30 May 2020 19:19
1 483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tarixçi alim, professor Solmaz Rüstəmova-Tohidinin 1918-ci ildə İrəvanın ermənilərə güzəşt edilməsi ilə bağlı məqaləsinin ikinci hissəsini təqdim edir:

Birinci hissə bu linkdə:http://teleqraf.com/news/gundem/249297.html?fbclid=IwAR0owPcSRQp2gRuPc_kJ_QXhKC2SjMVLAYq0NqQyc2XgTbH0ccOBLiLLr8U

Ölkə başçısı, cənab prezident İlham Əliyev mayin 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər qarşısındakı çıxışı zamanı Azərbaycan Xalq Cümhuriyyətindən danışarkən suallar qoyub.

Cənab Prezidentin adı gedən çıxışında qoyduğu sualları əvvəlki statusumda tarixçi mövqeyindən cavablandırmağa çalışdım. Burada isə həmin sualların məhz ölkə Prezidenti tərəfindən qoyulduğu üçün cəmiyyət tərəfindən birmənalı qarşılanmadığı faktı qarşısında cənab İlham Əliyevin Cümhuriyyət tarixinə bu günün bucağından baxışlarında irəli sürdüyü əsas postulatlara münasibətimi və bundan çıxış edərək bir sıra şəxsi mülahizələrimi bildirmək istəyirəm.

“Nə üçün?” sualları arxasında Prezident əslində öz məramını dəqiq izah edir: Tarixi bilmək! Tarixi mifologiya və şişirtməklə özümüzü aldatmamaq! Tarixdən ibrət götürmək! O hadisələr təkrarlanmasın! Müstəqilliyimiz əbədi olsun!

Düşünmürəm ki, bu postulatlarla razılaşmayan hər hansı bir tarixçi, geniş mənada, Azərbaycan vətəndaşı tapılsın.

AXC tarixində ən ağrılı məqam kimi İrəvanın güzəştə gedilməsi və 23 aylıq mövcudiyyətdən sonra Cümhuriyyətin süquta uğradılması faktları nümunəsində ölkə Prezidenti dövlətin yaradılması və təşəkkülü prosesində verilən ərazi itkiləri və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi məsələlərinə diqqət çəkir.

Şübhəsiz ki, bu günün reallıqları həmin narahatlıqlara əsas verir. Mən politoloq deyiləm və odur ki, bu nəzərdən hər hansı mühakimələr yürütmək fikrindən uzağam. Amma Prezident İlham Əliyevlə qısa tanışlığım və bu ünsiyyət zamanı şəxsi müşahidələrimdən irəli gələn bir inam hissini qoyulan məsələlər kontekstində bölüşmək istərdim.

2012-2013-cü illərdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qubada inşa edilmiş Azərbaycanlıların Soyqırımı Memorial Kompleks muzeyinin ekspozisiyası üzərində işləyirdim. Fondun bu işə cəlb olunmuş azsaylı, lakin olduqca mobil, professional və işgüzar kollektivi mənə həmin hadisələri tədqiq etmiş bir tarixçi alim kimi tam azad fəaliyyət şəraiti yaratmışdı. Əslində bu “yaradıcı azadlığı” Fondun rəhbəri Mehriban xanım Əliyeva vermişdi. Çünki bildiyim qədər, ekspozisiyanın ayrı-ayrı bölmələri üzərində işlər tamamlandıqca şəxsən Mehriban xanıma təqdim olunur və yəqin ki, təqdir edildiyindən hər hansı bir qeyd bildirilmirdi.

Lakin bir dəfə, demək olar ki, artıq asılmaq üçün hazır olan bir bölməyə Prezidentin özü tərəfindən etiraz gəldi. Söhbət “1918-ci il qırğınlarının rəhbərləri və icraçıları” ekspozisiyasında S.Şaumyan və Korqanovdan tutmuş erməni generalları və əsgərlərinədək – şəkillərinin onların cinayətlərini ifşa edən mətnlərin yanında vurulmasının məqbul sayılmadığından gedirdi.

Həmin etirazın bir cümlə ilə və olduqca sərt şəkildə ifadə edilməsi Prezidentin özünün də muzeyin tərtibatı ilə bilavasitə maraqlanması və bu həssas məsələyə (düşmənlərin şəkillərinə) kəskin şəxsi mövqe nümayiş etdirməsi ilə diqqətimi çəkdi.

