Azərbaycanın təcrübəsi dünyaya bir daha nümayiş etdirir ki, eyni vaxtda həm koronavirusun yayılmasının qarşısının alınması istiqamətində, həm də ölkədə sosial-iqtisadi durumun akiv şəkildə saxlanılmasına xidmət edən addımlar atmaq və böyük nəticələr almaq mümkündür. Nümunə üçün Azərbaycanın koronavirusa qarşı birbaşa həyata keçirdiyi tədbirlər nəticəsində bu gün ölkəmizdə virusun yayılma zənciri demək olar ki, qırılıb.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev koronavirus pandemiyası dövründə Azərbaycanda görülən işlər barədə danışarkən deyib. O hesab edir ki, xaricdən Azərbaycana virusun ixrac imkanları demək olar ki, bir təhlükə kimi aradan qalxıb:
"Ölkə daxilində də insanların bir-birini yoluxdurması halının təsiri imkanları minimuma endirilib. Buna görə də Azərbaycan dünya ölkələri ilə müqayisədə çox əlverişli vəziyyətdədir. Eyni vaxtda müəyyən sosial-iqtisadi tədbirlər də ardıcıl şəkildə həyata keçirilir. Heç bir sosial proqram və layihə ixtisar edilməyib. Əhalinin aztəminatlı hissəsinə yardım və dəstəyin verilməsi davam etdirilir. Sahibkarların iş qabiliyyətinin və fəal iqtisadi potensialının itirilməməsi üçün lazım olan işlər görülür. Aztəminatlı əhaliyə dövlət tərəfindən verilən yardımlar artırılır".
Ekspert bildirib ki, prezident tərəfindən 600 mindən artıq insana yardım üçün göstəriş verilməsi Azərbaycanda xalqın rifahının yaxşılaşdırılması və aşağı düşməməsi üçün atılan addımların bariz nümunəsidir: "Eyni vaxtda əhalinin aztəminatlı təbəqələrinin, şəhid ailələrinin, məcburi köçkünlərin mənzillə təmin olunması kimi tədbirlər görülür. Əhalinin kommunal xərclərinin ödənilməsi üçün mövcud imkanlar yaxşılaşdırılır, güzəştlər artırılır. Koronavirusla mübarizə şəraitində dövlətin əhalinin sosial rifahının yaxşılaşdırılması üçün lazımi tədbirlərin həyata keçirdiyini gördük".