İşsiz vətəndaşların qeydiyyata alınması prosesi davam edir. Vətəndaşların yardım alması üçün rəsmiləşdirilmə aparılmalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bugünkü brifinqdə deyib:
"190 manat kiçik məbləğ kimi görünə bilər. Bu pul evdə oturaraq heç nə etməmək, zəruri ehtiyacları ödəmək üçün nəzərdə tutulur. Karantin müddəti uzadıldığı təqdirdə, növbəti ayda da vətəndaşlara bu müavinət veriləcək.
İşsiz adamlara 190 manat yardım edilir, eyni zamanda onların ali təhsil alan övladlarının təhsil haqqı da ödəniləcək. 90 min işsizi dövlət işə cəlb edib, onlara 300 manat veriləcək. 1500 şəhid ailəsinə mənzil, 400 nəfərə isə avtomobil veriləcək.
Hazırda əhalinin həyatının yüngülləşdirilməsi üçün 150 milyon manat ayrılıb. Eyni zamanda, pensiyaların artırılması məsələsi gündəmdədir. 7 min köçkün ailəsinə mənzil veriləcək. Sosial yardım imkansız ailələrə ödəniləcək. Sadəcə qeydiyyata düşüb, statuslarını rəsmiləşdirmək lazımdır ".