27 Aprel 2020 15:00
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin ünvanına vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

Teleqraf.com həmin məktubların bir neçəsini təqdim edir:

Qubadlı rayonundan məcburi köçkün, Abşeron rayon sakini Gözəl Abdullayeva yazır ki, dünyanı cənginə alan pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr belə aciz qalıb:

"Bəzi ölkələrdə vəziyyətə biganə yanaşıldığı halda, Sizin uzaqgörən siyasətiniz və göstərişləriniz nəticəsində Azərbaycanda pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb, dövlətimiz bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Cənab Prezident, bir vətəndaş kimi xalqa göstərdiyiniz yüksək qayğıya görə Sizə minnətdaram. İnanıram ki, xalqımız, eləcə də bütün bəşəriyyət bu bəladan tezliklə xilas olacaqdır. Bu çətin günlərdə Siz xalqımıza dayaqsınız, xalqımız isə daim Sizinlədir. Bir hərbçi ailəsinin üzvü, bir şəhid bacısı olaraq Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun. Sizinlə qürur duyuruq".

Xızı rayonu sakini Şükufə Talıbova isə bildirir ki, Xızı rayonunun Baxışlı kəndində 52 il kitabxanaçı kimi çalışmış ağbirçək ana kimi Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Ramazan ayının başlanması münasibətilə ailəsi və kənd sakinləri adından təbrik edir:

"Dünyanı cənginə alan, həmçinin ölkəmizə də təsir göstərən gözəgörünməz düşmənin məhv edilməsi üçün yorulmadan, müdrikcəsinə atdığınız addımlar xalqımızın sağlamlığının qorunması, rifahımızın yüksəldilməsi üçün göstərdiyiniz şücaətinizə heyranıq. İnanırıq ki, Sizin rəhbərliyiniz, Mehriban xanımın yaxından köməyi ilə bu düşmənə də qalib gələcəyik.
Cənab Prezident, həqiqətən, biz birlikdə güclüyük"!

Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta məktəbin şagirdləri adından yazan Zərifə Cəfərzadənin minnətdarlıq məktubunda qeyd edilir ki, bu gün bütün dünyanı lərzəyə salan koronavirus pandemiyası şagirdlərin də normal yaşayışına öz təsirini göstərir:

"Hazırda dünyanın ən inkişaf etmiş dövlətləri bu virusun pəncəsində çabalayır. Amma çox sevindirici haldır ki, vətənimiz Azərbaycan bu pandemiyadan ən az zərər görən dövlətlər sırasındadır.

Cənab Prezident, bu, məhz Sizin gördüyünüz qabaqlayıcı tədbirlərin nəticəsidir. Siz öz işinizlə bir daha sübut etdiniz ki, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Biz hazırda dərslərimizi onlayn şəkildə davam etdiririk.

Cənab Prezident, biz şagirdlər qürur hissi ilə deyirik, nə yaxşı ki, Azərbaycan vətəndaşıyıq, nə xoş ki, Sizin kimi Prezidentimiz var. Ağcabədi rayonunun şagirdləri olaraq Vətənimizə layiqli övladlar olacağımıza söz veririk".

Qusar rayon ağsaqqalları adından yazan Vahid Mehdixanov isə vurğulayır ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən qüdrətli dövlətləri sırasına yüksəlib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb:

"Siz ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirərək müdrik rəhbər kimi Azərbaycan xalqının bu çətin günlərdə də sağlam və xoşbəxt yaşaması üçün çalışırsınız. Dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün bütün zəruri tədbirləri həyata keçirirsiniz.

Virusun yayılmasının qarşısının alınması, ahıl insanların sağlamlığının qorunması məqsədilə yaşı 65-dən yuxarı vətəndaşların evdə qalması, sosial xidmət işçiləri vasitəsilə onlar üçün xidmətlərin təşkili, ehtiyacı olan şəxslərə yardımların göstərilməsi, işsiz vətəndaşlar üçün müavinətlərin təyin edilməsi, haqqı ödənilən ictimai iş yerlərinin yaradılması, yeni xəstəxanaların tikilməsi və səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, sahibkarlara dəstək verilməsi və digər tədbirlər "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" fikrinizin əyani təsdiqidir. Siz bu çətin günlərdə ölkəmiz üçün vacib sahələrin inkişafdan qalmamasına maksimum şəkildə nail oldunuz.

Biz qusarlılar əminik ki, tezliklə bu ağır günlərdən də qalib çıxacağıq. Allah Sizə kömək olsun. Ulu Tanrı Sizi qorusun".

Şəki rayon sakini Xanlar Ağabəyov isə yazır ki, dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizə təsirini azaltmaq məqsədilə ölkə başçısının həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir:

"Hazırda bütün dünya ilə həmrəyliyimizi ifadə edən layihələrin bir çox inkişaf etmiş ölkələrdə də bəyənilməsi və təkrarlanması çox qürurvericidir. Həmçinin ölkədə əhalinin bütün təbəqələrini diqqətdə saxlamağınız Sizə olan inam və etibarı ikiqat artırır.

Bütün bu diqqət və qayğınıza görə ailəmiz adından Sizə minnətdarlığımızı bildiririk. Sizə, Mehriban xanıma və övladlarınıza cansağlığı və uğurlar arzulayırıq".

Paytaxt sakini Günay Məmmədova isə bildirir ki, Azərbaycanda koronavirus pandemiyası yayılan andan indiyədək Prezident İlham Əliyev ölkəmizi, millətimizi mümkün olacaq itkilərdən və iqtisadiyyatımızı ziyanlardan maksimum şəkildə qoruya bildi:

"Tapşırıqlarınız əsasında hökumət tərəfindən görülmüş tədbirləri müsbət qiymətləndirərək, Sizə, ailə üzvlərinizə və bütün dövlət strukturlarına minnətdarlığımı və sonsuz təşəkkürlərimi bildirirəm. Karantin zamanında bizə edilmiş maddi yardımlara görə bütün sahibkarlar adından xüsusi minnətdarlığımı çatdırıram. Bu yardımlar hazırkı dövrdə neçə-neçə ailənin maddi sıxıntısını minimuma endirdi. Bütün bu işlər vətəndaşlara diqqətinizin və insanların sağlamlığını hər şeydən üstün tutmağınızın, xalqımızla həmrəy olmağınızın bariz nümunələridir.

Allahdan bütün arzularınızın çin olmasını və xalqımıza etdiyiniz yaxşılıqların əvəzini almağınızı diləyirəm. Ulu Tanrı Sizi, yaxınlarınızı və bütün xalqımızı qorusun".

Bərdə rayonu sakini və məcburi köçkün Vasif Ağayev minnətdarlıq məktubunda Azərbaycan Prezidentinə qəlbdən gələn səmimi sözlərini yazır:

"Azərbaycan xalqının sağlamlığı üçün atdığınız bütün önəmli addımlar, eləcə də uzaqgörənliyiniz Sizin dahi dövlət rəhbəri olduğunuzu bir daha sübut etdi.

Vurğulamaq istəyirəm ki, koronavirus pandemiyası kimi heç bir xəstəlik bizim xalqımızı sarsıda bilməz. Çünki başımızın üstündə dalğalanan üçrəngli bayrağımız, ölkəmizin rəhbərliyində isə Sizin kimi müdrik Prezidentimiz, Mehriban xanım kimi Birinci vitse-prezidentimiz var. Xalqımıza göstərdiyiniz maddi və mənəvi dəstək birliyimizə stimul verir.

Minnətdarıq Sizə, cənab Prezident! Allah Sizi və ailənizi qorusun. Ucalardan uca Prezidentimizə eşq olsun"!

Yardımlı rayonu sakini Əflatun Sadıqov vurğulayır ki, onu bu məktubu yazmağa vadar edən səbəb bu ağır sınaq dövründə keçirdiyi qürur və iftixar hissidir:

"Bu ali hissləri bizə və hər bir Azərbaycan vətəndaşına yaşadan Sizsiniz.

Hər çıxışınız, hər sözünüz, əməli addımlarınız, təmkin və qürurunuz bu günlərdə bizə ruh verdi, yaşamaq istəyimizi və mübarizə əzmimizi artırdı. Nə yaxşı ki, Ulu Tanrı Sizi bizə bəxş etmişdir.

Bizi bu çətin sınaqdan ancaq Heydər Əliyev məktəbi keçmiş bir insan çıxara bilərdi. Hər şeyə görə Sizə təşəkkür edirəm, cənab Prezident! Min yaşayın! Biz daim Sizinləyik. Ulu Tanrı Sizi, ailə üzvlərinizi və Sizi sevənləri qorusun.

Məktubumu böyük türk şairi Mehmet Akif Ersoyun Sizi xatırladan sözləri ilə bitirmək istəyirəm:

"Sahibsiz olan bir məmləkətin batması haqdır,
Sən sahib olarsansa, bu Vətən batmayacaqdır!"

