“Pandemiya kimi problemlər bir ölkənin çərçivəsində qala bilməz. İstər-istəməz həmin çərçivədən çıxacaq, bunun qarşısını almaq mümkün deyil. Xüsusən də təkbaşına. Sən sərhədlərini tamamilə bağlaya bilməzsən ki, o gəlsin, bu gəlməsin”.
Politoloq Azər Qasımlı belə düşünür.
Onunla müsahibəni təqdim edirik:
- Koronavirus pandemiyası dünyada hansı dəyişikliklərə yol aça bilər, mövcud reallığı dəyişəcəyi ilə bağlı irəli sürülən fərziyyələr nə qədər məntiqlidir?
- Bu proses, ilk növbədə, texnologiyanın inkişafına yön verəcək. Hər ölkə bu sahənin inkişafına xüsusi diqqət ayıracaq və dijital dünya daha da güclənəcək. Məsələn, kağız pulları kartlar əvəz edə bilər. Bunun bizim ölkədə də tətbiq olunması mümkündür. İranda kağız pullardan istifadənin kəskin şəkildə azaldılması ilə bağlı müzakirələr gedir. Hətta dövriyyədən çıxarmaq təklifləri var. Yəni dijital dünya öz sərhədlərini daha da genişləndirəcək və güclənəcək. Artıq real həyatımızı dijital dünyaya daşımalı olacağıq. Bununla bağlı texnologiyalar da ciddi şəkildə inkişaf edəcək.
İkinci amil səhiyyə ilə bağlı olacaq. Hər bir ölkə pandemiyadan sonra öz səhiyyə sistemində dəyişikliklər etməli olacaq. Əlbəttə bu, hər ölkənin bacara biləcəyi bir iş də deyil. Bu, ümumdünya səviyyəsində ola biləcək bir işdir, bu sahədə də ciddi dəyişikliklərin olacağını gözləyirəm. Pandemiya hər bir ölkənin səhiyyə sisteminə ciddi təsir göstərəcək və hər kəs də bu sistemi yeniləməyə məcbur olacaq. Bu da yeni bir səhiyyə sisteminin yaranması deməkdir.
Məsələnin ikinci və mübahisəli bir tərəfi də var. İndi bu sual olunur ki, bundan sonra dünya qloballaşmağa doğru gedəcəkmi, ya getməlidirmi, yaxud ölkələr özlərinə qapanmalıdırmı? Yəni postpandemiya dönəmində ölkələr arasında inteqrasiya gedəcək, yoxsa buna əks proses? İndiki halda ölkələr beynəlxalq sistemin əsas subyeki olduqlarını göstərirlər. İndi nə qədər desələr ki, qloballaşma dövründə dövlət institutları öz funksionallığını itiriblər, transmilli korporasiyalar, beynəlxalq təşkilatlar önə keçib, bu, inandırıcı olmayacaq. Amma real vəziyyət onu göstərdi ki, bunun əksi baş verib, dövlətlər beynəlxalq sistemin əsas subyektidir.
Hazırda Avropa İttifaqı daxilində gedən proseslər bununla bağlı suallar yaradır. Məsələn, Avropa İttifaqı pandemiya dönəmində İtaliyaya yardım edə bilmədi. İndi İtaliya Avropa İttifaqında qalmalıdırmı? Bəs bunu görən digər üzv ölkələr hansı qərarları qəbul etsinlər: ittifaqda qalsınlar, yoxsa getsinlər? Əlbəttə, indiki məqamda bu kimi suallara cavab vermək çətindir.
- Yəni bu gün ölkələr arasında gedən inteqrasiya prosesi postkoronavirus dövründə başa çata bilər?
- Bütün bunlara baxmayaraq, mən yenə də inteqrasiyanın tərəfdarıyam. Qənaətimə görə, dünya koronavirusdan sonra da inteqrasiya yolunu tutacaq. Bu, obyektiv yoldur, alternativi yoxdur, alternativi mənfidir. Yəni söhbət tərəqqi və ya inkişafdan gedirsə, buna inteqrasiya ilə nail olmaq olar. Düşünürəm ki, bundan sonrakı dövrdə də dünya yenidən qloballaşma yolunu tutacaq. Çünki bu kimi problemləri təkbaşına həll etmək mümkün deyil. Əgər problemləri bir yerdə həll etmək imkanı varsa, bunun institutları və ya rıçaqları yaradılıbsa, irəlidə bundan istifadə etmək daha asan və daha leqaldır. Nəinki hər ölkə öz içinə qapanacaq, öz bildiyini edəcək, bildiklərini başqa ölkələrlə paylaşmayacaq və sair.