2013-cü il sentyabrın 18-də Memorial Kompleksin açılışı günü cənab Prezidenti və Mehriban xanımı, digər qonaqları ekspozisiyanın müəllifi kimi mən müşayiət edirdim. Muzeyi gəzən Prezident “1918-ci il qırğınlarının rəhbərləri və icraçıları” adlı yeganə şəkilsiz, amma erməni yaraqlıların istifadə etdiyi silahlarla – tüfəng və xəncərlədən tutmuş, küt alətlər və insan kəllələrindən çıxmış mıxlara qədər – qüvvətləndirilmiş ekspozisiyanın qarşısında ayaq saxladı. Verilən məlumatları dinlədikcə gizlədə bilmədiyi ikrah və nifrətlə “Biz də bunları 70 il qəhrəman bilmişik....” kimi fikirlər söylədi.

Bu zaman onun gözlərində, səsində, daha sonra kəskin hərəkətlə dönüb aralanmasında ifadə olunan qəzəb məni bir anlıq çaşırdı. Çünki dövlət başçısı kimi hər halda bir qədər uzaqdan, rəsmi şəxs kimi qəbul etdiyimiz bu insanın hər bir azərbaycanlının düşmənə münasibətində keçirdiyi daxili hislərini bu qədər açıq və aydın büruzə verməsi mənim üçün həqiqətən gözlənilməz idi.

O zamandan bəri mən İlham Əliyevin Ermənistan prezidentləri ilə müxtəlif görüşlərini izləyərkən, onun ciddi, təmkinli, bəzən azca istehzalı baxışlarını, qarşısındakını necə diqqətli bir sükutla dinlədiyini, sonra özünün aramla, tələsmədən, sakit tərzdə danışdığını görəndə hər dəfə onun erməni işğalçılarına qarşı Qubadakı sərt reaksiyasını xatırlayıram və diplomatik görüşlərdə dövlət başçısı kimi nümayiş etdirdiyi səbrinə layiqi qiymət verirəm.

Həmin günün müşahidələri bununla bitmir. Muzeyin çıxış hissəsində sonuncu ekspozisiyanı bir qədər uzaqdan görən Prezident “O, Qafqaz İslam Ordusudur” – deyə addımlarını sürətləndirdi, bu ordunun şəkillərinə bir-bir baxdı, deyilənlərə həvəslə qulaq asdı, sonra mənə “Bu çox düzgündür ki, muzey nikbin ruhla bitir” deyə həmin tarixi hadisənin bu günün nəzərindən əhəmiyyəti, özünün ordu quruculuğuna diqqəti haqda çox maraqlı fikirlər söylədi.

Həmin fikirləri Prezident İlham Əliyev Quba ictimaiyyəti qarşısındakı çıxışında daha geniş şəkildə ifadə etdi. 45 dəqiqəlik kağızsız, hazırlıqsız, səlis dillə, inadlı tonla, improvizə xarakterli çox məzmunlu nitqində ölkə başçısı 1918-ci il hadisələri ilə bu günkü işğal faktlarını müqayisə edir, “Muzeydə dağıdılmış Şamaxının görüntüləri var, bu gün Ağdam o gündədir, Füzuli o gündədir” - deyə vurğulayır, “1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarını işğaldan azad etdiyi kimi, müasir Azərbaycan ordusu da torpaqlarımızı işğaldan azad edəcəkdir! Mən bunu sizə söz verirəm!” - inamını bildirirdi.

Bütün bunları yazmaqda məqsədim Prezidentin AXC tarixi və o dövrlə bağlı fikirlərinin oyatdığı xatirələri sadəcə bölüşmək deyil. Mən Prezidentlə bu ilk ünsiyyətimdə onun işğalçı düşmənə bir azərbaycanlının, bir Azərbaycan vətəndaşının real, bütün çılpaqlığı ilə büruzə verilən şəxsi nifrətini, bu işğalın qoyduğu daxili acısını hiss etmişəm və onun öz nifrət və acısında tam səmimi olduğuna inanıram. Bu hissiyyatı və səmimiyyətindən də çıxış edərək mən İlham Əliyevin həqiqətən Qarabağı, işğal altında olan bütün torpaqları azad etmək niyyətinə və qətiyyətinə inanıram.