Oğuz rayonu sakini Vasif Umarovun məktubunda isə deyilir:

"Möhtərəm cənab Prezident. Bu günlərdə ölüm kabusunun insanların aldığı hər nəfəsdə dolaşarkən xalqla birlikdə olduğunuza, COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə minnətdarıq. İnanırıq ki, ölkəmiz tezliklə bu bəladan xilas olacaq və həyatımız öz əvvəlki axarına düşəcəkdir.

Çox hörmətli Prezidentimiz, biz fermerlər Sizin yürütdüyünüz siyasətinizi dəstəkləyirik. Çünki Siz dediyiniz kimi, "Biz birlikdə güclüyük!". Tanrı Sizi qorusun".

Samux rayonu Sərkar kəndinin ziyalıları yazır ki, planetimizin gözlə görünməyən bəla ilə üzləşdiyi bir vaxtda Azərbaycan Prezidentinin xalqımıza əvəzolunmaz dəstəyi, apardığı misilsiz işlər dövlətimizin bu sınaqdan minimum itki ilə çıxacağına zəmin yaradır:

"Xalqımıza və bütün dünyada yaşayan azərbaycanlılara verdiyiniz dəyərə görə Sərkar kəndinin ziyalıları adından Sizə minnətdarlığımızı bildiririk. Doğrudan da bu çətin günlərdə biz birlikdə güclüyük. Ulu Tanrı Sizi qorusun".

Samuxun İnstitut qəsəbəsinin ziyalıları isə qeyd edir ki, bütün dünyanı cənginə alan koronavirus pandemiyasının sürətlə yayıldığı bir vaxtda Azərbaycanda məhz ölkə başçısının uzaqgörən siyasəti, qabaqlayıcı tədbirləri sayəsində bu virusun genişlənməsinin qarşısı alındı:

"Sizin məhz Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini hər şeydən üstün tutmağınız, bu istiqamətdə vaxtında qəbul etdiyiniz qərarlar sayəsində xalqımız bu bəladan qurtulmaqdadır. Özünütəcrid dövründə verdiyiniz hər bir qərar, imzaladığınız hər bir sərəncam ilə sadə Azərbaycan vətəndaşlarının yanında olduğunuzu, əsil rəhbər, lider kimi cəmiyyətin hər bir üzvünü düşündüyünüzü, onun qayğısına qaldığınızı sübut etdiniz. Belə ki, aztəminatlı ailələrə birdəfəlik müavinətin verilməsi, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi, elektrik enerjisinə tələbatın artdığı bir dövrdə güzəştli limitin artırılması, kommunal ödənişlərə edilən güzəştlər, kənd təsərrüfatı ilə məşğul olanlara güzəştli subsidiyaların ayrılması, habelə koronavirus xəstələrinin müalicəsinin dövlət hesabına aparılması Prezidentimizə, dövlətimizə güvənimizi artırdı.

Cənab Prezident, biz – Samux ziyalıları da Sizin çağırışlarınıza səs verir, bütün qaydalara riayət etməklə, milli birlik, milli həmrəylik göstərməklə tezliklə bu bəladan tamamilə qurtulacağımıza əminik".

Zərdab rayonu sakini Şəfəq Səfəliyeva isə vurğulayır:

"Cənab Prezident. Ölkəmizdə əhalinin bütün təbəqələrinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Sizin qeyd etdiyiniz kimi, dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır.

Bu gün yeni növ koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ tədbirlər Sizin vətəndaşlara verdiyiniz dəyərin parlaq ifadəsidir. Bu çətin şəraitdə Azərbaycan xalqına həm maddi, həm də mənəvi dəstək olduğunuza görə Sizə minnətdarıq".

Bakı Ali Neft Məktəbinin rəhbərliyi və professor-müəllim heyəti, həmçinin tələbələri adından yazan Zöhrab Süleyman isə bildirir ki, dünyanı cənginə almış koronavirus pandemiyasının ən inkişaf etmiş ölkələri belə viran qoyması fonunda Azərbaycandakı vəziyyət bizi sevindirir:

"Apardığınız məqsədyönlü siyasət və görülən qabaqlayıcı tədbirlər dünya ölkələri üçün nümunədir.

Biz gənclər Sizin bütün addımlarınızı dəstəkləyir, daim yanınızda olduğumuzu bildiririk. Sizin sayənizdə ölkəmiz bu xəstəliyə tezliklə qalib gələcək və yeni inkişaf yoluna qədəm qoyacaqdır.

Bakı Ali Neft Məktəbinin rəhbərliyi və professor-müəllim heyəti, həmçinin tələbələri adından Sizə təşəkkürümüzü bildiririk".

Bakı şəhəri, Tahir Hacıyev adına 252 nömrəli məktəbin bütün şagirdləri adından yazan Ziyad Ağayevin minnətdarlıq məktubunda isə qeyd edilir:

"Cənab Prezident. Mən bir Azərbaycan gənci olaraq Sizin yürütdüyünüz siyasəti bəyənir və dəstəkləyirəm.

Təəssüf ki, 2020-ci ildə dünyamız, onun bir parçası olan doğma Vətənimiz böyük bəla ilə üzləşdi. Lakin əminəm ki, apardığınız müdrik siyasət sayəsində biz bu bəladan xilas olacağıq.

Mən Sizi ailəmin bir üzvü kimi çox sevirəm. Allah Sizə və Birinci vitse-prezidentimiz Mehriban xanıma cansağlığı versin. Allah Sizi qorusun.

Tahir Hacıyev adına 252 nömrəli məktəbin bütün şagirdləri adından Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Biz birlikdə güclüyük"!

Şəki şəhəri sakini Günay Qurbanova isə bildirir ki, bütün dünyanın koronavirus pandemiyası ilə üz-üzə qaldığı bir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə atılan bütün addımları bəyənir:

"İnfeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən bütün işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Cənab Prezident, Siz təhlükəni hiss etdiyiniz andan xalqın yanındasınız. Həyata keçirdiyiniz tədbirlər, əhaliyə göstərilən dəstək, yardımlar bir daha sübut edir ki, Siz həqiqətən də əsil azərbaycanlısınız. Qısa zaman kəsiyində tikilən xəstəxanalar, spirt və maska istehsalı müəssisələri göstərir ki, Siz xalqımıza xidmət edirsiniz.

Möhtərəm Prezidentimiz, bu məsuliyyətli və şərəfli işinizdə Sizə uğurlar arzu edirik. Allah Sizi və ailənizi qorusun".

Paytaxt sakini Əli Babayev isə vurğulayır ki, dünyamızı bürüyən COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən qabaqlayıcı tədbirlərə görə bir vətəndaş olaraq ölkə başçısına dərin təşəkkürünü bildirir:

"Azərbaycan dünyanın nəhəng ölkələrinin qarşısında aciz qaldığı virusun yayılmasını qabaqcadan gördüyü tədbirlərlə əngəllərdi. Son günlər virusdan sağalan xəstələrin sayının yoluxanların sayını üstələməsi bunu deməyə əsas verir.

Cənab Prezident, Azərbaycan vətəndaşının sağlamlığı naminə gördüyünüz qətiyyətli tədbirlərə görə Sizə minnətdarlığımı bildirir, məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Allah Sizi bizim başımızın üzərindən əksik etməsin. Biz birlikdə güclüyük".

Digər bir paytaxt sakini Püstəxanım Tağızadə isə vurğulayır ki, pandemiya ilə mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə çox vacib qabaqlayıcı tədbirlər görüldü və görülməkdə davam edir:

"Biz hər zaman şahidi olmuşuq ki, çətin vəziyyətlərdə dövlət öz vətəndaşının yanındadır. Ümumiyyətlə, ölkəmizdə, sözün əsl mənasında, vətəndaş-dövlət etimadı mövcuddur. Biz Koronavirusla Mübarizəyə Dəstək Fondunun nümunəsində bunun bir daha şahidi olduq.

Bundan əlavə, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkən sahibkarları unutmayaraq, dövlət onlara öz maliyyə dəstəyini göstərdi. Siz sahibkarlara çağırışlar etdiniz, dediniz ki, işçiləri ixtisar etməsinlər. Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Həmin çağırışları oxuyanda bir daha əmin oldum ki, Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır və hər birimiz üçün nə qədər narahatlıq keçirir. Əlbəttə, bu, sevginin, qayğının, mərhəmətin bariz nümunəsidir. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən siyasətin, xalq-dövlət, dövlət-xalq birliyinin və həmrəyliyinin bariz nümunəsi məhz budur.

Qeyd etməliyəm ki, Azərbaycan dövləti təkcə çətin günlərdə deyil, bütün dövrlərdə öz siyasətini insan amili üzərində qurub. Hər şey xalq üçündür, hər şey vətəndaşların rifahı, qayğısız, xoşbəxt gələcəyi üçündür.

Göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm".

Zərdab rayonu sakini Vəfa Bayramova isə yazır:

"Möhtərəm cənab Prezident. Hər zaman olduğu kimi, bu çətin günlərdə də Sizin Vətənimiz, xalqımız üçün gördüyünüz işlər bizi çox sevindirir.

Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün atdığınız qətiyyətli addımları bütün xalqımız çox böyük minnətdarlıqla qarşılayır.

Vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində gördüyün işlərə görə Sizə ürəkdən minnətdarıq. İnanırıq ki, həm xalqımız, həm də bəşəriyyət tezliklə bu bəladan xilas olacaqdır.

Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük".

Sabirabad rayonu sakini, məcburi köçkün Səbinə İsmayılovanın minnətdarlıq məktubunda qeyd edilir ki, dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl və məqsədyönlü tədbirlər məcburi köçkün kimi onu çox qürurlandırır:

"Sizin çox uzaqgörən və qətiyyətli qərarlarınız bizi dünyanın inkişaf etmiş ölkələrinin üzləşdiyi acı taledən xilas etdi.

Azərbaycanın koronavirus pandemiyasından ən az zərər çəkən ölkələr arasında ilk yerlərdə olması məhz Sizin qabaqlayıcı tədbirlərinizin sayəsindədir. Sizin "Biz birlikdə güclüyük!" çağırışınız qəlbimizdə xalq-rəhbər vəhdətinin sarsılmazlığına bir daha əminlik yaratdı. Azərbaycan xalqı Sizin və Mehriban xanımın simasında övladını təhlükədən qoruyan, ona sevgi və məhəbbətlə yanaşan bir ata qayğısı, bir ana şəfqəti duydu.

Hörmətli cənab Prezident, biz əminik ki, yürütdüyünüz düzgün siyasət, verdiyiniz doğru qərarlar, atdığınız qətiyyətli addımlar sayəsində ölkəmizdə bu pandemiyanın kökü kəsiləcək və Sizin rəhbərliyinizlə yenə də işıqlı günlər yaşayacaq, parlaq nailiyyətlər əldə edəcəyik".

Mingəçevir Dövlət Universitetinin tələbə-gəncləri adından yazan Elmira Hüseynli qeyd edir ki, bu məktubu yazamağı özünə borc bilib:

"Bütün dünyanı bürümüş koronavirusla mübarizə sahəsində atdığınız qətiyyətli addımlar Azərbaycan vətəndaşlarına verdiyiniz önəmi bir daha sübut etdi. Sizin sayənizdə doğma Azərbaycanımız bu sahədə də dünyada nümunə olmağı bacardı. Biz tələbələr karantin rejiminin tələblərinə riayət edərək evdə qalsaq da, distant təhsil almağa, müəllimlərimizdən öyrənməyə, dövlətimizə, xalqımıza və Prezidentimizə layiq mütəxəssis kimi yetişməyə çalışırıq. Çıxışlarınızda birliyə və həmrəyliyə çağırış etməyiniz biz tələbələri çox sevindirir. Hər birimiz inanırıq ki, Sizin sayənizdə tezliklə bu çətin günlər bitəcək. Biz Sizinlə və Mehriban xanımla qürur duyuruq.

Şanslıyıq ki, Sizin kimi müdrik Prezidentimiz var. Xoşbəxtik ki, Sizin kimi Liderimiz var. Biz tələbə-gənclərin işıqlı gələcəyinin təmin olunmasına xidmət edən şərəfli və məsuliyyətli fəaliyyətinizdə daim Sizinləyik".

Qobustan rayonu sakini Rəşad Xəlilzadə isə qeyd edir ki, hər zaman olduğu kimi, indiki çətin vəziyyətdə də xalqımızın yanında olduğu üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirir:

"Siz daim xalqımızın qayğısına qalırsınız. Şükürlər olsun ki, Sizin uzaqgörənliyiniz nəticəsində Azərbaycanda vəziyyət dünyanın bir çox ölkələrinə nisbətən çox yaxşıdır. Mən və mənim kimi gənclər Sizin uğurlu siyasətinizi daim dəstəkləyir, "İlham Əliyevlə irəli" şüarı altında birləşirlər.

Cənab Prezident, Sizə ailəmin, qohumlarımın adından dərin minnətdarlığımızı bildiririk.

Siz var olduğunuz qədər, biz də varıq. Yaşasın, Prezidentimiz İlham Əliyev! Allah Sizə uzun ömür, cansağlığı versin, Sizi xalqımıza çox görməsin".

Balakən rayonu sakini Yaşar Məmmədov isə vurğulayır ki, ölkə başçısının yüksək dünyagörüşü, sağlam düşüncəsi, ciddi nəzəri və praktiki təhlil qabiliyyəti, böyük siyasi təcrübəsi, dərin təfəkkürünə əsaslanan qərarları, xalqımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində atdığı addımlar, qabaqlayıcı və təxirəsalınmaz tədbirlər artıq öz nəticəsini verməkdədir:

"Ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vəziyyətdən minimum ziyanlarla çıxmağımızı, son dövrlərdə ölkəmizdə zəruri tibbi vasitələr, avadanlıq və ləvazimatlar ilə təminatın yaxşılaşdırılması, ən müasir tələblərə cavab verən səhiyyə ocaqlarının istifadəyə verilməsi, xaricdə çalışan həkimlərimizin, tibb üzrə alimlərin ölkəmizdə gedən proseslərə cəlb edilmələri, xalqın rifahı naminə göstərdiyiniz diqqət və qayğı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Cənab Prezident, əmin ola bilərsiniz ki, "Biz birlikdə güclüyük!" çağırışınızı balakənlilər də yaşam amalına çeviriblər. Bundan sonra da əlimizdən gələni əsirgəməyəcək, müstəqil, güclü Azərbaycan dövlətinin və xalqının etibarlı və firavan gələcəyinə, sosial rifahına hesablanmış uzaqgörən siyasətinizi daim dəstəkləyəcəyik. Ulu Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə daim Sizi və ailənizi qorusun".

Samux rayonu sakinləri adından yazan Bəsti Mahmudova isə bildirir:

"Hörmətli cənab Prezident. Bütün dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizi təhdid etməsi qaçılmaz bir hal idi. Lakin Sizin gərgin əməyiniz, xalqa, millətə qayğınız nəticəsində bu bəlanı minimum itkilərlə dəf etməyə yaxınıq. Dünyanın qabaqcıl ölkələrində minlərlə insan itkisinə səbəb olan virusa qarşı mübarizədə biz Sizin siyasi xəttiniz ətrafında sıx birləşərək, apardığınız uğurlu mübarizənin iştirakçılarıyıq.

Məktəblərin bağlandığı bir vaxtda biz müəllimlər təhsilin distant şəkildə təşkili üçün əlimizdən gələni əsirgəmir, virusa qarşı mübarizədə Sizə dəstək olmağa çalışırıq.

Bizi bu cür qayğı ilə əhatə etdiyiniz üçün rayonumuzdakı 1 saylı məktəb-liseyin pedaqoji heyəti adından Sizə dərin təşəkkürümüzü bildiririk".

Professor Tahirə Allahyarovanın minnətdarlıq məktubunda isə qeyd edilir ki, COVID-19 pandemiyası qəfil meydana çıxması ilə dünya düzənində xaos vəziyyəti yaradıb, dövlət idarəçiliyini, siyasi liderləri çətin sınaqla üz-üzə qoyub:

"Sizin rəhbərliyinizlə Azərbaycanda son bir neçə ayda qəbul edilən qərarlar dövlətimizin bu bəlaya qarşı mübarizədə bir addım öndə olmasını təmin etdi. Siz "Milli birlik və həmrəylik", "Biz birlikdə güclüyük!" çağırışlarınızla xalqımızın malik olduğu ən ülvi dəyərlərini səfərbər etdiniz. Azərbaycanlılar bugünkü yardımlaşma və paylaşma ilə dünyanın ən gözəl xalqı olduğunu bir daha dərk etdilər. Azərbaycanın anti-böhran tədbirləri dünyaya örnək kimi göstərilir. Mərkəzində xalqımızın sağlamlığının və rifahının dayandığı strategiyanız hələ uzun müddət öyrəniləcək, təhlillərin mövzusu olaraq tarixə düşəcək.

Möhtərəm Prezident, pandemiyaya qarşı mübarizədə Sizin ətrafınızda sıx birliyimiz bundan sonra da bir xalq olaraq bütün təhdidlərə qarşı "milli immunitetimizi" daha da möhkəmləndirəcək. Koronavirusla mübarizənin qlobal indeksində yaxşı göstəricilərlə ön sırada dayanan Azərbaycan bayrağı Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. Güclü dövlətçiliyimiz, yüksək rifahımız naminə Sizə və əzizlərinizə, xalqımıza möhkəm cansağlığı diləyirik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər