaq lazımdır ki, Bakı Sovetində də xeyli sayda erməni mənşəli insanlar var idi. Əmiryanın nümunəsində biz görürük ki, qardaşlardan biri bolşevik, digəri rəsmi olaraq Daşnaksütyun Partiyasının üzvü idi. Yəni istər-istəməz azərbaycanlılara münasibətdə onların maraqları uzlaşırdı. Hədəfləri fərqli olsa da, taktiki baxımdan eyni koalisiyada birləşdilər.

– Hansı hadisə Mart qırğınlarının başlamasına səbəb oldu?

– 1918-ci ilin əvvəllərində azərbaycanlılara qarşı münaqişə yarada biləcək bir neçə təxribat törədilmişdi. Lakin bunların qarşısı alınmışdı. 1918-ci ilin martında Bakıda növbəti insident baş verdi. Belə ki, Hacı Zeynalabdin Tağıyevin vəfat etmiş oğlunun nəşini gətirən “Evelina” gəmisində Azərbaycan hərbçilərindən ibarət dəstənin tərksilah edilməsi xalqın qəzəb hissini coşdurdu. Bu situasiyadan istifadə edən bolşeviklər Şaumyanın özünün Stalinə yazdığı məktubda da ifadə etdiyi kimi ilk atəşdən istifadə edib bütün cəbhə boyu hücuma keçdilər. O ilk atəşi kimin açdığı isə tarixdə bu günə qədər də müəyyən edilməyib. Amma ermənilərin ötən yüz illik ərzində törətdikləri qanlı cinayətlərin tarixi göstərir ki, daim ilk situasiyanı yaradan, hücuma keçib öz təcavüzkar siyasətini həyata keçirmək üçün ilk təxribatı yaradan da məhz ermənilər olublar.

Bu baxımdan azərbaycanlıların kütləvi şəkildə soyqırıma məruz qalması yalnız 1918-ci ilin martın 30-u aprelin 1-i tarixi ilə məhdudlaşan bir tarix deyil. Sadəcə 1918-ci ildə, ondan əvvəl və sonra baş vermiş müsəlman qırğınlarının, müsəlman qətliamlarının rəmzi tarixi kimi 1918-ci il 31 mart tarixi əsas götürülür.

Nəzərə almaq lazımdır ki, 1918-ci ilin fevralından, bir qədər də dəqiq desək, 1917-ci ilin sonlarından, dekabrından başlayaraq, ermənilərin azərbaycanlılara qarşı qətliam törətməsi prosesi başlamışdı. Rəsmi olaraq isə 1918-ci ilin fevral ayında İrəvan quberniyasında 80-dən çox Azərbaycan kəndini ermənilər darmadağın etmiş, əhalini qətliama məruz qoymuşdular.

Paralel olaraq, coğrafiyaya nəzər salsaq həmin dövrdə Cənubi Azərbaycanda, Şərqi Anadoluda və Cənubi Qafqazda bu proses ermənilər tərəfindən geniş miqyasda həyata keçirilirdi. Çünki Qafqaz cəbhəsinin əsas yaraq-sursatı onlarda idi və onlar təşkilatlanmış şəkildə idilər. Onu da nəzərə almaq lazımdır ki, 1918-ci ilin yazında Azərbaycan milli qüvvələrinin aparıcı xadimləri Zaqafqaziya Seymində – Tiflisdə müsəlman fraksiyasının tərkibində fəaliyyət göstərirdilər. Yəni situasiyanı idarə edib növbəti təxribatın qarşısını almaq üçün potensialı olan milli qüvvələrimiz də Mart qırğınları ərəfəsində Bakıda yox idilər. Ona görə də belə amansız şəkildə, güc-qüvvə, silah üstünlüyü ilə bolşevik-daşnak birləşmələri 1918-ci ilin fevralından başlayaraq bir neçə ay ərzində sürətlə, kütləvi şəkildə dinc azərbaycanlıları qətlə yetirdilər. Bu çox böyük vəhşiliklərlə həyata keçirilən qətliam idi. Bu proses ta 1918-ci ilin sentyabrında Bakının azad olunmasına qədər davam etmişdi.

– Mart qırğınlarının miqyası ilə bağlı da bir qədər məlumat verməyinizi istərdik...

– Qırğınların miqyası bütün Cənubi Azərbaycan, Şərqi Anadolu və Cənubi Qafqazda eyni səviyyədə olub. Məsələn, Urmiya şəhərində bir gecədə 500 azərbaycanlı ailəsi (12000 nəfər) qətlə yetirilmişdi və bu tarixə Urmu faciəsi kimi daxil olmuşdu.

Üç gün ərzində Bakıda 10-12 min insan qətlə yetirilmişdi.

Şamaxı qəzasının 110 kəndi ermənilər tərəfindən qarət edilmiş, yandırılmış, dağıdılmış və əhalisi qətlə yetirilmişdi. Ermənilər qısa müddətdə 10341 azərbaycanlını qətlə yetiriblər. Bu kəndlərə dəyən maddi zərər həmin dövrün qiymətləri ilə 607167420 manata çatırdı. Yəni Şamaxıda törədilən qırğınlar miqyasına görə heç də Bakıdakından geri qalmırdı.

Zəngəzur qəzasında 115 müsəlman kəndi ermənilər tərəfindən dağıdılmışdı. Həmin kəndlərdə 3257 kişi, 2776 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı.

Quba qəzasında 167 müsəlman kəndi dağıdılmış və yandırılmış, əhaliyə 58.121.051 rubl məbləğində zərər dəymişdi.

Ümumiyyətlə, Qarabağda 157, Qubada 167, İrəvan quberniyasında 211, Gəncə ətrafında 272, Ağsu, Kürdəmir və Lənkəranda 130 yaşayış məntəqəsinin əhalisi ermənilər tərəfindən qətlə yetirilmişdi.

İrəvan quberniyasında 135 min, Cənubi Azərbaycanın Xoy və Səlmas bölğələrində 130 min azərbaycanlı qətlə yetirilmişdi.

Onu da deyim ki, mart qırğınları son dərəcə amansız şəkildə həyata keçirilən və talanla müşayiət olunan bir akt olub. Bu rəqəmlər mart qırğınlarının mahiyyətini tam əks etdirə bilməz. Çünki burada əsas amil insan amili idi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarından biri Fövqəladə Təhqiqat Komissiyasının yaradılması oldu. Ta Birinci dünya müharibəsi başlayandan 1918-ci il də daxil olmaqla müsəlmanlara qarşı törədilən qanlı aktlarla bağlı təhqiqat aparıldı və həmin təhqiqatda insan tələfatının miqyası, həmçinin, vurulan maddi ziyanın məbləği öz əksini tapmışdı.

Həmin dövrdən sonra keçirilən siyahıyaalmada azərbaycanlılarla bağlı demoqrafik göstəricilərin aşağı düşdüyü qırğınların miqyasını aydın şəkildə göstərirdi. Belə ki, 1919-21-ci illərdə Naxçıvanın 100 mindən bir qədər artıq əhalisinin 73720 nəfəri ermənilər tərəfindən öldürülmüş, İrəvan quberniyasının 1916-cı ildəki 375 min nəfərlik azərbaycanlı əhalisinin sayı azalaraq 1922-ci ildə 70 min nəfərə enmişdi.

Qeyd etmək lazımdır ki, ermənilərin özlərinin yazdığı ədəbiyyatda da, xarici müəlliflərin tədqiqatlarında da azərbaycanlıların kütləvi qırğınları öz əksini tapıb.

– Mart soyqırımının ildönümü tədbirlərinin keçirilməsi hansı səbəbdən və ya səbəblərdən mühüm əhəmiyyət daşıyır?

– Bu tarixin ildönümlərinin qeyd olunması həm də ona görə olduqca aktual siyasi əhəmiyyət kəsb edir ki, bu gün Azərbaycan torpaqlarına qarşı təcavüzün davam etməsi, Azərbaycan torpaqlarının işğal altında qalması ilə nəticələnın yaşadığımız faciə heç də 1988-ci ildən başlayan təcavüz deyil. Bu, məhz 100 ildən artıqdır davam edən erməni təcavüzünün tərkib hissəsidir. Yəni bugünkü faciəmizi, yaşadığımız itkini, ağrını, işğalı mart qırğınlarından ayrılıqda təhlil edə bilmərik. Ona görə də 1918-ci ilin martında baş verənlərlə bağlı həqiqətləri mütləq beynəlxalq ictimaiyyətə çatdırmaq lazımdır ki, ermənilərin bugünkü iddiaları heç də onların irəli sürdükləri prinsiplərə əsaslanmır. Bu, birbaşa ərazi iddiası ilə bağlı həyata keçirilən qanlı aktın tərkib hissəsidir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər