3 Aprel 2020 17:31
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir gün Tanpınar şeirlərimi görmək istədi. 17-18 yaşım olardı, mənə böyük bir fincanda qəhvə uzadır. Yenə böyük yazı masasının arxasında oturub gözlərində eynək bütün şeirlərimi oxuyur. Oxuyub bitirdikdən sonra başını qaldırıb ilk cümləsini söyləyir, “Bu şeirlər çox gözəldir, hamısı çox gözəldir, amma heç biri şeir deyil”.

Tanpınarın bu tənqidi Cansevərin yaradıcılığına yeni bir yön qazandırdı. Həyatının axınını dəyişdirən olaylardan biri də 1954-cü ildə Kapalıçarşıda baş verən yanğındır.

Teleqraf.com türk şair Edip Cansevər haqda yazını təqdim edir.

Şeirlərinin ilk oxusucu on doqquz yaşında evləndiyi, otuz doqquz il evli qaldığı Məfharət xanım idi. O illərdə ata peşəsini davam etdirmək qərarını versə də, ticarətdən heç nə anlamırdı. Onun yeganə sevgisi ədəbiyyat, xüsusən şeir idi.

Şairlikdən başqa əlindən heç bir iş gəlməyən Edip Cansevər qonşusu Nigar xanımın qardaşı yazıçı Əhməd Həmdi Tanpınara ilk şeirlərini göstərir. Tanpınar ona “Bu şeirlər çox gözəldir, amma heç biri şeir deyil”, cavabını verir və qarşısında şeir yazmağa həyatını qurban verməyə hazır olduğunu duyan Edipə uzun-uzun rəsmə necə baxmağın lazım olmasından danışır. Evə qayıdanda əlində çoxlu rəsmlər vardı. Saatlarla rəsmlərə baxır və o günlərdə yayımlandıqdan sonra peşman olacağı “İkindi üstü” kitabını yazır. Şübhəsiz bu peşmanlığı özünə dəyər biçə bilməyən gələcək dahinin səmimiyyətindən irəli gəlirdi. Həmin illərdə Orxan Vəli onun haqda “ümid vəd edən şair” deyir.

Sirli alovlar

Atası onun tacir olmayacağını hələ kiçik yaşlarından anlamışdı, amma onu getmək istədiyi yoldan geri çağırmadı.

Kapalıçarşıda qədimi əşyalar və xalça satılan dükanlarında Jak adlı ticarətə həvəsli, amma yoxsul olan yəhudi bir gənc işləyirdi. Edipin atası Jakı dükana, yəni Edipə ortaq edir. Jak gözlənilmədən böyük bazarın ən böyük və çox pul qazanan dükanının ortağına çevrilir. Amma 1954-cü ildə bazarda baş verən yanğında dükanları məhv olur. Sığorta şirkətinin ödədiyi kompensasiya yeni dükan açmaq üçün bəs etmədi, köhnə ortağı ilə qədim əşyalarının ticarətinə başlayır.

Bir neçə ay sonra Jak Edipə yeni açdıqları kiçik dükanda yaradıcılığa məşğul ola biləcəyini, özünün isə alqı-satqı işləri ilə məşğul olacağını deyir. Bu, Edipin həyatda aldığı ən xoş müjdələrdən biridir. Doqquz kitabını burada – Kapalıçarşıdakı kiçik dükanda yazdı. İllər sonra o günlər haqda “Bəlkə o yanğın baş verməsəydi…”, deyəcəkdi.

Çardaqdan yuxarı

Edip hər səhər dükana gəlir, çardağa qalxır, axşama kimi şeir yazır, günün sonunda da evin yolunu tuturdu. Dükana yalnız oradan çardağa uzanan pilləkənlə qalxmaq üçün girirdi.

Edip Cansevər o çardaqda türk şeirinə yeni bir nəfəs üfürdü, yeni bir dəst-xətt gətirdi. Həmişə şeir yazırdı, amma bir şair kimi tanınana qədər poeziya haqda silsilə məqalələr yayımladı. Edip Cansevər dövrün türk poeziyasının İkinci Yeni Hərəkatının sıralarında yer aldı. Şeirlərində “qapalı” adlanan bir anlayışı mənimsəmişdi.

1986-cı ildə İlhan Bərkin yardımı ilə Bodrumda aldığı kiçik evində qucağındakı nəvəsi ilə oynayarkən, uşağın əlindəki metal oyuncaq avtomobil əlindən çıxaraq Cansevərin alınına çırpılır. Beynində qanaxma başlayır, bir neçə gün sonra isə həyatla birdəfəlik vidalaşır.

Tomris Uyar və Edip Cansevər

Edip Cansevər hər il martın 15-də doğum günündə yeni bir şeir yazaraq, Tomris Uyara həsr edir, sevgisini təkrar-təkrar elan edirdi. Yəni Cansevərin yaradıcılığının mərkəzində həm də bir qadın əyləşmişdi. Bu qələm bəzən də bu qadının orbitində fırlanırdı.

O illərdə Tomris Uyar ən böyük sevgisi və həyat yoldaşı Turqut Uyarın ölümündən sonra özünü toparlamağa çalışırdı, bu müddət ərzində dostları onu heç vaxt yalnız qoymadı. Xüsusilə Tomrisin həyatına ən çox toxunan – ona həm dost, həm də sədaqətli bir sevgili olan Edip Cansevər həmişə yanındaydı.

Edip Cansevər Tomrisə qarşısıalınmaz bir heyranlıq duyurdu, həm də ən yaxın dostuydu.

Edip Cansevərin deyimi ilə, Tomris rakını sevirdi, Edip də onu. İllərlə səssizliyini qoruyan Tomris ölümündən az əvvəl Edipin yaradıcılıq baxımından, ona ən çox təsir edən insan olduğunu etiraf etdi. Edip Cansevəri “Daha çox izah edən, daha rəngli, təkrarı sevən şair”, ifadələri ilə təqdim etdi.

Üç dostun bir sevgilisi

Camal Sürəya, Turqut Uyar, Edip Cansevər və Tomris Uyar qarışıq sevgi münasibətlərinə baxmayaraq, bir-birinə yaxın dost idilər. Dostluqları uzun zaman davam etmişdi. Camal Sürəyya tez-tez “Edipə şeir yazmağı mən öyrətdim”, deyərək Edip Cansevərə ilişirdi. Turqut Uyar da “Onlar bir-birilə mübahisə edərkən, mən də gedib Tomrislə evləndim”, deyərək, onlara zarafat edirmiş.

Turqut Uyardan sonra Edip Cansevəri də itirmək Tomris Uyarı sarsıtmışdı. Tomris Edip Cansevər üçün bunları demişdi:

“Sevgililik, ya da eşq duyğusu zamanla yaraya çevrilə bilir, amma qaysaqlanır, sağalır. Bitməyən yeganə məhəbbətin lirik bir dostluq olduğunu mənə Edip Cansevər öyrətdi”.

Zabit dostun arvadına aşiq olmaq

1965-ci ildə Tomris Gedik artıq Tomris Uyar olmuşdu. Yəni Edip Cansevərin zabit dostu Turqutun həyat yoldaşı. Cansevərin həyat yoldaşı Məfharət xanımın da daxil olduğu görüşlər başlayır. İki ailə arasında dostluq münasibətləri yeni başladığı günlərin birində Turqutla Tomris ayrılacağını deyirlər. Cansevər buna etiraz edir. Buna maddi problemlərin səbəb olduğunu düşünür, onlara yardım təklif etsə də, aralarındakı bağ çoxdan qopub. İlk məhkəmədə boşanırlar, zaldan üçü birlikdə çıxır. Tomris Kadıköydə bərəyə minib gedir. Edip Cansevər hara getdiyini soruşur, amma Tomrisdən cavab almır. Əslində getdiyi yer bəlli idi – Camal Sürəyanın yanı. Cansevər o günlər üçün belə demişdi: “Əslində Tomris Camal Sürəyaya iki il əvvəl Çiçək Pasajındakı baxışları ilə getmişdi”.

Cansevəri yaralayan şeir

Yenə bir gün Tomris Cansevərin işlədiyi dükana gəlir. Əslində Cansevər orada olmadığını demişdi, amma Tomris təkidlə çardağa qalxır. Bazar bağlanana qədər danışırlar. Şair bir ara işçisi Mustafadan mürəkkəb istəyir. Mustafa dərhal yuxarı qalxıb mürəkkəb gətirir. Şair yığılıb qalmış yazılı kağızları əzib yuxarıdan atır. Ən az altı saatdır çardaqda olan Cansevərin nə yazdığı Mustafanı maraqlandırır. Əzilmiş kağızları səliqəyə salıb oxuyur, üzərində çoxlu düzəlişlər edilmiş bir şeir vardı. Əvvəlcə heç nə anlamır. Çox sonralar anlayır ki, Tomrisin Cansevərə doğum günü üçün zorla yazdırdığı “Mən burada olanda bu şeiri yazmasan, ikimiz də buradan çıxmayacağıq”, dediyi “Yaş Değiştirme Törenine Yetişen Öyle Bir Şiir” adlı şeiridir.

“Bir kıyıya bakarken, bakarken ki ağlayan yüzünle” misrasını Tomrisin məhkəmə zalından huşsuz kimi çıxdığı halına, “Yok bir yanıtın “nereye” diyenlere” misrasını isə bərəyə minib getməsinə yazmışdı.

Cansevərin ölümündən uzun illər sonra – 1994-cü ildə bir radio proqramında aparıcının şairlə bağlı sualına Tomris ancaq bu cavabı verə bilmişdi: “Bir şeiri yazarkən yaralandı Edip”…

Qatarlara şokolad yedirdən şair

Edip Cansevər hər dövrdə oxucusu olan, şeir anlayışı olmayanların belə sətrlərinə laqeyd qalmadığı, modern türk poeziyasının bir neçə kult şairlərindən biridir. Edip Cansevər həyatından yazmaqdan çox dövrünü izləyən, yeni dünyagörüşlərə açıq, yeniliyi izləyən şairdi. Dövrü ilə hər nə qədər iç-içə bağlı olsa da, yəni reallığa qapansa da, hər misrasında qəribə oyunlar oynayan, oxucunu anlaşılmazlığa sürüyən və orijinal görünən nəhəng bir ədəbiyyat adamıdır. Cansevər düşüncə şeirinin ustadlarından biridir. Tənqidçilərin əksinə olaraq, o, düşüncəsini şeirdə gizlətmirdi, onu yüksək səslə qışqırıb estetik həzzə çatmağa can atırdı. Yəni həqiqətləri şizofrenik bir dillə çatdırırdı.

Həm dövrünün, həm də günümüzün ədəbi tənqidçiləri Cansevərin şeirlərini qapalı və anlaşılmaz olduğu fikrini müdafiə edir. Lakin alt qatı psixoloji, sosial və siyasi laylarla döşənmiş şeirlərində həyat və həqiqətləri fərqli dillə izah edilir. İlhan Bərk şeirlərinin anlaşılmazlığını “Cansevər qatarlarla şokolad yedirdən şairdir”, kimi təsvir edir. Əlbəttə bir şeirin necə yazıldığını Edip Cansevər qədər az şair bilir, yaradıcı gücün bütün imkanlarını bunun üçün səfərbər etmişdi. Hər nə qədər anlaşılmaz görünsə də, Cansevərin real həyat və insanlarla sağlam bağları bu anlaşılmazlıq içində incə bir xətlə özünü göstərir. Çünki o, cəmiyyətin içində bir şair yox, onu adi bir fərd idi, yalnız köşəsinə - qaranlıq çardağa çəkiləndə göy üzündən görən Tanrı kimi yazırdı. Həqiqətlərə bəşəri bir libas biçməsi də bundandı.

Və…..

Hər cəhdində ali həqiqətlərə, bəşəri yüksəkliklərə əl atır. Həqiqətlərin fərqli ölçülməsi və biçilməsi Edip Cansevər şeirlərinin gerçək simasıdır. Cəmiyyətin – insan kütləsinin rəsmini çəkən şairin qələmi rəngarəngliyini də, xəyal dünyasının bu genişliyindən alırdı. Şeirlərindəki zülmət qaranlığın başladığı yer də, yenə cəmiyyətdən gəlirdi: oradakı ümidsizlikdən, ziddiyyətlərdən, təzadlardan… Qaranlıq olan hər şeyi isə qapalı görmək insan olan hər canlının təbiətində var. Amma o qaplılığın altındakı sirlər də o qapı aralananda ortaya çıxır. Edip Cansevr hər şeirində bu həqiqətlərlə üzləşmək, onları həll etmək üçün hər şeirində insanlara çağırış edir. Çağırış isə bir ümiddir. Edip Cansevrə gülməyə həsrət qalmış insanların şairidir. Türkiyə Fəhlə Partiyasının üzvü olan şairin şeirlərində ictimai problemlər özünə yeni baxış qazanırdı. Bu problemləri spesifik bir üslub və dillə səsləndirilirdi. Bəlkə də Cansevrə bunların heç birini dilə gətirməmişdi, bizə danışmaq istədiyini gizlətmişdi. Həqiqətin nə olub-olmamasından asılı olmayaraq, şeir Edip Cansevərin dediyi kimidir - oxucunun anladığı qədərdir.

Özü isə şeir haqda bunları deyirdi:

“Şeir – yazıldığı dövrün həyat şərtlərini əks etdirən, insani və ölümsüz dəyərlərin anlaşılmaz bir nəticəsidir. Amma çox vaxt şeirin bu xüsusiyyəti nəzərə alınmaya bilər. Dilin çətinliyi, anlaşılmaz faktorlar, poeziyanın yeni simaları bizə etiraz etmək üçün qarşımıza çıxa bilər. “Anlaşılmaz faktorlar” dedim, bəli, bu, bizə təzadlı davranmağımıza imkan verməməlidir. Elm belə, insanın yalnızlığa meylli tərəfi ilə maraqlanmaqla insanı insanlara anlaşılmaz varlıq kimi təqdim edərək, reallıqda isə ona konkret xarakter biçmirmi?

Fəlsəfə üçün də eyni şeyləri deyə bilərik: o da həyatımıza yeni anlayışlar qatmaqla kifayətlənmir, ortaya atdığı düşüncə formalarının nizamının bir-birinə təsir edib dəyərləndirməsi ilə konkret bir nəticəyə gəlib çıxır. Anlaşılmaz faktorladan istifadə edilməsi baxımından şeir də, bu məntiq mexanizmindən kənada qalmır. Məncə şeirin şeiri, düşüncənin düşüncəni anlaşılmazlığa sürükləməsi də budur. Belədrisə, “anlaşılmaz” dediyimiz şeirlər nə qapalı, nə anlamsız, nə də kütləvi olmayan şeirlərdir. Anlaşılmaz şeir, yazılamayan şeirdir, bir də dediyimiz kimi, yazılmış kimi görünən, amma müəyyən bir şeir nizamında yer almayan, ənənələrdən kənarda duran, gələcəyə yönəlməmiş, yalnız ozanı maraqlandıran hər şeir anlaşılmazdır.

Çox şeirdən zəhərlənərək ölən şair

Həyatı boyu ölüm düşüncəsi Edip Cansevərdən əl çəkmədi. Yaradıcılığının və həyatının hər dövründə ölüm gözlərinin qabağında dayanmışdı. Əslində bu, onun ölüm səddini aşmaq səyləri idi. Ölənədək o səddi keçə bilmədi.

Ölümündən sonra Camal Sürəyya Edip Cansevərə bu şeiri yazır:

Yeşil ipek gömleğinin yakası
Büyük zamana düşer.
Her şeyin fazlası zararlıdır ya,
Fazla şiirden öldü Edip Cansever.


Müəllif: Mənsur Rəğbətoğlu