Pandemiya kimi problemlər bir ölkənin çərçivəsində qala bilməz. İstər-istəməz bu çərçivədən çıxacaq, bunun qarşısını almaq mümkün deyil. Xüsusən də təkbaşına. Sən sərhədlərini tamamilə bağlaya bilməzsən ki, o gəlsin, bu gəlməsin. Bu, qeyri-mümkündür. Sən sadəcə olaraq öz tədbirlərini görməlisən. Buna görə də düşünürəm ki, bundan sonrakı dövrdə də dünya inteqrasiya yolunu tutacaq. Amma bu gün inteqrasiya skeptikləri həddən artıq çoxdur. Tanınmış ictimai-siyasi xadimlər də bununla bağlı fikirlər söyləyirlər. Onlar deyirlər ki, bundan sonra inteqrasiya olmayacaq, qloballaşmanın qarşısı alındı, artıq millətçilik baş qaldıracaq, liberalizmin sonu gəldi və sair. Bunun tam əksini düşünürəm. Əksinə, pandemiya insanlara göstərdi ki, dünya bir olmalıdır, qloballaşma öz sərhədlərini daha da genişləndirməlidir, daha yeni texnologiyalardan istifadə olunmalıdır. Ən əsası da dünya bunu bacarmalıdır.
Çünki hansısa bir ölkədə bir problem yaranırsa, bu ölkə geridə qalırsa, yeni texnologiyaları yoxdursa, daha güclü ölkə öz texnologiyalarını bu ölkə ilə paylaşmırsa, nəticə etibarilə bunun o ölkəyə mənfi təsirləri olacaq. Düşünürəm ki, dünya buna yer verməyəcək və irəlidə inteqrasiya yolunu tutacaq.
- Pandemiyaya qədər bir sıra regional münaqişələr vardı – Koreya yarımadası, Şərqi Avropa, Yaxın Şərq, Cənubi Qafqaz və digər bölgələrdəki müharibə ocaqlarını nəzərdə tuturam - qlobal miqyasda baş verənlər bu böhranların həllinə hansı təsirləri göstərə bilər?
- Pandemiyanın bu münaqişələrin həll prosesinə təsir edəcəyini və ya bunu sürətləndirəcəyini düşünmürəm. Məsələn, Suriyada müxtəlif ölkələrin maraqları var. Koronavirusa baxmayaraq, bu maraqlar dəyişmir. Bir-iki aya pandemiya başa çatdıqdan sonra yenidən hər şey öz axarına qayıdacaq. Dövlətlərin maraqları dəyişmir, olduğu kimi qalır. Buna görə də istər Suriya, istərsə də digər münaqişələr olsun, olduqları kimi qalacaq, proseslər də eyni şəkildə davam edəcək. Eyni zamanda da, Dağlıq Qarabağ münaqişəsi. Pandemiya bu münaqişəyə necə təsir edə bilər? Dünya siyasətində fərqli bir proseslər baş verməlidir ki, bu təsirlər özünü göstərsin.
Onu deyim ki, hər şey bundan sonra gedəcək inteqrasiya prosesinin sürətindən və keyfiyyətindən asılı olacaq. Bu, bir-iki ilə həll olunan məsələ deyil. Məsələn, bizim bölgədə Rusiya kimi bir ölkə var və onun burada maraqları mövcuddudur. Bu nöqteyi-nəzərdən Dağlıq Qarabağ münaqişəsini həll etmək çətindir. Yəni mümkün deyil ki, bir koronavirusa görə ölkələr öz maraqlarını dəyişsin. Bunlar tədricən həll olunan məsələlərdir ki, bu da dünya siyasətində gedən proseslərdən asılı olacaq, bir pandemiyadan yox.
- Koronavirusun süni yolla yayılması, yaxud böyük güclər tərəfindən hazırlanmış bioloji silah olması haqda irəli sürülən iddialar haqda fikriniz nədir?
- Bu haqda dəqiq fikir söyləmək çətindir. Amma bu hansı ağlın məhsuludur ki, virusun bu şəkildə olacağını, bu şəkildə yayılacağını, medianın bu formada təqdim edəcəyini əvvəlcədən planlaşdırıb? Əgər bu belədirsə, demək, çox məhsuldar bir beynin düşüncəsidir. Yəni bunu belə planlaşdırmaq və həyata keçirmək asan bir şey deyil. Əsas sual da budur ki, bu, kimə maraqlı ola bilər? Kim bundan qazanır? Demək olar, aşağı-yuxarı bütün ölkələr bundan itirib. Bununla belə, az itkisi olan və pandemiyadan sonra daha çox qazana biləcək ölkələr də var.
- Onlar hansı ölkələrdir?
- Mənə görə, bu nöqteyi-nəzərdən qazana bilən yeganə ölkə Çindir. Burada ABŞ-ın adını çəkənlər də var, amma mən belə düşünmürəm. Mənə görə, bu prosesdə Çin daha çox qazandı. Məsələyə soyuqqanlı yanaşsaq, deyə bilərəm ki, koronaviorus Çində demoqrafik problem yaratmayacaq. Əksinə, Avropadan fərqli olaraq, Çin əhalisinin sayı müqayisəedilməz səviyyədə çoxdur. Bu baxımdan, mən Çində koronavirusa təqdim edildiyi qədər çox az insanın yoluxduğu və həyatını itirdiyinə inanmıram, rəqəmləri bilərəkdən azaldıblar. Bir milyard yarımlıq Çində cəmi 80-90 min insanın koronavirusa yoluxduğuna inanmıram. Yəni koronavirusa görə Çinin demoqrafik baxımdan problemi yoxdur.
İkinci bir məsələ də var, bu da iqtisadi amillə bağldır. Düzdür, bu dövrdə Çin iqtisadiyyatı müəyyən qədər gerilədi, amma indi bu ölkədə pandemiyanın dayanmağa doğru getdiyini elan edirlər. Yəni artıq Çin bundan qazanmağa başlayıb. Artıq Çin öz mallarının, xüsusən də tibbi məhsullarının başqa ölkələrə satışını bərpa edib. Xüsusi avadanlıqlar var ki, bunları bütün dünyaya məhz Çin satır. Məsələn, indi adi bir maskanın qiyməti 30 qəpiyədirsə, Çin indi bunu başqa ölkələrə 10 dollardan satmağa başlayıb və bu məhsulun gündəlik istehsalını da dəfələrlə artırıb. Təkcə gündə dünyaya 150 milyon adi maska satmağa başlayıb.
Əlbəttə maska satışı adi bir şeydir, daha baha qiymətə olan avadanlıqlar və ləvazimatlar var. Digər yandan, Çinin daha böyük qazanclar əldə etdiyi iqtisadi sektorları da mövcuddur. Bundan başqa, koronavirusa görə bir çox şirkət Çin bazarından çıxdı. Həmin şirkətləri də Çinin özü aldı, bu da bir qazancdır. Artıq Çin bir çox istehsalatı özü həyata keçirəcək.
Başqa sözlə, indi koronavirusda maraqları olan ölkə kimi Çin görünür. Bunda nə ABŞ, nə Avropa İttifaqı, nə Yaponiya, nə də Asiyanın başqa bir ölkəsinin maraqlı olduğu hiss olunur. Çin isə başqa cür görünür. Amma Çinin bunu belə edə bilərdimi ki, planı belə qursun: bunu öz daxilindən dünyaya yaysın? Yəni belə bir plan vardısa, bunu Çində yox, başqa bir ölkədə həyata keçirə bilərdilər. Bunu bilmirəm, amma onu düşünürəm ki, bundan daha çox qazanan Çindir. Ümumilikdə isə bunun bir sui-qəsd nəzəriyyəsi olduğuna inanmıram.