Ən əvvəl bir Azərbaycan kişisi, sonra belə bir tarixi missiyanı və məsuliyyəti boynuna götürmüş bir dövlət başçısı olaraq verdiyi vədə əməl edəcəyinə inanıram. Sizin də inanmağınızı istərdim! İnanmasaq olmaz! Əks halda Prezidentin "Əlbəttə ki, Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” – sözlərinin arxasında dövlətçiliyimizin varislik ənənələrinə inanmamış olacağıq!

Rusiya imperiyasının parçalanması şəraitində, olduqca mürəkkəb bir mühitdə “quru yerdə bayraq qaldırmış” (M.Ə.Rəsulzadə) Azərbaycan Cümhuriyyəti dövrün mövcud ağır şərtləri daxilində cəmi 9, 2 kvadrat kilometr ərazi itkisi ilə çətinliklərə sinə gərdi, az müddət ərzində işğal olunmuş digər əraziləri qaytardı və 1920-ci ilin 28 aprelində məcburiyyət qarşısında öz hakimiyyətini Sovet Azərbaycanına 114 kvadrat kilometr ərazi hüdudlarında, Müstəqilliyin saxlanması şərti ilə təhvil verdi.

İkinci respublika bu dövləti həmin hüdudlar çərçivəsində və tam müstəqil şəkildə saxlaya bilmədi.

1991-ci ildə, bu dəfə SSRİ-nin dağıldığı bir şəraitdə müstəqilliyini bərpa etmiş üçüncü – müasir Azərbaycan Respublikası da öz dövlətçiliyini torpaq itkiləri verməklə əldə etdi. Amma bütün əvvəlki dövrlərlə müqayisədə daha geniş dövlətçilik və müstəqillik imkanlarına malik olan bu günkü Azərbaycan dövlətinin öz ərazilərinin artıq 20 %-ni itirməsi, əvvəllər görünməmiş sayda - yüz minlərlə qaçqın və köçkün problemi ilə üzləşməsi və bu vəziyyətin artıq 28 il davam etməsi faktı həqiqətən həyəcan doğurur.

AXC və Az.SSR-dən fərqli olaraq bir çox beynəlxalq qurumların, ilk növbədə Birləşmiş Millətlər Təşkilatının üzvü, bütün yeraltı və yerüstü sərvətlərinin yeganə sahibi, regionda ən güclü ordusu, torpaqlarının işğaldan azad edilməsini bütün varlığı ilə arzulayan və bu yolda hər çətinliyə hazır xalqının dəstəyi olan dövlətin Prezidenti bu gün AXC tarixi ilə müqayisədə “o hadisələr təkrarlanmasın... Müstəqilliyimiz əbədi olsun” kimi mesajlar verirsə, bunu müstəqilliyimizə ciddi təhlükənin yarandığı kimi qəbul etməliyikmi?

Əslində bu təhlükənin həmişə olduğu və ənənəvi olaraq haradan gəldiyi heç kəsə sirr deyil. Lakin gəlin inanaq ki, ən yaxın zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyev cəmiyyətdən böyük dəstək alaraq qarşıdakı bütün maneələri və təhlükələri dəf edəcək, xalqımızın və dövlətçiliyimizin indiki durumundan çıxmasını, işğal altında olan ərazilərimizin qaytarılmasını, millətimizin Şərəf və Ləyaqətinin bərpa olunmasını təmin edəcək.

Bununla da müasir Azərbaycan Respublikasının Azərbaycan Cümhuriyyətinin həqiqi varisi olduğu bir daha öz sübutunu tapacaq.

“Hücum!” əmrinizə müntəzirik, cənab Ali Baş Komandan! "Ümid yalnız sənədir, Azərbaycan Əsgəri!"

Cümhuriyyət ordusu qəhrəmanlarının, Yalama sərhəd batalyonunun, Gəncə və Qarabağ üsyanlarının son qanına qədər vuruşmuş igidlərinin xələfləri, müasir Azərbaycan ordusunun əsgərləri, zabitləri və generalları! Sizdən Qələbə gözləyirik və söz veririk ki, biz də tarixçi kimi öz öhdəmizə düşən vəzifəmizi layiqincə yerinə yetirəcək, sizin şanlı qəhrəmanlığınızı olduğu kimi tarixə yazacağıq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər